"Dönüm nöqtəsi"
-
Hər kəs öz həyatının baş rol aktyorudur, partnyorunu isə zamanla özü seçir. Həyatın boyunca aldığın qərarlar təkcə sənin yox, digərlərinin də həyatına əhəmiyyətli dərəcədə təsir edir. Eləcə də əksinə, digərlərinin də qərarları sənin həyatına eyni dərəcədə təsir edə bilər. Bütün ömrüm boyunca bunu müşahidə etmişəm, çevrəmdə verilən bütün qərarlar istər kəskin şəkildə, istərsə də çox üzdən həyatıma bir şəkildə təsir etmişdi. Elə indicə atam, "Bir müddətlik buradan ayrılacaqsınız," deyə qərarını açıqlayanda da bu teorem bir daha özünü təsdiqlədi. Mənə heç bir açıqlama etmədən bu qərarını vermişdi. Əsəbi şəkildə özümü qapıdan həyətə atdım, bütün bədənim titrəyirdi, ayaqyalın olduğum üçün ayağımın altında qalan daşlar ayaqlarımı əzirdi, amma bu belə təsir etmirdi. Arxamda kiminsə addım səslərini eşitdim; qaça-qaça gəlirdi. Düz yanımda dayandı və qabağıma ayaqqabılarımı atdı. Gözucu ona baxdım.
-Əsəbi olanda gözün heç nəyi görmür, ayaqlarını əzirsən, incitmə özünü,-dedi. Səs tonu o qədər yumuşaq idi ki, soyuq havada içimdən bir istilik keçdi sanki. Sonra xəfifcə gülümsədi. Bir söz demədən ayaqqabıları ayağıma keçirdim. Əynində sadəcə köynək var idi; üstünə bir şey götürmədən çölə çıxmışdı. Əllərini şalvarının cibinə saldı və barmaqlarının ucunda yüksəlib enməyə başladı.
-Mənə danışacağına söz vermişdin,-dedim dərhal mövzuya girərək. Başını çevirmədən, sadəcə gözucu mənə baxdı yenidən baxışlarını irəli, bilinməyən bir nöqtəyə dikdi.
-Bəlkə atanın nəsə deyəcəyi var idi? Əsəbiləşəndə heç kimə şans tanımamağın var, səni bir sıfır geriyə atan səbəblərdən biridir, yəqin ki.
-Deyən adam ilk öncə səbəbini deyər, sonra qərarını açıqlayırdı. Qərar bildirib mənim də qoyun kimi başımı sallayıb qəbul etməyimi gözləməsin!- Səsim özümdən asılı olmadan yüksəlmişdi. Tamamən ona dönəndə o da mənə sarı döndü. Soyuqdan dişim dişimə dəyirdi. Bir müddət gözlərini üzümdə gəzdirdi, baxışlarındakı işıltı qəribə bir istilik yayırdı. Sol əlini cibindən çıxararaq sol qolumu tutdu, dirsəkdən yuxarını astaca sığalladı, daha sonra əlimi tutdu. Digər əlini də cibindən çıxarıb əlimi ovuclarının arasına yerləşdirdi və ovxalayaraq isitməyə başladı.
-Buz kimi olmusan, evə keçək,- bunu deyərkən gözləri əlimdə idi, səsi qayğıyla doluydu, qaşları çatılmışdı, elə bil nəsə ciddi bir iş görürdü. Sonra baxışlarını yenidən üzümdə cəmlədi və davam etdi, -atan səninlə danışmaq istəyir, -gözlərini qırpdı, sanki "mənə güvən," deyirdi. Heç nə demədim.
-Gedək?- deyə soruşdu, başımı yırğaladım və əliylə işarə edərək qabağa düşməyimə icazə verdi.
Evə girəndə ilk öncə içəridəki istiliyin təsiri ilə titrədim. Evdə heç səs yox idi. Çıt da çıxmırdı. Qonaq otağına keçdim. Atamla anam üzbəüz kresloda oturmuşdu. Atam fikirli idi, gəldiyimizi hiss etmədi.
-İlk öncə niyə gedəcəyimizi, sonra isə hara gedəcəyimizi denən.
