Xəyanət qoxusu - Bölüm 10

41 5 0
                                    


Sinfə qayıdanda rəngi dəyişmişdi. Əvvəlcə maraqlı görünən hadisələr indi ona da sirayət etmişdi. Başa düşürdü ki, bu oyun deyil. Hər şey ola bilər, özü də bir halda ki, müəllimi zəng edib onu xüsusilə xəbərdar edib. Buna baxmayaraq, yenə də ararxayınlıq var idi ürəyində. İnanırdı ki, ona heç nə olmaz. Nədən idi bu arxayınlıq, əminlik?! Amma güclü, arxalı sayırdı özünü...

- Maya, yaxşısan? - Əfsanə pıçıldadı.

- Hə. Nolub ki?

- Qəribə göründün. Kim idi zəng vuran?

- Heç... - dünən baş verənləri ondan da gizlətmişdi. - müəllim idi, tapşırıq verirdi.

Əfsanə gülümsədi:

- Telefonla?

- Hə, nədir ki?

- Sən də yadında saxladın?!...

Maya narazılıqla üz-gözünü turşutdu:

- Elə tapşırıq yox, hazırlığa gəlməyim haqqında tapşırıq. Qarışdırdın.

- Nə deyirəm ki? - Əfsanə mızıldandı - Allah başacan versin! - xısın-xısın güldü.

- Allahım, bu qız məni dəli edəcək. Sən canım, bəsdi.

Əfsanə incidi:

- Nə dedim ki?

Maya qeyri-iradi kobudluqla üzünü ondan döndərib, sol qoluna dirsəkləndi:

- Heç nə, heç nə. Bəsdir!

Əfsanə təəssüflə başını buladı:

- Nç, nç, səni tanıya bilmirəm. Əvvəllər belə deyildin...

Əfsanə rəfiqəsinin gözündəki yaşı görsəydi, bəlkə də belə deməzdi...

Dərs qurtarmışdı artıq. Oxuduqları illər ərzində həmişə məktəbə birlikdə gedib-gələrdilər. Hərdən olurdu, uşaq vaxtı bir-birinə forslanıb yolu ayrı gedirdilər. Maya çox dəcəl uşaq olmuşdu. Elə indi də bu şıltaqlığın, dəcəlliyin əlamətləri qalmışdı davranışında... Ona görə də Əfsanənin uşaqlıqda küsməyinə haqq vermək olardı. Amma son illər belə şeylər təkrarlanmırdı. Həm də böyümüşdülər axı. Amma bugünkü kobudluğu qəbuletmək istəmirdi Əfsanə. Ona görə də, axırıncı dərs qurtaran kimi, rəfiqəsini gözləmədən çantasını yığıb, sinifdən çıxdı. Mayaüzr istəməyə fürsət belə tapmadı. Gərginlik azmış kimi, qanı tamam qaraldı. Əfsanəni olduqca çox istəyirdi. Həmişə düşünürdü ki, bəlkə heç doğma bacım olsa, bu qədər istəməzdim...

Ağır-ağır çantasını yığıb sinifdən çıxdı. Dəhlizdən keçəndə güzgüyə baxdı. Baxdı, amma elə yazıq-yazıq baxdı ki, qəfil onu dəli bir gülmək tutdu. Özünü hardansa yadına düşən gülməli bir film qəhrəmanına bənzətdi.

İnsan xarakterləri... Olduqca müxtəlif, rəngarəng, anlaşılmazdır.Hərdən özünü heç anlaya bilmirdi. Yəni mən doğurdan psixopatam? Başqaları kefi olmayanda, əhvalı pozulanda qəmlənir, ağlayır. O isə əksinə gülmək, şadlanmaq, oynamaq, dəlilik etmək istəyirdi. Bəlkə də qüssədən, qəmdən alınan daxili bir qisas idi, nə idi, anlaya bilmirdi.

Özünü qaydaya salıb, qapıya tərəf getdi. Birdən müəllimin tapşırığını xatırlayıb, telefonu çıxardı. İstədi ki, zəng edib çıxdığını xəbər versin. Amma nə düşündüsə, zəng etmədən cibinə qoydu. Həmişə nəyəsə əhəmiyyət verməyəndə etdiyi kimi, yenə çiyinlərini atıb, yola çıxdı.

Xəyanət qoxusu - Firuzə ÇiçəkHikayelerin yaşadığı yer. Şimdi keşfedin