Xəyanət qoxusu - Bölüm 2

58 5 0
                                    


Hərdən başımıza elə hadisələr gəlir ki, elə dərslər alırıq ki, həyata baxışlarımız dəyişir. Və ya insanlara münasibətimiz. Fərq etməz, nəhayət ki, biz səhv etdiyimizi anlasaq belə...

O dəfələrlə özünə sual vermişdi: "Görəsən düz yoldayam? Bütün qadınlar eynidirmi? Onlara qarşı münasibətdə haqlıyam? Bəlkə də haqlı deyiləm. Birinin günahında beşinin nə təqsiri? Amma yox, hamısı eynidir. Yalançıdırlar. Kişilərdən istifadə edib, sonra da əlcək kimi dəyişirlər hamısı, hamısı eynidir!"

Anasının tez-tez xatırlatdığı evlənmək təkidinə baxmayaraq, çalışsa da içində nəsə ona mane olurdu. Nəsə onun nifrətini alovlandırırdı. Nəsə hər dəfə evlənmək sözü gələndə, kobudluq etməmək üçün otaqdan bəhanəylə qaçmağa vadar edirdi onu.

Bu nəsə - onun alçaldılmış, təhqir edilmiş saf sevgisi idi... İndi bu sevgi özündən on dəfə böyük olan nifrət, kin, acıq ilə paralelləşmişdi və nifrətin böyüklüyündən əriyib zərrəcə qalmışdı.

Anasının xətrinə dəyməmək üçün nə vaxta kimi bəhanə gətirəcəkdi? Onsuzda onun kələyini çoxdan başa düşüblər. Elxan ondan böyük olsaydı məmnuniyətlə onu qarşıya verib vaxt qazanardı. Amma təəssüf ki, belə deyildi. Üstəlik qardaşı hələ tələbə idi, heç bu haqda düşünmürdü. Onun da öz qəribə prinsipləri var. Təhsil, iş onun həyatının təkcə məqsədinə deyil, həm də mənasına çevrilib.

"Amma çox yaxşı qardaşım var". - Rauf fikirli gülümsündü - həmişə böyük qardaşının hörmətini saxlayır, sözündən çıxmamağa çalışır. Görəsən indi neyləyir? - saatına baxdı - Trabzon ilə buranın saat fərqinə görə, indi dərsdən gəlmiş olar".

Birdən-birə qardaşı ilə danışmaq, səsini eşitmək düşdü könlünə. Telefonu götürüb Elxanın nömrəsini tapdı. Yığdı. Elə həmin an da Elxanın şən səsini eşitdi:

- Salam. Ürəyə bax e, elə əlimdə sənin nömrəni yığırdım.

- Salam, kişi! - Rauf həmişəki kimi qardaşını zarafatla salamladı. - Necəsən?

- Şükür, salamatçılıqdı. Evdə nə var, nə yox? Atagil necədir?

- Salamları var, yaxşıdırlar, narahat olma. Sənin dərslərin necədir? Yorulmursan ki?

Elxan yüngülcə öskürdü. Amma sinəsi çox bərk xırıldadı.

- Yox əşi, nə yormaq. Əksinə enerji alıram. Anam yanındadı?

Rauf ciddiləşdi:

- Niyə öskürürsən?

- Boş şeydi. Anama ver.

- Boş şeydi deyirsən? Özünü niyə qorumursan? Orda yanında ailən yoxdu. Sənə bir şey olsa... Bizi də fikirləş, vaxtın olanda...Özünə yazığın gəlmir, heç olmasa anama yazığın gəlsin.

Elxan böyük qardaşını sakitcə dinləyib, güldü:

- Şişirtmə, qorxulu heç nə yoxdur. Heç dəyişməmisən, həmişəki kimi bir nöqtəni böyüdüb dağ eləyirsən. Həm də sən deməsən bilməz heç. Soyuq su içmişdim, bir az boğazım ağrayır.

Rauf deyindi:

- Yadında saxla, böyük şeylər də bir vaxtlar kiçik olub.... Özün də hələ həkim olmaq istəyirsən. Əvvəl özündən başla! - Elxanın dinmədiyini görüb söhbəti dəyişdi. - Nəysə, düzələn deyilsən. Hm, anam evdədi, yanımda deyil. Neynirdin ki?

- Heç, elə-belə səsini eşitmək istədim. Evə zəng eləyərəm. Sən hardasan?

- Zalda.

Xəyanət qoxusu - Firuzə ÇiçəkHikayelerin yaşadığı yer. Şimdi keşfedin