"Ümidlər və 'kaş ki'lər"
-
Artıq bir ay idi ki, burada idik. Dekabr ayının ortaları idi. Hava getdikcə lap soyuqlaşırdı. Edil tez-tez iş qəbul edir, şəkil çəkir və satırdı. Düzünü desəm, yaxşı qazanırdı. Təbii ki, bunun əsas səbəblərindən biri qabiliyyəti olsa da, digər səbəbi burada qurduğu əlaqələr idi. Bu bir ay ərzində çevrəsinin genişliyiylə məni olduqca təəccübləndirmişdi.
Mən də özümə iş axtarırdım, amma hələ də uyğun bir iş tapmağı bacarmamışdım. Onun yerinə bir-iki qonşuyla salam-sağ ol yaratmışdım aramızda. Bizim niyə burada birlikdə yaşadığımız, mənim kim olduğum (Edili tanıyırdılar), aramızdakı əlaqə ilə çox maraqlanırdılar, hiss edirdim. Edil məni əmisi qızı kimi tanıtmışdı. Fikrimcə, bu bir baxıma qəbuledilən və doğru idi.
Qonşularımdan Zərnigarla lap yaxın idim. Yəqin ki, azərbaycanlı olduğu üçün idi. Rus dilini yox dərəcəsində az bilirdim, buna görə də digərləri ilə sadəcə görəndə salamlaşırdım. Edil rus dilini o qədər səlis danışırdı ki, heyran olmamaq əldə deyildi. Zərnigar 30-lu yaşlarda bir gəlin idi. Qohumları vasitəsiylə yoldaşı ilə tanış olub, evləndikdən sonra da Rusiyaya köçmüşdülər. Yoldaşı burada işləyirdi. Edilin anası haqqında eşitmişdi, amma tanımırdı. O bura gəlin köçəndə Edilin anası artıq rəhmətə gedibmiş. Nənəsini lap yaxından tanıyırdı.
Günlərimi bir şeylər qaralayaraq, film ya da tamaşalar izləyərək keçirirdim. Səhnə üçün darıxmışdım, öz işim üçün darıxmışdım. O gündən sonra Edillə aramızdakı münasibət son günlərimizdəki kimi səmimi deyildi. O axşamın üstündən cəmi bir neçə gün keçmişdi ki, Edil özünə iş tapdı, bu sayədə səhər gedir, axşam gəlirdi və bir-birimizlə çox ünsiyyət halında olmurduq. Ya da o mənimlə çox danışmırdı və ya danışmaq istəmirdi. Bu mənə ilk zamanlarda onun bizə gəldiyi günləri xatırladırdı. Hər vəziyyətdə bu mənə əzab verirdi. Bu evdə tək başınaymışam kimi hiss edirdim, heç vaxt bu qədər tək olmamışdım. İzlədiyim qədəriylə yuxu problemləri azalmışdı, amma hələ də bəzən gecə oyananda onun kresloda oturduğunu görürdüm. Qapının kilid səsi gələndə saata baxdım, 9-a qalırdı. Bu dəfə hər zamankından gec gəlmişdi. Kurtkasını asıb qonaq otağına girdi.
-Salam,-dedim. Başıyla cavab verdi, ardından mətbəxə keçdi. Heç vaxt ona süfrə açmağıma icazə vermirdi, bir neçə dəfə istəsəm də, həmişə özünün edəcəyini deyirdi.
Ayağa qalxıb mətbəxə keçdim, yeməyin altını yandırdı və qarışdırdı. Çörək çıxartdım, işini yarımçıq qoyub mənə baxdı.
-Ehtiyac yoxdur, özüm edərəm.
-Problem deyil,-dedim və bıçaq götürmək üçün siyirməni açdım. Tam yaxınıma gəlib əliylə ehmalca siyirməni bağladı və, -Xahiş edirəm,-dedi çox asta, hardasa fısıltı kimi çıxan səsiylə.
-Öz işimi özüm görmək istəyirəm.
Bu dəfə özü siyirməni açdı və bıçağı götürərək çörəyi doğramağa başladı. Yerimdə bir addım geriyə atdım və bədənimi şkafa yasladım.
-Bu rəftarın çox mənasızdı,-dedim səsimi azca yüksəldərək. Öz işiylə məşğul oldu, sanki məni eşitmirdi. Acığa keçib düz qabağında dayandım və üzünə baxdım, məcburən başını qaldırıb gözlərini üzümə zillədi. Dodaqları aralandı, bir şey demək istəyirdi ki sonra bu fikirdən vaz keçərək öz işini görməyə davam etdi.
-Bütün günü bu evdə dustaq kimiyəm. İşə gedirsən qapını bağlayırsan, evə gəlirsən "salam," başqa bir söz demirsən, sual verirəm, "hə," "yox," konkret cavablar verirsən, elə bil ki bu evdə tək yaşayırsan. Bir az da məni fikirləş. Sənə bu evi mənə zindan eləmə demişdim, sən lap betərini edirsən!