I Hissə; Bölüm 3

127 13 12
                                    

"Atəşkəs"

-

Düşüncələrim sanki iki hissəyə ayrılmışdı; bir tərəfi onun kim olduğunu, başına nələr gəldiyini soruşmaq istəyir, digər tərəfi isə pis bir şey olacağı fikrinə qapılaraq heç nə ilə maraqlanmamaq, sadəcə onun buradan getməyini istəyirdi.

Başımı dikəltdi. Gözlərimi qarşımdakı adama zilləyib arxama yaslandım. Edil güldü, buna cavab olaraq isə qaşlarımı düyünlədim.

-Bax,-dedi iki əlini bir-birinə birləşdirib oturduğu yerdə azacıq qabağa əyilərək,-səni çox yaxşı başa düşürəm. Qorxursan, nəsə olacağını düşünürsən və daha çox - bəlkə də özün də bunu qəbul etmək istəmirsən- amma daha çox hamının bir şeylər bilib də sənə heç kimin heç nə deməməyi qürurunu incidir.

Qarşımdakı adamı təqlid edərək eyniylə onun kimi oturdum.

-Özünü çoxbilmiş kimi göstərmə. Başa düşdük sirli adamsan, anladıq özünü belə göstərmək xoşuna gəlir, amma mənim tək düşündüyüm ailəmin təhlükə altında olmamağıdır.

-Mən bu fikri də qeyd etmişdim onsuz. Sənin o sözlərimə fikir verməyib, digərinə ilişməyin dediyimi təsdiqləyir.

Üzümə vurulan gerçəklə bədənimin gərildiyimi hiss edəndə bunu büruzə verməməyə çalışdım. Doğrudur, hamının bir şey bilib heç kimin mənə bir şey deməməyinə əsəbləşirdim, amma bunun bu qədər sərt bir şəkildə üzümə vurulmağı məni daha çox əsəbləşdirirdi.

-Əgər sənin burada istənmədiyin halda qalmağın qürurunu incitmirsə, kiçik bir məsələ də mənim qürurumu incitməz.

Edil gülümsəyərək başını aşağı-yuxarı doğru hərəkət etdirdi, sanki elə bu cavabı gözləyirdi və əslində bu hərəkətiylə özünü təbrik edirdi.

Cəld oturduğum yerdən qalxıb masanın üstünü yığışdırdım və mətbəxdən çıxdım. Onun boşqabını götürməmişdim. Niyə götürüm ki? Qonaq otağına keçəndə gözüm divanın üstündəki yorğana və yastığa sataşdı. Onları toplayıb öz otağına aparmaq istəyirdim ki arxamdan yaxınlaşan ayaq səslərini eşitdim.

-Evdə istəmədiyini bildirmək başqa, evdən qovmaq başqa. Həqiqətən də heç qonaqpərvər deyilsən,- səsi qulağıma dolanda bir neçə saniyəlik gözlərimi ona çevirdim. Əlləri cibində başını azacıq sola əyib mənə baxırdı.

-Xasiyyətim buqələmun kimidir, adamına görə dəyişir.

Verdiyim cavabın mənasızlığına ilişib qalmışdım. Nə əlaqəsi vardı? Amma ona heç nə demədim.

Ardıyca əlimdəkilərlə anamın səhər onunçün hazırladığı otağa getdim. O da məni izlədi və ardımdan otağa girdi.

-Burada qalacaqsan. Anam səhər sənin üçün hazırlamışdı.

Başıyla təsdiqlədikdən sonra təşəkkür etdi. Heç nə demədən öz otağıma keçdim. Telefonumun titrəşimiylə arxa cibimdən çıxarıb gələn bildirişə baxdım. Ülvidən idi.

Üçillik münasibətimizin zamanla sıradanlaşdığını hiss edirdim. İlk başlar yavaş-yavaş yaranan bu soyuqluq məni həddindən artıq narahat edirdi. Hətta gecə yuxularımı belə qaçırdığı olurdu, ürəyimdəki boşluq məni çox qorxudurdu, amma bir müddət sonra alışmağa başlayanda bu hissin yavaş-yavaş yox olduğunu və indiki zamanda sadəcə hərdən keçən günlər üçün darıxdığımı hiss edirdim. Onun da belə hiss etdiyinə əmin idim. Amma bunu düzəltmək üçün nə o, nə də mən heç nə etmirdik. Yaşadığımız üçillik münasibətin mənim üçün necə dəyərli olduğunu bilirdim. İnsan yaşanılanları istədiyi anda silə bilmir. Nə vaxtsaonu tamamilə siləcəyimi, görəndə yad bir adam kimi heç nə hiss etməyəcəyimi bilirdim, amma həm də bunun çox zaman alacağını da bilirdim. Onunla keçirdiyim əvəzsiz günlər də bu münasibəti bitirməyimə icazə vermirdi. Nə ola bilərdi bu hiss? Alışqanlıq? Əgər bu hissin bir adı vardısa, yəqin ki alışqanlıq ola bilərdi. Amma əmin deyildim. Mesajı oxuyub cavab verdim. Onun cavabını isə gözləmədən telefonu çarpayının üstünə atıb uzandım.

QatilHikayelerin yaşadığı yer. Şimdi keşfedin