1994. Yanvar
Küçədə qar yağıb ətrafı ağappaq örtüyə bürümüşdü. Çılpaq ağacların budaqlarında qar özünə yer etmişdi. Ətrafda ağdan başqa rəng gözə dəymirdi. Çöldə insanı qılınc kimi kəsən soyuq olmasına baxmayaraq Leylan ağlayıb həyətdə gəzib qarla oynamaq istəmişdi. Amma Süsən onun soyuqlayacağından qorxub icazə verməmişdi. Qızının incik baxan gözləri qarşısında Süsənin də gözləri dolmuşdu. Bu təkcə qızının inciməsinə görə deyildi. Bu gün qızının onun əlindən alınan gün idi.
Rasim yerində dayana bilmir, balaca otaqda o yan-bu yana hərəkət edirdi. Tez-tez pəncərədən baxır, qayınatasının gəldiyini görməyib əsəblə pərdəni çəkirdi.
-Harda qaldı axı sənin bu atan?- Sanki hər şeyin tək günahkarı Süsən imiş kimi üzünə nifrətlə baxdı. Süsən isə boğazında düyünlənən qəhəri güclə boğurdu. Hönkür-hönkür ağlamaq istəyir, amma bunu etsə, Rasimin qəzəbinə tuş gələcəyini bilib özünü tox tutmaq üçün çox əmək sərf edirdi.
-Harda var, gələr.
-Birdən bu yetimçəni bizim üstümüzə atmaq istəyər ha! Bax sənə deyirəm, mən ona baxan deyiləm. Yetimxanaya...
-Atam gələcəyini deyibsə, gələcək,- əlindən heç nə gəlməyən Süsən özünü günahkar saymağa belə xəcalət çəkirdi. Qızının gözlərinə baxmağa qorxurdu. O gözlərdən necə qopacaqdı axı. Hələ o balaca əlləri ilə Süsənin boynuna sarılıb onu öpəndə dünyalar sanki Süsənin olurdu. İndi düşünəndə ki, bir daha o balaca əlləri tuta bilməyəcək ürəyi sıxıldı.
Bir neçə ay öncə etdiyi səhv gəlib gözlərinin önündə durdu. Rasim bir müddət Süsənlə yaxşı davranır, onu incitmirdi. Süsən isə ondakı bu dəyişikliyi gördüyü üçün dünyanın ən xoşbəxt qadını zənn edirdi özünü. Hətta Rasim qızına qarşı da dəyişmişdi. Bir dəfə Leylan Rasim divanda oturub kinoya baxanda onun qucağına dırmaşmağa cəhd etmiş və Rasim ilk dəfə buna əsəbiləşməmişdi. Hətta Leylana qucağına çıxmağa kömək etmişdi. Bu anı gözləri ilə görən Süsən göz yaşlarını saxlaya bilməmişdi. Həmin gün Süsən evdə ancaq gülümsəyərək gəzmişdi. Özünü o qədər xoşbəxt hesab edirdi ki, Rasimi sevməyə başladığını belə düşünürdü. Belə davam edən bir neçə gündən sonra Rasim Süsənə evi onun adına keçirmək lazım olduğunu dedi. Süsən buna etiraz etsə , Rasimin yenidən əvvəlki insan olacağından qorxduğu üçün ona qarşı çıxmadı. Lazım olan bütün sənədlərə qol çəkərək evi Rasimin adına keçirdi və həyatının böyük səhvini buraxdı. Rasimin dəyişdiyinə inanan Süsən ev Rasimin adına keçəndən sonra onun əvvəlki insan olduğunu görüb ümidsizliyə qapılmağa başladı. Özünə qarğışlar yağdırıb ağlayırdı.
Süsən xəyallarda ikən qapı zərblə döyünməyə başladı.
-Aha. Gəldi deyəsən,- Rasimin üzündəki məmnun təbəssüm Süsənə ikrah hissi doğurdu. Bir ata öz övladına qarşı necə belə laqeyd, hətta nifrət dolu ola bilərdi axı? Süsən bunu heç cürə başa düşə bilmirdi.
-Nəhayət ki, gəldin,- qapını açar-açmaz qayınatasının nifrət dolu baxışlarına tuş gələn Rasim dedi. Əslində kimin onun haqqında nə düşünməsi vecinə deyildi. Özü öz hərəkətlərindən razı idisə (o heç vaxt öz hərəkətlərindən narazı olmazdı), deməli məsələ bitmiş hesab olunurdu.
-Gətir uşağı,- hələ də qapıda dayanan Niyazi kişi üzünü əsəblə turşutdu. Kürəkəninin üzünü belə görmək istəmirdi. Qızını belə bir insana ərə verdiyi üçün özünü hər gün qınayırdı. Niyazi bu vəziyyətə necə düşdüyünü düşünüb özünü qarğıyırdı. Gərək o vaxt qızı ona düşmən kəsilmiş olsaydı da, onu bu cür bir insana ərə verməyəydi.
![](https://img.wattpad.com/cover/375650107-288-k712571.jpg)
ŞİMDİ OKUDUĞUN
Gecikmiş gələcək
Roman d'amourLeylan doğulduğu andan qız olduğu üçün atası tərəfindən istənilmədi. Nənə və babası tərəfindən böyüdülən qız illər sonra onların ölümü ilə yenidən ata evinə dönmək məcburiyyətində qaldı. *** -Həsrət, amma babat qızlar var ha. Bir ora bax?- deyərək...