"Tamamlanmamış xəyallar."
-
Saniyələr dəqiqələri, dəqiqələr saatları əvəz edirdi. Zaman öz çarxını dayanmadan, sürətlə fırladırdı; sanki tələsən yeri vardı. Nilufər başını yasladığı stoldan qaldırıb bəlkə də yüzüncü dəfə əqrəblərə baxdı; böyük yeddinin, kiçik on bir ilə on ikinin arasındadır. Dərin nəfəs aldı; içindəki bu qorxu onu yeyib-bitirirdi. Çölə çıxmaq, hava almaq istəyirdi, amma qorxurdu. Ağrıyan başına inad gedib yatmırdı. Saatlar keçirdi, amma Edil gəlib çıxmaq bilmirdi. Əlini telefonuna uzatdı, artıq neçənci dəfə etdiyini bilmədən ekranda Edilin adına kliklədi. Açmadı. Qəzəblə telefonu divanın üstünə tulladı. O anda qapının kilid səsiylə diksindi. Sürətli addımlarla koridora qaçdı. Baxış perspektivinə girən tanış üzlə dərin nəfəs aldı, həmin saniyə rahatlamışdı.
-Hardaydın?-deyə soruşdu təlaşla.
-Deyəcəm,-bir yandan əynindəki kurtkanı çıxararaq cavabladı onu oğlan. Yanından keçib qonaq otağına daxil olarkən Nilufər səssizcə onu izlədi. Hər hərəkətini dəqiqliklə izləyirdi.
-Gedirik,-dedi baxışlarını ahəstə-ahəstə qıza tutaraq.
-Başa düşmədim?
Verdiyi ilk reaksiya bu olmuşdu; haqlıydı.
-Bizim yerimizi tapıblar, Nilufər, günlərdir mənim nələrlə məşğul olduğumu bilə bilmərsən.
Edil ilk dəfə idi ki, qarşısındakı qadına bu qədər yorğun və zəif görünürdü. Nilufər gözlərini yorğunluqdan bitkin düşmüş adamın üzündən gəzdirdi və hələ indi dərk etdiyi reallıqla dəhşətə gəldi. Artıq aylar olmuşdu, Edil hələ də rahat yata bilmirdi, kabusları onu rahat qoymurdu. Bədənindəki yaralar sağalmışdı, amma ruhundakı yaralar keçib getmək bilmirdi. Gözlərini yuma bilmirdi. Bura köçəndən gecə yuxuları bir az qaydasına düşmüşdü, indi yata bilirdi, amma o da cəmi bir neçə saat çəkirdi. Nilufərin varlığı, qarşısındakı yorğun adamı qucaqlamaq istəyiylə dolub daşdı. Bütün bu vaxt ərzində nə qədər eqoist olduğunu anladı. Ancaq özünü düşünmüşdü, onu heç görməmişdi, amma indi düşünürdü və əslində Edilin ondan daha çox incindiyini, sanki tonlarla yük daşıdığını görürdü.
-Biz bura niyə gəlmişik?
Yorğunluğu səsinə də yansıyırdı, elə bil hər şeydən bezmişdi. Halbuki daha bir neçə saat əvvəl rəqs edəndə Edilin xoşbəxt olduğunu zənn edirdi, amma indi dərk etdiyi reallıqla birlikdə o anlar gözünün qabağına gələndə, əslində o vaxt belə gülüşünün ardındakı kədəri, yorğunluğu bütün çılpaqlığı ilə görmüşdü. Buruq bir gülüş qopdu dodaqlarından.
-Qaçmaq üçün, ölməmək üçün, sağ qalmaq üçün.
Ağlına gələn bütün səbəbləri bir-bir sıraladı. Adam asta-asta başını yırğaladı.
-Amma indi bunlar mümkün deyil.
Nilufərin onsuz da çatıq olan qaşları daha da çatıldı, nə demək istədiyini başa düşmürdü.
-Çünki, bizim yerimizi tapıblar.
Qızın bütün suallarına son qoymaq üçün demək istədiyini nəhayət söyləmişdi. Təlaş məkrli bir düşmən kimi bədənini ələ keçirəndə Nilufər ağlına gələn ilk sualı ona yönləndirdi.
-Atamgil necədi? Anam?
-Yaxşıdırlar,- dedi ona doğru kiçik bir addım ataraq, -amma biz dərhal burdan getməliyik.
-Hara gedəcəyik?
Qız həm təəccüblə, həm də anlamayaraq qaşlarını qaldırdı və sual dolu nəzərlərini oğlanın üzünə zillədi.