10

61 4 1
                                    

Zərdüşt ürəyində belə deyəndə gün iki cida boyu qalxmışdı. Nakahan başı üstündə quş səsi eşidəndə gözləri heyrətlə göylərə sarı açıldı. Səmada bir qartal qıy vururdu, bir ilan da ondan asılı qalmışdı, amma qartalın qəniməti yox sirdaşı idi, həlqə-həlqə qıvrılıb qartalın boynunda bənd almışdı.

"Mənim heyvanlarımdır" – Zərdüştün ürəyi atlandı. "Dünyanın ən məğrur və dünyanın ən ağıllı heyvanı. Məndən xəbər tutmağa çıxıblar, bilmək istəyirlər, Zərdüşt saqdırmı?

Doğrudan, görən mən sağammı?

Adamlar arasında olmaq mənə heyvanların içində yaşamaqdan qat-qat qorxuludur. Yaman xatalı yola düşmüsən, Zərdüşt. Qoy heyvanlarım mənə yol göstərsin".

Bu vaxt Zərdüşt meşədəki pirin sözlərini yadına salıb ah çəkdi. Öz-özünə belə dedi:

"Müdrik olmaq istərdim. Kaş ki, bu ilanın ağlınca ağlım olaydı. Amma çox xam xəyala düşmüşəm, istəyirəm ki, qürurum daim ağlıma söykək dursun.

Günlərin birində ağlım məni tərk etsə, ağlın yoldaşlığı isə çətin ki başaçan olsun, qoy onda qürurum axmaqlığıma qoşulub qaçsın".

Zərdüştün qürubu belə başladı.

ZƏRDÜŞTÜN NİTQLƏRİ

Üç çevrilmə haqqında

Sizə ruhun üç çevrilməsinin adını çəkəcəm: ruhun dəvəyə, dəvənin şirə, sonunda isə şirin uşağa dönməsindən.

Güclü, dözümlü ruhun başı çox bəlalar çəkir, gücü onu zillətlərə, məşəqqətlərə sövq edir.

"Ağır nə var"? – deyə dözümlü ruh dəvə kimi yerə xıxlayır ki, onu rahatca yükləsinlər.

"Ən çətin şey nədir, qoçaqlar: onu mənə verin ki, öz gücümdən feyzyab olum".

Nədir bu? Təkəbbür xətrinə özünü alçaltmaq? Müdrikliyə rişxənd etmək naminə axmaqlığını büruzə vermək?

Ya qələbəyə çataçatda işindən ayrılmaq? ya da əngin zirvələrə dırmaşıb azdıranı azdırmaq?

Ya beynini limhəlim biliklərlə doldurub haqq naminə ruhunu acından gəbərtmək?

Bu ona bənzəmirmi ki, xəstə yatsan, candan yananı başdan eləyib karlarla müsahiblik edəsən ki, nə istədiyini də ömürbillah eşitməyələr.

ya həqiqətin axtarıram deyin murdar suya girsən, üstünə dırmaşan soyu qurbağaların belə xətrinə dəyməyəsən?

Ya sənə nifrət edənləri sevəsən, və ya başına min bir oyun açmaq istəyən kabuslara əl uzadasan?

Bütün bu yükləri dözümlü ruh yüklənib səhraya tələsən dəvə sayağı öz boynuna götürür və öz səhrasına yollanır.

Kimsəsiz səhrada isə ikinci bir çevriliş olur: Ruh şirə dönüb azadlığa çıxmaq istəyir, öz səhrasında ağalıq etmək xəyalına düşür.

Öz axırıncı sahibinə qənim kəsilir, ona və allahına qarşı çıxmaq xəyalına düşür, qələbə naminə ən azman əjdaha ilə kəllə-kəlləyə gəlir.

Bəs ruhun nə sahib, nə də allah gözündə görmək istəmədiyi azman əjdaha nə olan şeydir?

Bu azman əjdahanın adı "Sən etməlisən"dir. Şirin ruhu isə "Mən istəyirəm" deyə haray çəkir.

"Etməlisən" qaratikan kimi ruhun yolu üstündə bitir, hər an ağır yük kimi onu əzir, amanını qırır, "etməlisən"!

Min illiklərin dəyərləri əjdaha dərisinin pulunun üstündə parıldayır. Əjdahalarınsa ən qüdrətlisi deyir: "Bütün şeylərin dəyərləri mənim üstümdə parıldayır. Bütün dəyərlər artıq müəyyən edilib, və onların hər birisi mənəm.

FRİDRİX NİTSŞEZƏRDÜŞT BELƏ DEDİHikayelerin yaşadığı yer. Şimdi keşfedin