qırmızı.

465 2 0
                                    


"Nə qəribə planetdir. Hər yer quru, sivri, sərt və qəddardır. İnsanlar öyrənmək üçün vaxt tapa bilmirlər. Satıcılardan hər şeyin hazırını alırlar. Hələ ki, dost satan bir satıcı olmadığı üçün də dostsuz qalırlar."
Kahira, yol boyu bu nazik, kiçik kitabı oxudu. Anarla ayrıldıqdan sonra başını qatmaq üçün yaxşı səbəb tapmışdı. Kitab o qədər sevimli, o qədər duyğulu idi ki, evə çatdıqdan sonra belə o, kitabdan gözünü ayıra bilməmişdi. Bir neçə saat ərzində kitabı bitirmiş, rəfdə ayrıca sıraladığı ən sevdiyi kitablar arasına yerləşdirmişdi. Günlər öncəsindən gələn məktub kitabların arasında yerini almışdı. Kahira, Anarın ünvan üçün Gövhərə ağız açdığına inana bilmirdi. Qadın bunun üçün əvvəlcə Səhraya, sonra Familə zəng etməli olubmuş. Kahira, Anarın bu məsələni Gövhərə necə açdığını bilmək istəyirdi ancaq bu barədə çox sual verməyə zamanı qalmamışdı. Qollarını açıb özünü yatağının üzərinə atdı. Dəqiqələr boyu sıxılmadan tavana zillədi. Həmin dəqiqələr ərzində onun düşüncələri sehirli bir xalça kimi Kahiranı xülyalar dünyasında sürətlə bir nöqtədən digərinə daşıyırdı..

***

İləridəki on gün ərzində onlar üç dəfə daha görüşdü. İlkində onlar tarixi muzeylərin birinə getdi. Bir digərində isə sıradan bir kafedə görüşdülər.
Kafedə görüşəcəkləri gün Kahira Anarı on dəqiqəyə yaxın gözləməli olmuşdu. Çünki dediyinə görə Anar kafeni tapmaq üçün şəhəri xeyli gəzməli olmuşdu. Nəhayət oranı tapdığı zaman pəncərə kənarında oturub əlində tutduğu kitabı oxuyan Kahiranı görmüş, xeyli müddət elə bayırda, ayaqüstə dayanıb onu seyr etmişdi. Əlindəki kitab kiçik ölçülü və nazik idi. Əynində qalın, qara, papaqlı köynək vardı. Boğazına hansısa qara,parçadan boyunbağı bağlamışdı. Nazik,uzun barmaqları kitabın arxasından görünməkdə idi. Sifariş etdiyi şirniyyatdan hələ yeməmişdi, çayı bəlkə də çoxdan soyumuşdu. İçəridə çox adam yox idi. Sürməli, siyah gözləri kitabın üzərində sağa-sola doğru hərəkət edirdi. Tünd bənövşəyi dodaq boyası onun rəsmiyyətini olduqca artırmışdı. Birdən o, özündən əmin şəkildə, sanki bunu çox uzun zamandır bilirmiş kimi birbaşa Anarın şüşə arxasındaki üzünə baxmışdı. Kirpiklərini bir neçə dəfə qırpan zaman onun üzündəki ifadə stabil idi. Təəccübü heçmi yox idi, yoxsa gizlətməyi yaxşımı bacarırdı- Anar bunun qərarsızlığını yaşadı. Sonra Kahira gülümsəyib onu kiçik bir üz jesti ilə salamlamışdı. Anar, kafenin qapısına doğru irəliləmişdi.

- Orada hələ nə qədər dayanacaqdın?

- Deməli xəbərin var idi?

- Kim bilir?

Anar, gülümsəmişdi. Onun üçün nə qədər darıxdığını ona yaxın olduqca daha yaxşı anlayırdı.

- Nə oxuyursan?

- Çıxarkən rəfdən götürdüm. Haqqında heçnə bilmirdim. Biraz oxudum. Hiroşima haqqındadır. Atom bombasının atılmasından on beş il sonra insanların həyatı. Təsəvvür edirsən? Bombanın atıldığı ilk on saniyə içərisində iki yüz min insan ölüb. On saniyə içində iki yüz min insan.. Bu dəhşətdir..

Anar asta-asta başını yellədi.

- Elədir.. Dəhşətlidir.

- Hiroşimalı orta yaşlı bir kişinin xatirələrindən yazılıb. Əslində həmin vaxt başqa ölkədə imiş. Ancaq hücum zamanı bütün ailəsini, qohum-əqrəbasını itirib. Tamam tək qalıb. Sərhədlərdən, fərqli ölkə adlarından, prezidentlərdən, siyasətdən-hamısından zəhləm gedir! Niyə elə baxırsan?

Xoşbəxtliyə çatanda əldə qalanlarWhere stories live. Discover now