"Kilidlənmiş qorxular"
-
Ətrafda hakim olan soyuğun məkrli bir düşmən kimi bədənimə dolduğunu hiss edirdim. Qısa zamanda bütün bədənimi əsir alan soyuqla gözlərimi bağladım. Əllərimi qolumun üstündə hərəkət etdirərək bir az isinməyə çalışdım. Sağa-sola göz gəzdirdim, amma qaranlıqda bir ins-cins görünmürdü. Bir addım atanda ayağımın altında qalan budağın qırılma səsi qulağıma doldu. Dərindən nəfəs aldım. Bədənimi bürüyən soyuğu indi yolunu azmış qorxu müşayiət edirdi.
Kimisə çağırmaq üçün ağzımı açmışdım ki, kimi səsləyəcəyimi bilmədiyimdən yalandan öskürdüm. Bəlkə biri eşidərdi? Səsim gecənin qaranlığında udulanda heç kim bir cavab vermədi. Bir addım daha irəli atdım.
-Ata?
Cavab yoxdur.
Bir az da irəli addımladım. Məndən uzaqda kiminsə ayaq səslərini eşidəndə diqqət kəsildim.
-Kim var? - deyə qışqırdım, bir yandan da səs gələn tərəfə irəliləyirdim. Gözümə sataşan bədənlə olduğum yerdə qaldım. Bu o idi.
Qarşısında kimsə vardı və onunla danışırdı. Sinəsində duran ələ göz gəzdirdim. Kiməsə gülürdü...
-E-Edil?
Ona tərəf addımladım. Gözlərini mənə çevirəndə üzündəki heyrət açıq-aydın oxunurdu.
-Qorxdum,-dedim ona doğru addımlayaraq. Nəhayət, rahatlamağım səbəbiylə yaranan gülüşüm qarşısındakı qızın mənə çönməyiylə üzümdə donub qaldı.
Bu mən idim.
Yenidən bir addım geri getdim.
Bir addım daha...
Bir addım daha...
Bir addım daha...
Mən geri getdikcə onlar irəli gəlirdilər. Qorxu zehnimi, bədənimi, bütün ruhumu ələ keçirməmişdən əvvəl ona qalib gəlməyə çalışırdım.
Amma olmurdu.
Onun qalib gəldiyini hiss edirdim.
Qaçdım...Ordan uzaqlaşdım. Onlar da qaçdılar. Mən uzaqlaşdıqca yaxınlaşdılar.
İnsanın seçimləri onun taleyidir.
Tək bir seçim. Və bu sənin bütün həyatını dəyişir.
Tək bir seçim. Başqalarının da həyatını dəyişir.
Ondan sonra nə qədər qaçırsan qaç, o seçim, o yazı hər zaman səni izləyir, sənin ardınca qaçır.
Nə qədər qaçdığımı bilmirəm. Amma dayanmadım. Mən dayanmadıqca onlar da dayanmadı. Ciyərlərimin partlayacağından qorxurdum, amma bu qorxu o birini üstələyə bilmirdi.
Nə qədər yaxında olduqlarını görmək üçün arxama baxdım. Bu anda toqquşduğum biriylə səndələyərək arxası üstə yerə yıxıldım. Ümidlə baxışlarımı toqquşduğum adama çevirəndə yerimdə buz kəsildim.
Kiçik bir qız idi. Geyindiyi dizinin üstünə çatan bəyaz donun ətəyi qırmızı qana boyanmışdı. Əlində bıçaq vardı. Qanlı bir bıçaq.
Onu tanıyırdım.
Bu Kiçik Nilufər idi.
Mənim uşaqlığım.
Yaxınlaşan ayaq səsləri qulağıma dolanda o ikisini gördüm. Uzaqdan, lap uzaqdan adımı səsləyirdilər. Bir ümid kimsə vardır deyə ətrafa göz gəzdirdim. Heç kim yox idi.