"Yaralı qonaq"
·
2008-ci il, payız ayları.
Pəncərədən özünə cığır açaraq aşağı doğru süzülən damlaları izləyirdi gənc qız. Əlini hərəkət edən damlanın üstünə qoydu və onun yolunu təqib etdi. Gecə saat 1:32-ni göstərirdi, amma qızın yatmaq kimi bir düşüncəsi yox idi. Daha doğrusu, fikirləri yatmağa izin vermirdi.
Qonaq otağı qaranlıq idi. Sadəcə darvazadan həyəti işıqlandırmaq üçün yanan işıq qaranlığı yararaq otağa az da olsa işıq salırdı. Qızın mavi gözləri həyətdə gəzindi. Həyətdəki ağacın üzərində tək-tük yarpaqlar qalmışdı. Həm güclü külək əsirdi, həm də şiddətli olmasa da yağış yağırdı. Birdən həyətə düşən bir qaraltı diqqətini çəkdi. Bədənində qanın donduğunu hiss etdi. Bir neçə saniyə sonra qapının döyülməsiylə diksindi yerindən.
-Kimdir?-dedi, ehtiyatla qapıya yaxınlaşaraq. Heç bir cavab gəlmədi. Yenidən soruşdu.
-Kimdir?- Qulağını qapıya dirədi, bəlkə səs gələr deyə.
-Qapını açın.Qapının ardından gələn bu xırıltılı səs qaşlarının çatılmağına səbəb oldu. Şiddətli ürək döyüntüsü və titrək əlləriylə açdı qapını. Və sonra hər şey saniyələr ərzində baş verdi; qapının ardındakı yaralı adam huşunu itirərək onun qolları arasına yıxıldı...
-
12 Oktyabr 2018