irəliləyiş.

2.4K 26 5
                                    


                                                                                     ***

Zəngli saatı hələ çalmasa da Kahira, addım səsləri eşidirdi. Anası yenə hər kəsdən əvvəl oyanmışdı. Böyük ehtimalla yenə vanna otağında işini görəcək, gözlərinin tünd sürməsini təzələyəcək, saçlarını arxada toplayıb başına bir yaylıq örtəcək, yaylığı da arxaya doğru bağlayacaqdı. Bu onun yeməkləri tüklərdən qoruma üsulu idi. Sonra mətbəxə keçəcək, səhər yeməyi hazırlayacaqdı. Hər gün səhər yeddi yumurta bişirdi. İkisi az bişirilmiş soyutma – bu ata üçün idi, ikisi bərk bişmiş soyutma – balaca qardaşlar bu cür sevirdi, ikisi yumuşaq bişirilmiş qayqanaq – bu, nənənin zövqünə xitab edirdi, biri isə bərk bişirilmiş qayqanaq – bu isə balaca bacı üçün. Anası da Kahira kimi yumurta sevməzdi. Amma bişirmə işi yenə ona baxırdı. Anasını tanıdığı bu iyirmi beş ildə hər gün eyni mənzərəyə oyanırdı. Evə nə vaxt gəlsə anası ya mətbəxdə idi, ya ev süpürürdü, ya da qayınanasının istəklərini yerinə yetirirdi. Sənəti müəlliməlik olsa da evləndikdən sonra işləməmişdi. Bəlkə də vaxtından tez yaşlanmasının səbəbi bu idi. Vaxtilə o, təhsil almaq üçün çox mübarizə aparmışdı. Xəyalları, hədəfləri, "dönmərəm!" dediyi qərarları vardı. Ancaq həyat, prinsip sahibi olmaq üçün həddən artıq elastik idi. Gecə saat onun yarısı isə ailədəki hər kəs yerini almış olurdu. Atası Bünyəmin saat yeddidə evdən çıxırdı, nənəsi isə işi-gücü olmasa da tezdən oyanırdı. Deyəsən bu, onun yaşlılığı ilə bağlı idi. Evin ən böyük uşağı Kahira idi. O, doğulduqdan sonra anası niyəsə uzun müddət təkrar hamilə qala bilməmişdi. Düz iyirmi il sonra nə az,nə çox dörd uşağa ard-arda hamilə qalmış, hamısını da dünyaya gətirmişdi. İki əkiz oğlan – Abdullah və Adnan, ardınca bir qardaş daha – Mehrac, onların ardınca isə ən balaca qız – Azra.
Maddi vəziyyətləri yaxşı idi, heç nəyə ehtiyac duymurdular, möhtac deyildilər. Amma evdə on dəqiqə keçirən bir yad belə o duyğunu hiss edərdi.. Nələrsə tam deyildi, ya da nələrsə həddən artıq idi. Evdə bir narahatlıq, gözlə görülməyən bir çatlaq vardı.

- Sabahal hayr – Kahira anasını salamladı

- Sabahennur – anası yorğun və yuxusuz görünsə də üzündə xoş bir təbəssümlə qızının salamını aldı

- Niyə belə tezdən oyanmısan?

- Bu gün sərgi var, demişdim axı, unutmusan?

- Bu gün idi? Elə bilirəm hələ günlər var..

- On gün əvvəl demişdim

- Lap başımı itirmişəm.. Oradan qənd qabını mənə, uzat. Bu gün yumurtalı çörək hazırlayacağam. Uşaqlar dünəndən istəyir

Kahira, anasının dediyini etdi. Özünü çox yorğun və yuxusuz hiss edirdi. Danışmağa halı qalmamışdı. Gözləri göynəyir, başı ağrıyırdı.

- Evə gec qalma. Atan gəlməmiş evdə ol

- Narahat qalma!

