... Qəhrəmanın ölümündən bir həftə keçmişdi. Nərgiz otağına girib qapını arxadan kilidlədi. Yorğun idi, ayaq üstə dura bilmirdi. Hələ bir saat bundan qabaq məzarlıqda olduğuna inana bilmirdi. Uşaqlıqdan məzarlığa nifrət edərdi, amma əmisini son mənzilə yola salarkən, onunla vidalaşmaq üçün özünü qəbirstanlığa getməyə məcbur etmişdi. Çiyinləri qəribə bir ağırlıq hissi verirdi, sanki göy qübbəsini saxlayırdı. Qəlbi sıxılırdı, qara bir kədər onu qucaqlamış, buraxmırdı. Boğazına nəsə ilişmişdi, düyün kimi, amma udqunmaqla onu keçirə bilmirdi. Ayaqlarını sürüyərək gəlib kreslosunda oturdu. Başını arxaya verib, gözlərini yumdu. Ana-atası evdə yox idi, sadəcə qardaşı, o da özünü otağına kilidləmişdi. Ancaq indi heç biri Nərgizin vecinə deyildi. Onun ürəyi ağrıyırdı, orada qara bir boşluq açılmışdı sanki, əmisinin yoxluğunu qəbul edə bilmirdi. İtirdiklərini fikirləşdi, baxmayaraq ki, əmisi onun itirdiyi ilk qohumu idi. Birdən beynində onu təəccübləndirən kiçik bir işıq parıltısı ilə birlikdə daha əvvəl kimi itirdiyini, əmisinin açdığı boşluqdan da böyük bir boşluğun kimə aid olduğunun fərqinə vardı. Güc-bəla ilə ayağa qalxdı, dizləri yorğunluqdan bükülürdü, amma o rəfə doğru gedərək ona tanış olan qara qapaqlı, gümüşü hərfli kitabı götürə bildi. Kitabla birgə kreslosunda oturdu, kitabı dizlərinin üstünə qoyub açdı. Bu zaman pəncərədən uğuldayan külək vərəqləri bir-bir çevirdi. "İlk gündəki kimi",-Nərgiz gülümsədi. Vərəqləri birinci səhifəyə qaytardı, gözünü ilk cümlələrin üzərində gəzdirdi. İçinə bir istilik yayıldı, ürəyinin ətrafında olan qara kədər bu istidən əriməyə başladı, əriyən kədər gözlərinə doldu və yanaqlarından göz yaşı şəklində süzüldü.
...Qəhrəman oyanmışdı. Ona sonsuzluq qədər uzun gələn bir vaxtdan sonra dərin yuxudan günəşli bir günə ayılmış kimi hiss edirdi özünü. Ruhu ölümdən və unudulmaqdan xilas olmuş, vərəqlər arasından göyərçin qədər azad bir şəkildə yüksəlmişdi. Gördüyü ilk şey yenə o iri, qəhvəyi gözlər olmuşdu. Qızarmış və nəmli olsalar da, yenə də ilk vaxtların həvəs və həyəcanını daşıyırdılar, yenə ağıllı və gözəl görünürdülər. Bu həmişə belə olmuşdur; kitabdakı qəhrəmanlar ölərkən ucsuz-bucaqsız qaranlığa düşür, zamanın və məkanın varlığını unudurlar. Ta ki oxucusu yenidən o kitabı açıb vərəqləyənədək. Bu vaxt adları bircə-bircə oxunduqca, əsər qəhrəmanları da bir-bir məzarlarından qalxar və ruhları yenidən azadlığa qovuşar. Nərgiz də belə etmişdi; öz sevimli kitabını açmaqla bərabər ordakı ruhları azadlığa buraxmış, Qəhrəmanın adını yenidən oxumaqla ona həyat vermişdi. İndi Qəhrəmanın ruhu azadca Nərgizin ətrafında dolana bilərdi. Bir kitabın ikinci dəfə oxunması bu demək idi: personajların sevilməsi və ölümsüzlükləri!
Nərgiz elə ilk cümlələrdən kitabın sehrinə düşmüşdü. Bu köhnə dostu yenidən görmək kimi idi. Bu əsl dünyadan imtina edib, xəyali bir dünyaya addım atmaq idi. Kitabın içində olmaq ona hüzur verirdi, sanki artıq yer üzündəki heç bir canlı onu üzməyəcək, ona zərər yetirə bilməyəcəkdi. O, tam bir qoruma altında idi, o, ömür boyu özünü kitabın içində unudaraq, beləcə sehirli bir dünyada yaşaya bilərdi. Elə bir uzun kitab mövcud idimi görəsən? Heç bitməyəcək bir hekayə yazılmışdımı?
... "Hekayə kitabda bitə bilər, amma hər bir oxucu öz sevimli hekayəsini öz ürəyində yaşadır",-Qəhrəman düşünürdü. Nərgizin fikirlərini duyurdu, hisslərini başa düşürdü. "Sənin qəlbindəki bütün boşluqları doldurub, sonsuza qədər sənin yanında olacağam. Sənə bir ömür xoşbəxtliyi və həyəcanı verəcəyəm"-deyə söz verdi Qəhrəman.
Nərgiz onu eşitmiş kimi gülümsədi. "Səni bir daha tərk etməyəcəyəm, həmişəlik ağlımda və düşüncələrimdə olacaqsan",-dedi. Qarşıdakı uzun saatlar boyunca gerçək dünyanı və onun verdiyi hər cür sıxıntını tərk etdi, oxuduğu kitaba sığınaraq hadisələrin içində qeyb oldu.
İyun,2014
Nərmin Abasova
YOU ARE READING
Vərəqlər arasındakı ruh
FantasyKitabların canlı olduğuna inanmırsınız...Vərəqlər arasında bir dünyanın var olmasına inanmırsınız...İnsanların bu dünyaya səyahət edə bilməsinə inanmırsınız...Oxucuların kitab qəhrəmanlarına aşiq ola bildiyi kimi, kitab qəhrəmanlarının da oxuculara...