Zərdüşt rastına çıxan birinci şəhərə girəndə bütün əhalini bazar meydanına yığışan gördü. Şəhərə hay düşmüşdü ki, kəndirbaz oynadacaqlar. Zərdüşt üzünü camaata tutub dedi: "Sizə fövqəlinsan haqqında dərs vermək istəyirəm! İnsan belə bir şeydir ki, özündən yüksəyə qalxmalıdır. Bəs siz kamilləşmək naminə əlinizi ağdan qaraya vurmusunuzmu?
Yer üzünün cəmi məxluqatı özündən daha ali bir şey yaradır, təkmilləşməyə, kamilləşməyə can atır. Bəs siz niyə quyruqda sürünürsünüz, niyə bu axına qoşulmursunuz? Öz naqisliyinizi dəf etmək əzabına qatlaşmaqdansa, heyvan əcdadlarınızın halına qayıtmağı əfzəl bilirsiniz.
İnsanın nəzərində meymun nədir? Lağ hədəfi, üzüntülü xəcalət. Bax, fövqəlinsan üçün də insan belə bir şey olmalıdır: lağ hədəfi, üzüntülü xəcalət.
Siz soxulcandan insana dönəli nə qədər sellər-sular axıb, amma gör siz soxulcan xislətindən qurtara bilibsinizmi? Bir vaxtlar siz meymundunuz, indinin özündə də insan təbiətindəki meymunluq hər bir meymunu mat qoyur. Sizlərdən ən ağıllısı fitnədən və bitki ilə kabusun qarışığından başqa bir şey deyildir.
Mən sizi kabus və ya bitki olmağa çağırmıram. Sizə fövqəlinsan dərsi vermək istəyirəm! Fövqəlinsan kürreyi-ərzin mənasıdır. Qoy iradəniz de bunu desin: Fövqəlinsan kürreyi-ərzin mənası olmalıdır!
Qardaşlar, sizi and verirəm inandığınıza, öz dünyanıza sığının, bu dünyaya pənah gətirin. Qoymayın o biri dünya haqqındakı cəfəngiyatla gözünüzə kül üfürsünlər. Beyninizi belə zəhərləyən kəslərə zəhərli ilandan başqa nə ad vermək olar? Amma yox, onların arasında elə kütbeyinləri də var ki, öz yalanlarına inanırlar, öz yalanlarından zəhərləniblər, ilmizalım danışıqları yalan qan kimi öz qəlblərinə də işləyib. Torpaq da belələrindən bezardır, görüm onları lənətə gəlsin! Vaxt vardı allahı təhqir etmək ən ağır qəbahət sayılırdı, amma allah öldü, bu günahlardan qurtulduq. İndi günah dediyin gözəgörünməz, yeribilinməz bir qüvvənin itaətindən çıxmaq deyil, öz dünyamızda şər işləyən kəs daha artıq günaha batır.
Bir zamanlar ruh cismə düşmən kəsilmişdi. Guya bədənin arıqlığı, zəifliyi, çirkinliyi ruhun ucalığına dəlalət edirdi. Bu yolla ruh bədəni tərk etmək, günahkar dünyamızdan qurtulmaq istəyirdi.
Oh, belə qəddar ruh əslində cisimdən qat-qat artıq zəif, düşkün və eybəcər idi; qəddarlıq bu ruhun ehtirasına dönmüşdü.
Bəs indini özündə bir mənə deyin – bədəniniz ruhunuzun haqqında nə düşünür? Ruhunuz səfalət, çirkab və mənfur ehtirasdan yoğurulmayıbmı?
Bəli, insan dediyin murdar bir lehmədir. Gərək necə nəhayətsiz bir ümman olasan ki, öz suyunu bulandırmadan bu lehməni ağuşuna ala biləsən.
Bax, fövqəlinsan belə bir ümmandır, elə sonsuz ümman ki, bütün həqarətləriniz onun sularında itib-batır, yuyulub arınır.
Keçirəcəyiniz ən ali hissin nə olduğunu bilirsinizmi? Bu, ikrah saatının çatmasıdır. O saatın ki, səadətiniz, ağlınız, fəzilətləriniz belə sizi iyrəndirəcək.
O vaxt ki, siz dediniz: Mən bunamı səadət deyirəm? Bu ki, səfalət, rəzalət, mənfur bir ehtirasdır. Mənim səadətim isə yalnız özümü təmin etməməli, ona həyatın özü bəraət qazandırmalıdır.
O vaxt ki, siz dediniz: Məndə ağıl deyilən şeydən əsarət varmı? Varsa nə üçün o, pərvanə olub elm atəşində yanmır? Nə üçün mən özümdə elmə təşnə duymuram? yalnız murdar ehtiraslara aludə olan belə ağıl sahibinə səfildən, rəzildən savayı nə ad vermək olar?
O vaxt ki, siz dediniz: Bəsdir insaniyyətdən, xeyirxahlıqdan dəm vurdum! Fəzilətlərim də, qəbahətlərim də daha ürəyimi vurub. Bunlar hamısı səfalətdir, rəzalətdir, murdar bir ehtirasdır.
O vaxt ki, siz dediniz: Mənmi özümü ədalətli sanıram? Ədalət istəyən kəs gərək səməndər quşu kimi alovlara tutuşsun. Bəs mən bu oddan-alovdan keçməyə hazırammı?
O vaxt ki, siz dediniz: Şəfqət dedikləri nə olan şeydir axı? Ürəyiyumşaqlar üçün qurulmuş bir tələ. Yox, mən kimsəyə tələ qurmaq istəmirəm. – Bax, onda çatacaq bu saat! Heç bunlar ağlınıza gəlibmi? Heç belə fəryad qopardığınız olubmu? Ah, sizin bu fəryadınızı eşitməkdən ötrü mən nələrdən keçməzdim!
Boğazacan çirkab içində olan sizlər əlinizi göylərə açıb səmadan mərhəmət diləyirsiniz.
Hanı elə bir şimşək ki, xislətinizdəki naqisliyi yandırıb külə döndərsin, ruhunuzu nura bələsin.
Eşidin, fövqəlinsan elə bu şimşəyin özüdür.
Zərdüşt elə bunu demişdi ki, camaat arasından biri qışqırdı: "Nə vaxtdır kəndirbazın sorağın almışıq, imkan ver baxaq də!» Elə bil hamı himə bənd imiş. Yerbəyerdən Zərdüştü ələ salıb gülməyə başladılar. Bu sözlərin ona aid olduğunu zənn edən kəndirbaz tələsik işə girişdi.