1

167 6 0
                                    


FÖVQƏLİNSAN VƏ SONUNCU İNSAN HAQQINDA

Otuz yaşın tamamında Zərdüşt vətənini və vətənin gölünü tərk edib dağlara çəkildi. Düz on il ruhu və tənhalığından həzz alıb bundan usanmadı. Axır ki, qəlbində dönüş oldu - bir sabah şəfəqlə birgə oyandı, üzünü günəşə tutub belə dedi:

"Ulu ulduz! Əgər işıqlandırdığın kəslər olmasaydı, sənin xoşbəxtliyin nəyə dönərdi?! Düz on il sərasər mənim mağaramın üzərinə qalxdın: Mən olmasaydım, mənim qartalım, ilanım olmasaydı, sən işığından doyar, təngə gələr və bu yol səni bezdirərdi.

Amma biz hər səhər səni gözləyir, sənin artığını qəbul edir və sənə xeyir-dua verirdik.

Bir bax! Mən həddən artıq bal toplamış arı kimi öz müdrikliyimdən təngə gəlmişəm; mənə əllər lazımdır, mənə sarı uzadılmış əllər.

Ağıllı insanlar ağılsızlıqları, kasıblar isə zənginlikləri ilə yenidən fərəhlənənədək bölüşmək və pay vermək istəyirəm.

Bunun üçün mən aşağı enməliyəm: necə ki, bunu sən edirsən – dənizlərə dalaraq, dünyanın əks tərəfinə işıq apararaq, ey zəngin ulduz!

Mən, yanlarına enmək istədiyim insanların adlandırdığı – qürub etməyi sənin kimi bacarmalıyam.

Xeyir-dua versənə mənə, ey gözütox, hətta ən böyük səadətə belə həsəd aparmadan baxan!

Bu aşıb-daşmağa hazır piyaləyə xeyir-dua ver ki, o içindəki qızılı suyu axıtsın və sənin nəşənin parıltısını aləmə yaysın!

Bir bax, bu piyalə yenə boşalmaq və Zərdüşt də yenidən insan olmaq istəyir."

– Zərdüştün qürubu belə başladı.


FRİDRİX NİTSŞEZƏRDÜŞT BELƏ DEDİHikayelerin yaşadığı yer. Şimdi keşfedin