"Tanrıya inanmırsınız? Onu axtarırsınız və varlığını sübut etmək istəyirsiniz? Onda ətrafınıza baxın! Təbiətə, görə bildiyiniz, toxuna bildiyiniz, eşidə və hiss edə bildiyiniz canlı və cansız, maddi və xəyali hər şeyə baxın! Tanrı hər yerdədir! O hər yerə, hər şeyə nüfuz etmişdir! Bizim hər bir hüceyrəmizdə də Tanrıdan bir hissə vardır!"- Nərgiz uzun bir yuxudan sonra kitabdan oxuduğu bu misraları sanki aydın bir beyinlə daha yaxşı başa düşürdü. Təkcə bu da deyildi: kitabda müxtəlif cür fəlsəfi fikirlər toplanmışdı, hansı ki, Nərgiz daha əvvəl də düşünmüş və bu kitabın sayəsində daha yaxşı başa düşmüşdü. Kitabdakı fikirlərin onun düşüncələri ilə bir çıxmasına çox təəccüblənirdi. Özünü indi bu kitaba daha yaxın hiss edirdi. Bu kitab onu əks etdirirdi, özü də inanılmaz dərəcədə mükəmməl əks etdirirdi. Sanki bir ruh əkizi kimi! Əslində fəlsəfi kitab olmadığı halda, dünyanın yaranması, kainat, təbiət və insan həyatı haqqında fərqli personajların dili ilə qəribə ideyalar göstərirdi. Nərgiz sehirlənmişdi sanki, oxuyarkən həqiqi dünyadan ayrılıb kitabdakı hadisələrin tam ortasına düşürdü...
..."Kitabların iki əsas vəzifəsi olur-deyə düşünürdü Qəhrəman,- birincisi insanları əyləndirmək. Bu ən əsas vəzifədir, bunsuz insanlar kitab oxumağa həvəslənməzlər.İkincisi insanlara yeni bir şey öyrətmək. Hər iki vəzifəni eyni vaxtda daşıya bilən kitab ən yaxşı kitablar arasında yer alır. Amma üçüncü bir vəzifəyə sahib olan kitablar da olur. İnsanları əks etdirmək! Oxucunun "bax bu tamamilə mənəm" deməsini təmin etmək. İnsanların ruh əkizi olmaq. Onda kitablar oxucusunun gözündə daha dəyərli olur." İndi Qəhrəman bununla fəxr edirdi. Onun baş qəhrəmanı olduğu kitab öz ruh əkizini tapmışdı. Nərgizi tapmışdı. Oxucu, öz ruh əkizi olan kitabı tapdıqda qəribə hadisələr baş verir. Oxucu öz kitabının sahib olduğu enerjini hiss edə bilir, kitabına ürəkdən bağlanır, onun haqqında daim düşünür, hətta yatağa belə öz kitabı ilə gedir. Kitabın qəhrəmanları da öz növbələrində oxucularının- onları uzaq bir dünyadan izləyən, amma dərindən başa düşən və kitabdakı hadisələrin içinə nüfuz edə bilənlərin daxili dünyasına, ruhunun və beyninin dərinliklərinə girə bilir, hətta yuxularına da səyahət edə bilirlər. Artıq Qəhrəmanın bir sakini olduğu kitab da Nərgizin düşüncələrini məşğul etmiş, hətta onun yuxularına qədər yol almışdı. Qəhrəman bunu bilirdi, oxucusunun duyğu və düşüncələrini hiss edirdi. Ancaq onun bildiyi bir şey daha vardı: Qəhrəman öz oxucusunu sevirdi...
Nərgiz oturub öz kitabı ilə məşğul idi. Qəhrəman da xoşbəxt idi, çünki kitabın bu həyəcanlı hissəsində artıq o, öz döyüş bacarıqlarını Nərgizə göstərə biləcəkdi. Döyüşün ən qızğın yeri idi, Nərgizin gözləri tennis oyunu izləyirmişcəsinə sürətlə cümlələrin üzərində gəzinirdi. Nəfəsini tutmuşdu, yavaşlaya bilmirdi, döyüş səhnəsi onun gözlərinin önündə film kimi keçirdi. Əsərin qəhrəmanının həyəcan və həyatda qalma mübarizəsi ona həzz verirdi. Hər ikisi də belə məşğul ikən, gözlənilməz və xoşagəlməz bir şey oldu:qapı açıldı. Nərgiz fikrinin dağılması ilə birlikdə kitabdan qopdu, əvvəlcə əsəbiləşdi, ancaq sonra Nərimanın niyə gəldiyini anlayıb kitabı kreslonun qoltuğuna qoydu. Qəhrəman içində "lənət şeytana" dedi, əsərin ən qızğın yerində Nərgiz oxumağı dayandırmaqla birlikdə zamanı da dayandırmışdı. İndi o donmuş vəziyyətdə qapıdan girən uzunboylu, Nərgiz kimi sarışın və atletik yaraşıqda olan oğlana baxırdı. İçində nəyin isə alovlandığını hiss edirdi; qəzəb ya da nifrət yox, çox güman ki, qısqanclıq...
DU LIEST GERADE
Vərəqlər arasındakı ruh
FantasyKitabların canlı olduğuna inanmırsınız...Vərəqlər arasında bir dünyanın var olmasına inanmırsınız...İnsanların bu dünyaya səyahət edə bilməsinə inanmırsınız...Oxucuların kitab qəhrəmanlarına aşiq ola bildiyi kimi, kitab qəhrəmanlarının da oxuculara...