Atam baxışlarını mənə yönləndirdi, sonra ayağa qalxdı.
-Bu çoxdan olmuş bir əhvalatdır,-dedi. -Edilin atasıyla mən yaxın dost olmuşuq, sən o vaxt balaca idin, bilmirəm, əslində xatırlamamağına təəccüblənmişdim, Edillə atası tez-tez bizə gəlib gedirdi.
Təəccübümə əngəl ola bilməyərək Edilə baxdım, o da mənə baxırdı.
-Sonra bir qəza oldu, bina yandı,-atamın səsiylə baxışlarımı ona çevirdim, -Qabili günahlandırdılar bu hadisədə, içəri girdi.
-Bir dəqiqə, bir dəqiqə? Qabil Edilin atasıdır elədir? Xatırlayıram elə bir adam, günah ondaymış?
-Hə,-dedi atam. -Qəzada bir qız ölmüşdü, bir deputatın qızı idi. O adam qisas almaq istəyib, Edilin bizə gəldiyi gün hücum etmişdilər. Üstündən çox vaxt keçib, hardasa təxminən on il, bəlkə də çox olar.
Eşitdiklərimin şoku ilə Edilə baxdım, bu dəfə mənə baxmırdı, gözləri qızarmış və dolmuşdu. Bunu görməyimi istəmədiyi fikrinə qapıldım. Gözümün qabağına kiçik, sarışın və kədərli bir uşaq gəldi. Ürəyimdə bir sızıltı baş qaldırdı.
-Niyə bu qədər vaxtdan sonra çıxıb ki ortaya? Özü də bu məsələnin mənimlə nə əlaqəsi var? Niyə mən öz rahatlığımı pozmalıyam, evimdən köçməliyəm?
İstəmsizcə səsim azacıq qalxmışdı.
-Adamın mənimlə də problemi var, bu məsələdə məni də təqsirkar bilir, başa düşmürsən? İndi öz rahatlığını düşünməyin vaxtı deyil, Nilufər!
Atam uzun zaman sonra ilk dəfə səsini üstümə qaldırmışdı. Bir müddət heç kim heç nə danışmadı. Amma sonra atam danışmağa davam etdi.
-Xahiş edirəm, bu dəfə mən deyəni et. Sənin yaxşılığın üçün edirəm.
-Yaxşı, amma hara gedəcəyik?
-Rusiyaya.
-Nə?!
Rusiyaya getmək həyatımı sıfırdan, yenidən, başlamaq, bütün bu illərimi zibilə atmaq demək idi. Bütün qayğılar, keçən illərin əziyyəti bir yük olub üstümə oturdu sanki.
-Mənim nənəmin evi var orada,- Edil danışmağa başlayanda başımı ona tərəf çevirdim. -Orada qalacayıq bir müddət.
-Siz də gələcəksiniz də yəqin ki? - deyə atamdan soruşdum. Baxışlarım anamla atamın üzündə gəzindi.
-Bizim burada qalmağımız məsləhətlidir. Narahat olma, çox uzaq məsafə deyil, təyyarə ilə bir saat, lap uzansa saat yarım. Vəssalam.
Gözlərim dolmuşdu. Hər insanın həyatının dönüm nöqtəsi var. Elə bir an gəlirdi ki, hər şey alt-üst olurdu. Ya da hər şey mükəmməl olurdu. Mənim də həyatımın dönüm nöqtəsi bu an idi. Çox sonra anlamışdım...
-
14.11.2020
-
Salam, bu qədər qısa arayla yeni bölüm gəlməyi siz təəccübləndirdi, məncə. Qeyd etmək istəyirəm ki, bölümün qısa olmağına ilişməməlisiniz. Zənnimcə, qısa, amma önəmli bir bölüm idi. Beynimdə artıq hadisələr bölümlərə ayrılıb, nəyin hansı hissədə baş verəcəyini artıq dəqiqləşdirmişəm, buna görə də mənim üçün önəmli olan uzunluq ya da qısalıq deyil, bölümün bitdiyi yerdir. Təşəkkür edirəm.
