Bu ara axşam qanadını bazar meydanı üzərinə kərdi. Hərə öz iş-gücünün dalınca getdi. Axı hər marağın, dəhşətin də bir həddi var, vaxtı çatanda adamı bezdirir. Təkcə Zərdüşt meyitin yanında oturdu. Elə bərk xəyala dalmışdı ki, vaxtı da hiss etmirdi. Budur, gecə də düşdü. Axşamın sərin nəsimi onun üzünü yaladı. Zərdüşt ayağa qalxıb, qəlbinə xitabən dedi: "Ovun əcəb uğurlu oldu, Zərdüşt! Adam tutmaq istəyirdin, qismətinə meyit düşdü.
İnsan həyatı nə qədər dəhşətlidi və mənasızdır, miskin bir oyunbaz onun taleyini həll edə bilər.
Mən insanlara onların həyatının mənasını anlatmaq istəyirəm, onları qara-güruhdan fövqəlinsan səviyyəsinə qaldırmaq istəyirəm.
Lakin mən hələ onlara yadam, düşüncələrim onlara çatmır. Onların nəzərində mən sərsəmlə ölü arasında bir adlamacam.
Zərdüşt, sənin yolların da bu gecə kimi zülmət içindədir. Gəl, mənim soyuq, cansız yoldaşım! Kedək səni son mənzilə yola salım".