- "Narahat olma" deməlisən – anası onun sözünü düzəltdi – doğrusu budur

- Narahat ol-ma! – Kahira, hecalayaraq sözünü yenilədi

Anası gülümsəyib öz işinə geri dönəndə Kahira, yenə gözlərinin qaraldığını hiss etdi amma bu barədə heçnə demədi. Otağına qayıdanda əsnəyirdi. Geyinəcək bir şey axtardı. Sonra dönüb pəncərədən çölə baxdı. Sulu qar yağırdı. Dərindən nəfəs alıb paltarlarının arasında eşələnməyə başladı. Birdən üzünü buruşdurdu. Çünki qılçalarını uzun müddətdir təmizləmədiyinin fərqinə vardı. "Bəlkə geyinmək üçün başqa bir şey seçim" deyə düşünsə də, bu qərarından daşındı. Narazı halda vanna otağının yolunu tutdu. Ülgücü tələsik hərəkətlərlə dərisinin üzərində gəzdirdi. Qılçasını düz dörd yerdən kəsdi amma buna əhəmiyyət vermədi. Qanayan yerlərin üzərindən su gəzdirdikdən sonra özünü qurulayıb otaqdan çıxdı. Uşaqlar artıq oyanmışdı. Evin səs küyü get-gedə artırdı. Kahira, anasının gülüş səslərini eşidəndə dəhşətə gəlirdi. Bütün bunlarla necə mübarizə apara bildiyini anlamırdı. Bu qədər yorğunluqla necə gülə bilirdi? Deyəsən hər şeyə rəğmən o, xoşbəxt idi.. Övladlarını da sevirdi, öz ərini də.
Kahira səhər yeməyi üçün ikinci dəfə otağından çıxanda artıq hər kəs masa ətrafında idi. Uşaqların ciyiltili səslərini eşidəndə Kahira, gözlərini sıxdı. Bu səhər hər kəsin əhvalı yerində idi. O, atasını və nənəsini tək-tək salamladı. İsti çayından bir qurtum alan Kahira, iki dilim yağlı-mürəbbəli çörək yedi. Atası işə getmək üçün masadan ayrılan ilk insan oldu. O, masa ətrafında əyləşən bütün qadınları başlarından öpüb, oğlanların saçına sığal çəkdi. Sonra getdi..Onun atası cərrah idi.
Anası Kahiraya tapşırdı ki, balacaların üzlərinə bulaşan şirəni təmizləsin və onları otaqlarına aparsın. Sonra gedib hazırlaşa bilərdi. Kahira, uşaqlarla o qədər az vaxt keçirirdi ki, uşaqlar onun qucağında asanlıqla ağlayırdılar. Amma bu, onun vecinə deyildi. Tapşırılmış işləri yerinə yetirdikdən sonra otağına qaçıb qapısını bağladı. Tez-bazar hazırlaşıb, üz-gözünə əl gəzdirdi. Üzünə bər-bəzək vurmaqdan zəhləsi gedirdi. Amma gözlərinə bol sürmə çəkməyi sevərdi. Və adətən, tünd dodaq doyasından istifadə edirdi. Saçlarını daradı amma sonra əlləri ilə bir az qarışdırdı. Artıq hazır idi. Bu gün çoxdandır işlərini bəyəndiyi bir rəssamın sərgisi keçirilirdi. Gövhər Aden. Qadını bitirdiyi universitetdən tanıyırdı. Qırx iki yaşı vardı və müəllimə işləyirdi. Rəssamlıq ikinci işi idi. Haqqında əlavə heçnə bilmirdi. Heç maraqlanmırdı da. Amma qadının əl işləri görülməyə dəyər idi.
Evin çıxış qapısına doğru sürətlə addımladı. Çünki yenidən anasına və ya nənəsinə görünüb sözə tutulmaq istəmirdi. Böyük ehtimalla onu görsələr dayandıracaq, başdan-ayağa süzəcək və üst-başında düzəlişlər etməyə çalışacaqdılar. Kahira, buna nifrət edirdi. Ayaqqabı qutusundan qalın botlarını çıxartdı. Tələsik ayağına keçirtdi amma iplərini bağlamadı. Ayaqqabılarını bu cür geyinməyi xoşlayırdı. Birdən hələ də mətbəxdə olan anasının səslənişini eşitdi:

Xoşbəxtliyə çatanda əldə qalanlarTempat cerita menjadi hidup. Temukan sekarang