Xəyanət qoxusu - Bölüm 5

30 4 0
                                    


"Prado" markalı böyük qara avtomobil hündür, naxışlı bir darvazanın qarşısında dayandı. Avtomobilin siqnalı heç səslənməmiş, darvaza taybatay açıldı.

Bura geniş bağ evi idi. Həyətində dupduru suyu olan zövqlə tikilmiş hovuz, müxtəlif dekorativ və meyvə ağacları, istirahət üçün yarımaçıq quraqlıq var idi. Göz oxşayan dizaynla ucaldılmış kürsülü, ikimərtəbəli evin qarşısında elə gözəl gül bağçası salınmışdı ki, içəri girən hər kəsi ilk öncə o cəlb edirdi. Eyni güllərdən balkona da düzülmüşdü. Hasarın küncündə isə böyük və geniş qəfəsdə ayı var idi.

Ümumiyyətlə, ev sahibinin təbiəti sevdiyini ilk baxışdan anlamaq olardı. Ağaclar, hovuzdakı qazlar, gül-çiçək və digər yığcam qəfəsdə kiçik, iki dənə sarı quş.

Gələn qonaq isə bu gözəlliyə o qədər əhəmiyyət vermədi. O, buranın daimi gəlib-gedənlərindən idi...

Yüngül idman dəsti geyinmiş orta yaşlı ev sahibi, uzandığı tor yellənçəkdən düşdü. Ağır addımlarla qonağın qarşısına çıxdı:

- Gəldin çıxdın axır ki...

Başının ortası dazlaşmış, bir qədər gödək boylu və dolu bədənli kişi ev sahibi ilə əl tutuşdu:

- Çıxmaq olur ki?

Yaradılmış təbiət guşəsinin mərkəzində kənardan baxarkəndoğranmış kötüyü xatırladan stol qoyulmuşdu. Ətrafına düzülmüş stullar da eynən, oduncaqlara bənzəyirdilər. Bunu ev sahibi xüsusi sifarişlə çox baha qiymətə hazırlatmışdı.

Onlar stol başına keçdilər. Ev sahibi evə tərəf səsləndi:

- Çay gətirin! - sonra üzünü qonağa tutdu. - Danış görüm nə məsələdir?

Qonaq cibindən çıxardığı dəmir qutudan siqaret çıxardı. Bahalı bir alışqanla alışdırıb havaya tüstü buğumu üfürdü:

- Yenə problem yaranıb.

- İlqar?!

- Nə bildin?

Ev sahibi stola dirsəkləndi. - Bilirdim ki, dinc dayanan deyil. Apilyasiyaya verib?

Qonaq başını buladı:

- Xəfiyyə tutub.

Deyəsən ev sahibi bunu gözləmirdi. Yerində dikəldi:

- Lənətə gələsən!

Qonaq nəsə fikirləşdi:

- Narahat olma, yoluna qoyarıq. Onun xəfiyyəsini tanıyıram. Cavan oğlandır. MTN-nin ehtiyatda olan zabitidir. Öyrəndim hamısını. Hər şey pulun başında deyil? Yola gətirərik onu...

Ev sahibi ağır-ağır dilləndi:

- Sən bu işin kökünə şəxsən özün get. Məsələni həll eləməyə ən zirək adamlarından göndər... Özün də öyrən gör nə qədər boyun olub İlqar ona.

- Soruşmağa ehtiyac yoxdur. - qonaq məbləğin adını çəkdi.

Amma bu dəfə ev sahibi təəccüblənmədi:

- Hələ ondan da çox verərdi. Necə prinsipial biridir, bilmirsən?

- Biz ondan da çox boyun olarıq. Amma razılaşmasa?

Qonağına baxıb ani düşündü:

- Onda bərk qorxuzarıq. Yəni, bizimlə zarafat olmaz. Lazım gəlsə...

Qonaq üz-gözünü turşutdu:

- Çox ölü, çox da problemdir. Ona nəsə olsa işə MTN qarışacaq. Bizə bu lazım deyil.

Xəyanət qoxusu - Firuzə ÇiçəkHikayelerin yaşadığı yer. Şimdi keşfedin