dəliliyin rahatlığı.

417 3 1
                                    

                                                                              ***

Anar, düz yanında kiçik addımlarla yeriyən bu balaca boy, cılız qıza ayaq uydurarkən çox əylənirdi. Onlar addımlarını eyni atırdı. Anarın ürəyi sürətlə döyünürdü və onu yolun qarşısında gördüyü andan bəri bu, dəyişməmişdi. İnsanların baxışlarını hiss edirdi. Onlar Kahiraya diqqətlə, bəzən maraqla, bəzən kinayə ilə baxırdı. Bəzənsə onların ikisinə birdən eyni baxışları yönəldirdilər. Bu iki bir-birindən bağımsız, özünəməxsus görüntüsü olan iki insan onlar üçün həddən artıq qəribə, böyük ehtimalla xoşagəlməz görüntü idi. Onlar İçəri şəhəri gəzirdilər. Qız qalasının yanından keçərkən, qeyri-müntəzəm daşların üzərində yeriyərkən, ətrafı gəzən, dayanmadan şəkillər çəkən əcnəbi qonaqları izləyərkən aradabir, saniyədən də az keçən bir müddətdə bir-birlərinə baxırdılar.

- Bakını sevmə səbəbim İçəri şəhərdir. Zamana qarşı sınmadığı, özündən dönmədiyi üçün buranı çox mənimsəmişəm. Özümü nə vaxt çox yad hiss etsəm bura gəlirəm. Qəribə aurası var. Hər qonağı qəbul edən, qayğısız, yaşlı birinin evi kimidir.

- Elədir..- Kahira gülümsədi – Şəhərin hay-küyündən uzaqdır. Səmimidir.

Kahira, aradabir burnuna dəyən ətirdən xoşhal olurdu. Anarın işlətdiyi parfum onda qəribə arzular oyadırdı. Ətrini hər hiss edəndə ayaq saxlayıb onu qəflətən öpmək istəyirdi.

- "Səndən xəbərsiz"-ə baxdım – Kahira əllərini cibinə doğru daha çox sıxdı

- Doğrudan? Necə idi? – Anarın səsi həyəcanlı çıxmışdı.

- Bilmirəm.. Çox kədərli idi. Ancaq Gülnarın qayıtmasına məna verə bilmədim. O, getməli idi! Geri dönərək axmaqlıq etdi.

Anarın üzünə görünməz bir kölgə çökdü. Onun çiyinləri düşdü.

- Əslində onların qovuşub-qovuşmaması tam bilinmir.. Yəni rejissor bunu qəsdən edib ki, biz maraqda qalaq.. Bəlkə də ona görə edib ki, bu bir çox insan üçün təsəlli olsun.. Niyə bunu axmaqlıq hesab edirsən?

- Çünki Elçin evləndi. Nə olursa olsun bunun adı xəyanətdir.

- Onlar ki, ayrı idi.. Həm də o bilirdi ki, Gülnar nişanlanıb, evlənəcək..

- Ancaq evlənmədi. Birlikdəykən sevməyə, sadiq qalmağa nə var ki! Ancaq qayda budur, iki tərəfdən biri mütləq daha çox əziyyət çəkir. Əslində bu cür məsələlərdə çox təcrübəli deyiləm.. Ancaq məncə birinə aşiq olmaq insanın qəlbini qatılaşdırır. Məntiqli qərarlar verə bilmədiyin kimi, adicə bir səhvi bağışlamaqda belə çətinlik çəkirsən.. Durduq yerdə dalaşırsan, heçnədən gözlənti yaradıb dayanmadan günahlandırmağa yönəlirsən.. Mənim bütün münasibətlərimdə, doğrusu onlara münasibət demək olmazdı, hər zaman belə olub. İnsanlar bir-birlərinin həyatına sahib olmağa çalışır. Sahib və kölə prinsipinə dayalı sistem qurub adını sevgi qoyurlar. İşin maraqlı tərəfi odur ki, mən.. Son zamanlar insan psixologiyası ilə çox maraqlanmağa başlamışam. Oxuduqlarıma əsasən nəticə çıxarmaq olar ki, insanın mayasında var bu. Yəni sahib və kölə olma istəyi. Aşağılanmadan alınan həzz. Bunun insanlar üzərində rahatladıcı təsiri varmış.

- Bəs bunun səbəbi nədir?

- Səbəb budur ki, insan doğulduğu an var olduğunu anlamır. O, öz varoluşunun o zaman fərqinə varır ki, digər insanlar tərəfindən görüldüyünü hiss edir. Bu, hamımız üçün eynidir. İkinci bir insan olmasa özümüzün fərqində ola bilmərik. Yaşaya bilmək üçün mütləq şəkildə bir-birimizə ehtiyac duyuruq. Bu halda, şüuraltımız yox olmaqdan qorxduğu üçün özünü davamlı olaraq gidər şüuraltılara tanıtmağa və qəbul etdirməyə çalışır. Ancaq bu hal hamımızda baş vermir. Bəzilərimiz yox olmaq bahasına belə olsa digər şüuraltılardan asılı olmağı rədd edirik. Psixologiyada buna əfəndi, sahib şüuru deyilir. Özünü davamlı olaraq isbat etməyə çalışmaqdan bezir və özünü sadəcə özü kimi və yalnızlığının fərqində olaraq qəbul edir. Bunun əksi isə, yəni yalnızlıqdan çox qorxan və əgər qəbul edilməzsə yox olacağı fikrindən dəli olan şüur, həyatının sonuna qədər özünü əfəndi olaraq gördüyü digər şüura isbat etməyə və varlığını davam etdirməyə çalışır. Beləcə əfəndi-kölə münasibəti başlayır. Və bu səbəblə bir çox halda özümüzün əksi insanlara meyl göstəririrk. Məsələn, elə Gülnar və Elçin kimi. Gülnarın cümlələrini xatırla: "Çünki sən mənə tənbəl deyən yeganə adamsan. Ətrafımdaki hamı məni tərifləyir, nə desəm edirlər. Onlardan zəhləm gedir. Amma sən onlar kimi deyilsən". Görürsən? Cəmi bir nəfər belə bizim şüurumuzu qəbul etmirsə dərhal həyəcanlanır, ona doğru yönəlir və özümüzü qəbul etdirməyə çalışırıq.

Xoşbəxtliyə çatanda əldə qalanlarWhere stories live. Discover now