Xəyanət qoxusu - Bölüm 3

39 6 0
                                    


Yığcam, kvadratşəkilli otağın içərisində ağ və mavi rənglərin vəhdəti yaranmışdı. Bu onun ən sevimli rəngləri idi.

Otağın bir küncündə naxışlı geniş çarpağı, digər küncündə kitab rəfi, yanında yığcam bir kamod var idi. Kitab rəfinin digər tərəfində paltar şkafı qoyulmuşdu. Çarpayının ayaq tərəfində isə yazı stolu vardı. Bir kiçik dolab da çarpayının yanında idi.

Maya qapını açıb tələsik dolabına tərəf qaçdı. Balaca açarla dolabın kilidini açdı, gündəliyini çıxardı. Çarpayının üstündə bardaş qurub, gündəliyi səhifələdi...

5 mart 2011

"Hə, əziz gündəliyim! Mənim balaca dostum. Bu gün çox maraqlı gün oldu... Yeni müəllimlə görüşə nəhayət ki, getdik. Sən demə Müzəffər dayının oğlu Teymuru da o hazırlaşdırıbmış fizikadan. Teymur sualların hamısına doğru cavab yazmışdı. Amma mən nə I qrupa, nə də IV qrupa hazırlaşıram. Attestat imtahanında cavabları yazım, bəsimdir. Hə, onu deyirdim. Müzəffər dayı da bizimlə getdi.

Əslində müəllimi belə cavan təsəvvür etmirdim. Mənə elə gəldi ki, təxminən 26-27 yaşı olar. Əvvəlcə qardaşım yaşda göründü. Amma hamı deyir ki, qardaşım yaşından böyük görünür. Hə, nə isə. Amma çox qəribə adamdır. Onun kimi insanları görəndə elə bilirəm ki, onlar gülməyi bacarmırlar. Ümumiyyətlə, ömürlərində gülməyiblər. Həm də kobud insana oxşayır. Özü də sualı verirəm, tam cavab vermir. Elə əsəbləşirəm onda. Ən acığım gələn bir şeydir. Guya 650 baldan çox yığıbmış imtahanda. Ay inandım ha! Çox da ki,fizikanı yaxşı bilir, əgər o qədər bal toplamış olsaydı, niyə idman müəllimliyi edirdi ki? Bildiyim qədər idman müəllimliyinə cəmi 50 bal lazımdır. 50-yə 650 demək? Daha bu qədər də yox da. Soruşdumki, "niyə işləmirsiniz?"? Pərtliyindən bilmədi nə desin. Dedi, "bəs bu iş deyil?"

Daha dərinə getmədim, yoxsa yalanını açardım. Nəysə, mənə fizika lazımdır, öyrətsin, vəssalam. Özü də nədəsə səhv edəndə mənimlə kobud danışsa özümə cavabdeh deyiləm. Həmişə öz haqqımı tələb edirəm, insanlara hörmət edirəm, həmişə də hörmət gözləyirəm. Xətrimə dəyəni də cavabsız qoymuram. Bəziləri deyir ki, "diri uşaqdır". Amma atam başqa cür deyir:

"Qızım zəmanə uşağıdır, belə zamandan baş çıxarmaq üçün avamlıq lazım deyil." Hə, deyəsən çox uzağa getdim... Filosofluğa başladım yenə.

Bu gün çox gözəl hava var. Fəsillərin şahı yaz özünü göstərməyə başlayıb. Gedim mən də bir az dincəlim. Hələlik istəkli kitabçam !"

Kitabçanı dolaba qoyub, qapısını açarla bağladı.

- Maya! - qapının ağzında dayanıb qızını süzən ana gülümsədi. - Orda nə gizlədirsən elə?

- Heç nə...

- Məni aldadırsan?

Maya onun üzündən öpüb, gülə-gülə otaqdan çıxdı:

- Əhəmiyyətli bir şey deyil.

Deyəsən İradə xanım əl çəkmək fikrində deyildi:

- Maya, sən niyə mənə açılışmırsan? - qızının ardınca mətbəxə keçdi.

Maya təəccüblə döndü:

- Açılışmıram? Necə yəni?

- Mənimlə heç bir sirrin-sözün yoxdur.

Mayanı gülmək tutdu. O, anasının söhbəti nəyə gətirib çıxaracağına əmin idi. Amma İradə xanım qızının ağıllı olduğunu nəzərdən qaçırırdı...

Xəyanət qoxusu - Firuzə ÇiçəkHikayelerin yaşadığı yer. Şimdi keşfedin