I Hissə; Bölüm 2

181 16 12
                                    

"Bilinməzliklər."

·

Anası Sürəyya xanımla birlikdə gərgin vəziyyətdə mətbəxdə oturub zaldan bir xəbər gözləyirdi Nilufər. Hələ də 3 saat bundan öncə baş vermiş hadisənin təsirindəydi; qız həyatı boyu bu qədər qorxduğunu xatırlamırdı. Dərhal qışqıraraq anasıyla atasını səsləmiş, birtəhər köməkliklə yaralı adamı qonaq otağına aparmışdılar və budur, 3 saatdan bəridir yaralı qonaq huşsuz halda zaldakı divanda yatırdı. Bu müəmmalı qonağın gəlişi, xüsusilə bu vəziyyətdə gəlməyi Şamxal bəydə nəsə bir narahatçılıq yaratmışdı. Mətbəxlə qonaq otağı üzbəüz olduğundan mətbəxdən baxanda oranı asanlıqla görmək olurdu. Buna görə də gah Sürəyya xanım, gah da Nilufər o tərəfə boylanırdı. Nəhayət, Şamxal bəyin Sürəyya xanımı səslədiyini eşidəndə Nilufər də anasıyla birgə dərhal ayağa qalxdı və qonaq otağına keçdi.

-Bir az su gətirin,-dedi Şamxal bəy, özü də əlindəki yaş dəsmalı divanda uzanan adamın başına nəvazişlə bastırırdı. Sürəyya xanım cəld mətbəxə keçəndə Şamxal bəy soruşdu:

-Yaxşısan?

Adam öskürdü, sonra yavaşca başını tərpətdi. Sürəyya xanım suyu gətirib uzatdı və Şamxal bəy ehtiyatla suyu içirməyə başladı. İçlərində olduqları bu vəziyyət Nilufərdə həm gərginlik, həm də təəccüb oyadırdı. Qəribə bir çaşbaşlıq içərisində idi. Heç bir şey anlamırdı. Atası oğlanı tanıyırdı, amma Nilufər əsla bu adamı tanımırdı; nə adını bilirdi, nə də simasını tanıyırdı. Anasının təlaşından da bu adamı tanıdığı bəlli olurdu, amma atası qədər yox. Bəlkə də tanımırdı, sadəcə kim olduğunu təxmin edirdi.

-Siz gedin yatın,-dedi Şamxal bəy,-gecdir daha, mənim Edillə bir az işim var. Mən də bir azdan gələcəyəm.

Üzünü Nilufərə tutdu:

-Nilufər, qızım, get yuxarıdan ədyal gətir, yox, ədyal soyuq olar, sən yaxşısı bir yorğan gətir. Artıq payızdır, üşüməsin.

Nilufər dərhal atasının istəyini yerinə yetirmək üçün yuxarı mərtəbəyə-yataq otağına çıxdı.

-Bir neçə gün bizdə qalarsan,-dedi Şamxal üzünü Edilə tutub,-sonrasını düşünərik.

-Nə olub, Şamxal?-Sürəyya xanım hardasa nə baş verdiyini təxmin edirdi, amma əmin olmaq istəyirdi.

-Sonra danışarıq,-deyərək ötüşdürməyə çalışdı Şamxal.

-Necə sonra danışarıq? Gərək nəsə pis bir hadisə baş versin ki sonra bilim nə olduğunu?

Şamxal bəy əlini arvadının çiyninə qoydu və onu başa sala-sala otağa apardı. Sürəyya isə elə hey danışır, etiraz edirdi. Onlar getdikdən sonra Edil otaqda tək qalmışdı. Bəlli bir zamana qədər hər şeyi net xatırlayırdı. Amma bura necə gəldiyi barəsində heç bir fikri yox idi, bir də dumanlı olaraq qapını döydüyünü və qapının açıldığını xatırlayırdı. Vəssalam. Film burda bitirdi. Belinə dolan ağrıyla inildəyərək üz-gözünü turşutdu. Yaxınlaşan ayaq səslərinə qulaq asdı, amma ağrıdığı üçün arxaya çönüb baxa bilmədi.

Nilufər bu naməlum şəxsin yatdığını ümid edərək əlində yorğanla ona sarı yaxınlaşdı. Tələsik əlindəkini qonağın üstünə örtərək öz otağına qayıtmaq istəyirdi. Ayaq səsləri yaxınlaşan anda Edil özünü yatmışlığa vurdu. Hal-hazırda heç kimin sual dolu gözlərinə baxıb məcburən də olsa nəsə demək istəmirdi. Nilufər tələsik yorğanı oğlanın üstünə örtdü, getmək istəyirdi ki, gözü Edilin yaralanmış üzünə sataşdı. Sonra gözlərini cırılmış köynəyindən bəlli olan dərin kəsik izinə zillədi. İlk dəfə idi bu qədər ağır yaralı bir adam görürdü. Qorxu və maraq duyğusunu eyni anda hiss edirdi. Bir neçə saniyə eləcə dayandı - gözləri oğlanın alnında, yaralanmış yanağında, qurumuş və partlamış dodaqlarında gəzdi. Edil nəfəsini nizamlayıb nə olacağını gözləyirdi. Sifətinin tam qarşısında bir istilik hiss edirdi, gözlərini açıb baxmaq istəyirdi, maraq hissi bütün vücuduna hakim kəsilmişdi, amma heç nə etmədi. Saniyələr sonra uzaqlaşan ayaq səslərini eşidəndə gözlərini açdı və nəfəsini verdi.

QatilHikayelerin yaşadığı yer. Şimdi keşfedin