"Üzləşmə."
Mahnı üçün @ZahraAgazade-yə təşəkkürlər.
-
Səhərə yaxın günəş öz şəfəqlərini yeni-yeni səpələməyə başlayanda gənc oğlan getdiyi mənzilə daha tez çatmaq üçün addımlarını sürətləndirdi. Külək ağacları yerindən qoparmaq istəyirmiş kimi şiddətlə əsirdi, hava nəmli idi. Gecədən bəri yağan şiddətli yağış artıq üç saat olardı ki kəsmişdi. Gənc oğlan əynindəki paltonun yaxasını düzəldib açıqda qalan boğazını örtdükdən sonra qollarını bədəninə doladı. Küləyin əks istiqamətində güclə yeriyirdi. Axına qarşı üzən insanlar kimi hiss edirdi. Hara getdiyini bilirdi, amma getdiyi yerə çatanda nə edəcəyini bilmirdi. Boz buludlar günəşin qarşısını örtmüşdü, hava da onun əleyhinə işləyirdi. Ətrafda heç kim yox idi, "yəqin ki, saat hələ heç altı olmayıb," deyə düşündü. Tanış məhəlləyə dönən küncdən bir pişik çıxdı və qaçaraq yolu keçdi. Oğlan bunu gözləmədiyi üçün diksindi. Qısa bir anlıq səkinin ortasında dayandı və gözlərini bozarmış səmaya çevirdi. Dərin nəfəs aldı. Yeni yağmağa başlayan narın yağış üzünü isladanda Edil yenidən yeriməyə başladı. Başındakı müdhiş ağrı ona rahatlıq vermirdi, bununla yanaşı titrəyən ayaqları da sanki bədənini daşımaqdan imtina edir, yerindən çıxmaq istəyirmiş kimi çırpınan ürəyi nəfəs almaqda çətinlik yaradırdı. Gözləri yanırdı, ağlamaq istədiyini hiss etdi, ancaq ağlamadı. Bu gün yetəri qədər ağlamışdı. İllər əvvəl - anasının ölümündən sonra ağlamamaq üçün necə dirəndiyini yaxşı xatırlayırdı. Nəhayət, özünə öyrədə bilmişdi ağlamamağı. Amma bu gün öyrəndiklərini, bütün bildiyini unutmuşdu sanki. Yenidən addımlamağa başladı, bu dəfə atdığı addımlar bayaqkı kimi qətiyyətli və iti deyildi.
Tanış gələn o darvazanın önündə dayananda bir neçə ay əvvəl bu evə gəlişini xatırladı. Daha sonra bir neçə saat əvvəl öyrəndiyi gerçəklər bir uğultu kimi beynində əks-səda verəndə gözləmədən qəzəblə qapını açdı və iti addımlarla həyətə girdi. Evin qapısının önündə dayandı və qapını iki dəfə döydü. Yaralı vəziyyətdə gələndə necə o qapını döydüyünü, Nilufərin qapını açışını və huşunu itirərək qızın üstünə yıxıldığını xatırladı.Bir daha, amma bu dəfə daha şiddətlə döydü. Aylar əvvəl Nilufər bu qapını açanda onu görən kimi xatırlamışdı; cizgiləri o on yaşlı qızın cizgiləriylə eyni idi. Ürəyinə dərin bir kədər çökdü. Evdən çıxmamışdan qabaq onunla qurduğu xəyalları reallaşdırmaq üçün getmişdi o görüşə, amma indi gələcək qara dəlik kimi onu udmağa hazırlaşırdı.
Bir daha qapını döymək üçün əlini qaldırmışdı ki qapı açıldı. Qapını açan Sürəyya xanımın təəccübü baxışlarından hiss olunurdu. Amma onu ən çox təəccübləndirən Edilin vəziyyəti, gözləri qıpqırmızı qan çanağına dönən adamın yaralı halda belə bu qədər kədərli, çarəsiz və əsəbi görünmədiyi idi.
-Şahmar evdədir?
İlk dəfədir Şahmar bəyə "əmi" deməməyini Sürəyya xanım yadırğasa da dinmədi.
-Hə, evdə, -Sonra anidən gələn fikirlə təlaşla ona doğru bir addım atdı, -nə olub? Nilufər yaxşıdır? Hardadır?
Adam içəri keçdi. Bir yandan ayaqqabısını çıxardarkən bir yandan da onun sualına cavab verirdi:
-Evdə, Nilufər tərəfdən bir problem yoxdur,-içəri keçərkən Şahmar bəyi səslədi,-Şahmar!
Şahmar bəy yuxulu halda təlaşla otağından çıxdı.
-Sənin burada nə işin var?-deyə soruşdu, o da eyni yoldaşı kimi təəccüblü idi.
Edilə doğru bir-iki addım atdı, Edil onun baxışlarındakı nigarançılıq və narahatlığı oxumuşdu. Əvvəl ürəyini isidən bu qayğı indi ona gülməli, süni, həm də iyrənc gəlirdi. Güldü. Amma bu səmimiyyətdən uzaq bir gülüş idi. Şahmar bəy nə olduğunu anlamadı, qarşısındakı adam tamamilə Edilə uzaq və yad bir adam idi. O buz kimi baxışların arxasındakı nifrət qorxusunu oyatmağa yetdi.