... Qəhrəman qərarını vermişdi, indi soyuqqanlılıqla düşmən qərargahına gedirdi: bəlkə də o qədər də soyuqqanlılıqla yox. Ürəyi dəhşətli baraban zərbələri vururdu, yeriyərkən dizləri əsirdi. Bu uzun yolda özünü toplamalı idi, düşmənin qarşısına qürurla dikilməli idi. Artıq möcüzəyə ümidi qalmamışdı, özünü qurban verməli idi, tək yol bu idi. Düşmənə qarşı oynanan şahmatda özünü bir piyada kimi (bəlkə də vəzir kimi) qurban etməli idi ki, digər piyadalar düşmən şahını mat etsinlər. Amma ölümünün nə gətirəcəyini düşünə bilmirdi; həmişəlik yox olacaqdı ya ruhu kitabdan bir kənarda gəzərək, yenə Nərgizin ətrafında varlığını sürdürəcəkdi? Nərgizi bir daha görməmək qorxusu da əvvəlki qorxularının üstünə əlavə olunaraq onu gördüyü işdən soyudurdu. Birdən qarnına bir yumruq yemiş kimi hiss etdi özünü: bayaqkı düşüncələrinin kitabda yazıldığının fərqinə vardı. Nərgizin onu bir qorxaq kimi xatırlamasını istəmirdi, bunu fikirləşdikcə xəcalət çəkirdi. Özünü daha da dik tutaraq addımlarını sürətləndirdi; nə qədər tez olsa, o qədər yaxşı idi.
Olan oldu; Qəhrəmanın şansı qalmamışdı. Vurulduqdan sonra yerə yıxıldı. Bir tərəfdən bu işin beləcə tez bitəcəyinə sevinirdi. Amma düşüncələrində Nərgiz olarkən, bu iş elə də asan olmurdu. Niyə axı yazıçı ona tez ölüm vermirdi? Yaşama müddəti uzandıqca uzanırdı, yerdə yaralı vəziyyətdə yatırdı, heç bir adam da ona fikir vermirdi. Hamı yeni gələn xəbərlə sarsılmışdı və onu yerdəcə yaralı buraxmışdılar. Hadisələrin düyün nöqtəsi açıldıqca, düşmən tərəf məhv olur, xeyir şərə qalib gəlirdi. Dostları onu tapacaqdı, yolda idilər. Ancaq Qəhrəman o qədər uzun yaşamayacaqdı. Yerdə uzanmış artıq son nəfəsini verərkən yenə Nərgizi düşündü...
... Nərgiz olanlara inana bilmirdi. Xeyir şərə qalib gəlmişdi, amma artıq onu bu o qədər də maraqlandırmırdı. Ən sevdiyi qəhrəmanı ölürdü. Son səhifəni çevirdi və kitabın vərəqinin üzərində bir damla göz yaşı gördü. Halbuki, bu göz yaşı onun deyildi: əli ilə gözlərini yoxladıqda quru olduqlarına əmin oldu. Sonra Qəhrəmanın ölüm xəbərini aldı. Gözündə canlandırdığı səhnədə ən sevimli qəhrəmanı dostları onun köməyinə gəlmədən həyatla vidalaşdı. Kitab, öz qələbələrinə sevinən dostların Qəhrəmanın ölümü ilə sarsılması ilə bitdi. "Bu haqsızlıqdır"-deyə düşündü Nərgiz. "Bu gərəkli idi, kitabın xeyirin qələbəsi ilə bitməsi üçün vacib idi"-kitabın arxasındakı epiqraf belə yazırdı. "Bunu nə adlandırırsan adlandır, mənə görə bu bir cinayətdir"-Nərgiz kitabın yazıçısını danlayırmış kimi dilləndi, sonra kitabı kənara qoyub yastığa söykəndi və ağlamağa başladı. Yarım saat boyunca durmadan ağladı. Özünə gəldikdən sonra vanna otağına gedib üz-gözünü yudu. "Əgər məni bir kitab personajına görə ağladığımı görsələr, mənə gülərlər"-deyə fikirləşdi. Gəlib kitabını örtdü. Sığallayıb cildini öpdü və bu dəfə onu qaldırıb rəfə-oxuduğu digər kitabların yanına qoydu. Etdiyi son hərəkətləri Qəhrəman duymadı...
VOCÊ ESTÁ LENDO
Vərəqlər arasındakı ruh
FantasiaKitabların canlı olduğuna inanmırsınız...Vərəqlər arasında bir dünyanın var olmasına inanmırsınız...İnsanların bu dünyaya səyahət edə bilməsinə inanmırsınız...Oxucuların kitab qəhrəmanlarına aşiq ola bildiyi kimi, kitab qəhrəmanlarının da oxuculara...