5-ci hissə

5 1 0
                                    

2017. 4 Yanvar. MİLANA

Səhər Həsrət Milanadan öncə durmuşdu. Ona səhər yeməyi hazırlayıb yatdığı otağa gəldi. Milana hələ mışıl-mışıl yatırdı. Onun adını özündən necə öyrənəcəyini götür-qoy edib bir qərara gələ bilmirdi. Milananı seyr edərkən o, asta-asta gözlərini açıb ətrafa baxdı. Həsrətin ona baxdığını görüb yerində dikəldi.

-Sabahın xeyir,- deyib Həsrətin adını düşünməyə başladı,- Sən , deyəsən, mənə adını deməmisən, dayı. Dayı deyə bilərəm?

-Əlbəttə, deyə bilərsən. Mənim adım Həsrətdir.

-Doğrudan,- Milana yerindən sevinclə qalxıb Həsrətə yaxınlaşdı,- Əvvəl mən anamla yaşayanda o mənə demişdi ki, atamın adı Həsrətdir. İkinizin də adı eynidir,- uşaq sevinclə danışdıqca Həsrət təbəssümlə ona baxırdı. Bu təsadüf onun da üzündə təbəssüm yaratmışdı,- Bəs sən demişdin ki, sənin də uşağın olub amma ölüb. Onun adı nə idi?- Milananın sözü Həsrətin üzünə kölgə saldı. Yenə həmin günü xatırlayırdı. Leylanı tək başına tərk edib getdiyi o gün. Həmçinin övladını da tərk etmişdi,- Nə oldu, Həsrət dayı?

-Heç nə, gözəl qız. Onu xatırladım. Təəssüf ki, ona ad qoya bilməmişdim. Amma qoysaydım, Milana qoyardım.

-A mənim adımı!- Milana sevinclə qışqırıb həqiqəti ağzından qaçıran kimi ağzını tutaraq günahkar nəzərlərlə Həsrətə baxdı,- Mən qorxmuşdum, dayı. Ona görə adımı deyə bilmədim. Mələk dedim,- gözlərinin dolduğunu görən kimi Həsrət ona yaxınlaşdı.

-Axı mən sənə demişdim ki, bu gözəl gözlərə ağlamaq yaraşmır. Silək bu gözlərin yaşını,- deyib Milananın gözlərini sildi,-Mən məgər sənə əsəbiləşdim ki, sən ağlayırsan? Gəl gedək mətbəxə. Sənə səhər yeməyi hazırlamışam. Yəqin, acsan,- Milana başı ilə təsdiq edəndə Həsrət onun əlindən tutub mətbəxə apardı. Süfrədə olan dadlı təamlar Milananı təəccübləndirmişdi.

-Mən heç belə çoxlu yemək görməmişəm,- Heyrətlə Həsrətə baxdı. İkisi də masa arxasına keçib yemək yeməyə başladılar. Həsrət daha çox Milananın yeməsinə tamaşa edirdi. Uşağı geri qaytarmağa məcbur idi. Bunu düşünəndə ürəyi sıxıldı. Amma ilk öncə bu haqda Milanaya deməli idi.

-Milana, qızım,- Milananın gözləri Həsrətin dediyi "qızım" sözüylə parıldadı. Üzündə təbəssüm yarandı. Həsrət bunun fərqinə vardı. Sözünün arxasını çətinliklə dilə gətirdi,- Bilirsən də, mən səni burada həmişə saxlaya bilmərəm. Əslində, istəməzdim belə bir şey olmasını, amma elə bilərlər ki, səni qaçırmışam,- Milana kədərli şəkildə Həsrətə baxdı.

-Məni geri aparacaqsan?

-Bunu etməyə məcburam, Milana,- deyib masadan qalxıb Milananın qarşısında dizləri üstə çöküb əllərini tutdu,-Amma məndən inciməyini istəmirəm. Mən sənin yanına səni görməyə də gələcəm.

-Bəs nə vaxt aparacaqsan?

-İstəsən, bu gün səni başqa Şaxta babanın olduğu şənliyə aparım. Bəlkə, məktubunu Şaxta babaya vermək istəyərsən. Sonra səninlə bir az vaxt keçirək. Sabah səni aparım. Olar elə?

-Olar,- Bu dəfə gülümsədi,- Kaş mənim atam sən olaydın,- Həsrətin boynuna sarılıb yanağından öpdü.

-Kaş sən də mənim qızım olaydın..
Milana yeməyini yedikdən sonra Həsrət əvvəlcə onu alış-veriş etmək üçün dükana gətirdi. Ona qəşəng paltarlar aldıqca Milananın üzündəki sevincli ifadə Həsrətin üzündə hüznlü təbəssüm yaratdı. Milanaya olan bu bağlılığına bir ad verə bilmirdi. Qınayan olmasa, Milanadan ayrılacağı üçün uşaq kimi ağlayardı. Dükandan çıxandan sonra qarşısından keçdikləri dükanların birində Milana "çəhrayı pantera" oyuncağına baxırdı. Həsrət onun baxışlarını sezmişdi.

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Oct 13 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Gecikmiş gələcək Hikayelerin yaşadığı yer. Şimdi keşfedin