Xəyanət qoxusu - Bölüm 1

126 6 1
                                    

İblis nədir? Cümlə xəyanətlərə bais,

Ya hər kəsə xain olan insan nədir? - İblis!

Hüseyn Cavid

Buradan getdiyi cəmi bir il idi. Amma nə böyük dəyişiklik yaranmışdı. Gözəl qoyub getdiyi şəhər bir az da gözəlləşmişdi. Cəmi bir ilin içərisində onlarla bina, obyektlər artmışdı. Hələ təzə park, yaşıllıqlar...

Bu dəyişiklikləri hiss etsə də, fikri dağınıq idi. Görəsən Aytac haqqında deyilənlər doğrudur? Görəsən?...

Yox! Heç cür inanmaq istəmirdi. Aytac heç vaxt belə hərəkət edə bilməz. Axı onlar bir-birini sevirlər, işləri qaydaya salandan sonra nişanlanacaqlar. Sonra da toy edəcəklər. Anasının arzuladığı kimi - evə duvaqlı gəlin gətirəcək Aytacı. Hələ fikirləşir ki, toydan sonra imkan tapıb istirahət də götürər. Aytacaarzusunda olduğu İstanbul şəhərini gəzdirmək, oraları göstərmək üçün.

İlk dəfə universitetin qarşısından keçəndə görmüşdü onu. Dərsdən çıxan qız arxasınca gələn avaralardan narahat olub tələsik yolu keçəndə, az qalmışdı maşınla vursun onu. Onda Aytacın təşvişlə baxan qəşəng, mavi gözlərini görəndə çaşıb qalmışdı. Sonra da qızın sadəliklə üzr istəməsi onu valeh etmişdi. Hərdən elə olur ki, tanımadığımız, heç vaxt görmədiyimiz bir insana sadəcə bir kəlmədən belə vurula, heyran ola bilirik. Çox qəribədir bu həyat... O zaman Aytacın bir kəlməsinə, bir sözünə vurulmuşdu. Və bu heyranlığı tamamlayan gözəlliyinə...

Sonralar özü də bilmədən dəfələrlə yolunu buradan salmışdı. Bax beləcə başlanmışdı hər şey...

Aytacı dünyalarca sevirdi. Valideynlərini elçiliyə göndərib razılıq da almışdı. Nişan olmamışdısa da, razılıq əlaməti olaraq bir üzük taxmışdılar.

Bircə gün səsini eşitməyəndə ürəyi rahatlıq tapmırdı. Boş vaxt tapanda isə günlərini sevimli Xəzərin qumlu sahillərində keçirirdilər daha çox. Hərdən dəqiqələrlə dayanıb mavi səmaya, mavi dənizə və Aytacın dəniz kimi, səma kimi mavi gözlərinə baxırdı. O isə sadə bir şıltaqlıqla gülüb baxışını yayındırırdı. Kiminsə ona diqqətlə baxmasından sıxılırdı.

O səmimi, sadə, gözəl, mehriban baxışları unutmaq mümkün deyil. Bunları düşündükcə Aytac haqqında deyilənlərə inanmırdı. Ya da sadəcə inanmaq istəmirdi...

Çünki, getməmişdən danışıb razılığa gəlmişdilər. Onu təkmilləşdirmə kursu üçün bir illik xaricə göndərmişdilər. Aytac da gözləyəcəyini demişdi...

* * *

Qara rəngli "Mersedes" markalı avtomobil qocaman bir ağacın yanında dayandı. Həmişəki görüş yeri. Amma hələ o gəlməmişdi...

Ətrafı nəzərdən keçirib avtomobildən endi. Bura doğrudan da çox gözəl yer idi. Vaxtilə buranı görüş üçün özü bəyənib-seçmişdi. Yaz vaxtı buradakı yaşıllıq, tək ağacın yaşıllıqla vəhdəti nadir rəsm əsərlərinə olduqca bənzəyirdi. Bura gələndə həmişə nə isə daxili rahatlıq, azadlıq tapırdı elə bil. Sanki bu dünyada onlardan başqa bir kimsə yox imiş... Dəfələrlə tək də gəlmişdi bura. Yorulanda, sıxılanda, darıxanda, fərq etməz, hər halında burada dinclik tapırdı. Amma indi nədənsə bu gözəlliyə fikirli-fikirli nəzər salıb, geri qayıtdı. Hər fəsildə bir görünüş alan bu yer, fevralın sonları olmasına baxmayaraq, füsünkarlığını itirməsə də, onun könlünü açmırdı. Avtomobildə əyləşib radionu qoşdu. Türk ifaçıları Kübariyyə və Tarkanın ifasında həzin bir mahnı səslənirdi. Onların səslərini bəyənsə də, mahnı ürəyini daha da sıxdı. Radionu söndürüb, oturacağa söykəndi. Gözlərini avtomobilin tavanına dikdi. Nə düşündüsə əl telefonunu götürüb Aytacın nömrəsini yığdı. Uzun-uzadı çağırışa cavab gəlmədi. Təkrar yığdı. Beşinci çağırışdan sonra səbri tükənib, zəngi ləğv etdi. Yenidən başını arxaya söykədi...

Xəyanət qoxusu - Firuzə ÇiçəkHikayelerin yaşadığı yer. Şimdi keşfedin