Zərdüşt ölünü dalına alıb yola düzəldi. Yüz addım atmamışdı ki, kimsə qabağını kəsdi. Kim olsa yaxşıdır – təlxək. O: "Çıx get bu şəhərdən, Zərdüşt! – deyə pıçıldadı. – Burada kimsənin səni görəsi gözü yoxdur. Ən dürüst və adil adamların belə səndən zəhləsi gedir, o qədər nifrətdən dəm vurdun ki, onlar səni kütləyə düşmən bildilər. Dindarlar isə lap sənin qanını içərlər, səni camaata təhlükə kimi qəbul etdilər. Bəxtin kəsdi ki, səni ələ salıb güldülər. Doğrudan yaman hətərən-pətərən danışırdın. Bəxtin onda gətirdi ki, bu itin meyitinə sahib durdun. Özünü belə alçaltmağın bugünlük sənin canını qurtardı, Amma indi şəhərdən çıxmasan, sabah da həmən oyunu sənin başına açacaqam". Sözünü qurtarar-qurtarmaz kişi elə bil qeybə çəkildi. Zərdüşt isə qaranlıq döngələrin zülmətini yara-yara xeyli yol getdi.
Şəhər darvazasının ağzında mürdəşirlərlə qabaqlaşdı. Məşəlin işığını üzünə saldılar, Zərdüşt olduğunu bilib, ələ salmağa başladılar. "Zərdüşt it meyiti daşıyır, afərin Zərdüşt də mürdəşir oldu. Biz onsuz da əlimizi belə zibilə bulaşdırmazdıq. Zərdüşt şeytanın tikəsini əlindən almaqmı istəyir? Nuş olsun! Amma qorx ki, şeytan səndən də fəndgir çıxsın, Zərdüşt! İkinizi də birdən cənginə keçirsin", – çiyinləri atıla-atıla gülürdülər.
Zərdüşt onların sözünə etina etməyib yoluna davam etdi. İki saatdı ki, meşənin və bataqlıqların içi ilə gedirdi, aç qurdların ulartısına o qədər qulaq asdı ki, ona da aclıq əl verdi. Bir evdən işıq gəldiyini görüb ayaq saxladı. "Acından ürəyim gedir. Mənim iştaham da baş çıxarılası deyil, vaxt olur ki, süfrə yığışmamış təzədən açıram, bu gün isə tezdənnən dilimin altından su keçməyib, aclıq da bilməmişəm».
Zərdüşt qapını döydü. Qapıya əlində fənər qoca bir kişi çıxdı. "Narahat yuxularımı pozan kimdir belə"? – deyə soruşdu.
"Bir diri ilə, bir ölü, – Zərdüşt dilləndi. – Mənə yeməyə bir şey verin, səhərdən dünya qutu dadmamışam. Acları yedizdirmək savabdır".
Qocanın getməyi ilə qayıtmağı bir oldu. Zərdüştə çörəklə şərab gətirmişdi. "Bu əldən-ayaqdan uzaq yerlər acların qənimidir. Ona görə burada düşüb qalmışam. Mən tənha qocanın yanına hərdən heyvanlar gəlir, hərdən də adamların güzarı düşür. Yoldaşına de, qoy o da yesin, çox yorğun görünür». Zərdüşt dedi: " Çətin mən onu yola gətirəm, yoldaşım ölüb". "Bunun mənə dəxli yoxdur, – qoca deyindi. – Mənim qapımı döyən kəs gərək çörəyimdən dada. Yeyin, sonra xoş gəldiniz».
Zərdüşt yolu əlinə alıb ay işığında daha iki saat yol getdi. Əslində o, gecə yol getməyə adətkarda idi, yatan adamın üzünə baxmaqdan da çox xoşlanırdı. Gün çərtəndə Zərdüşt özünü ucsuz-bucaqsız bir meşədə gördü. Burdan o yana daha yol-iz yox idi. Qurd-quş dəyməsin deyə ölünü bir ağac oyuğunun xəfəsində daldaladı, özü elə yerdəcə uzandı. Və o dəqiqə, bədəni yorğun, ruhu isə möhkəm, yuxuya getdi.