Sözüm, bədənə nifrət edənləridir.
Nə öyrəndiklərinizi təzələməyə hacət var, nə də öyrətdiklərinizi; siz ancaq bədənlərinizi unutmalı və bundan sonra lal-dinməz qalmalısınız.
"Mən həm cisməm, həm də ruham" – uşaq belə deyir. Niyə gərək hamı uşaqlar kimi deməsin?
Amma yaşlıbaşlılar: ağlıkəsənlər deyir: Mən yalnız cisməm, vəssalam, qəlb isə cismdə olan nəyinsə adıdır.
Amma oyanmış və ağlıkəsən insan deyir: "Mən cisməm, cismdən başqa bir şey deyiləm; ruh isə cismdə olan nəyinsə adıdır".
Bədən – böyük idrak, bir beyni olan toplum, hərb və sülh, sürü və çoban deməkdir.
Sənin kiçik ağlın də var, o, bədəninin alətidir, qardaş, böyük idrakın bu kiçik alət və oyunçağına "ruh" deyirsən sən.
"Mən" deyirsən, bu sözlə iftixar edirsən. Amma ondan da böyük sənin böyük idraklı bədənindir, buna isə sən inana bilmirsən. O, "Ego" sözünü demir, amma "Ego" edir.
Hissin duyub ağlın tanıdığı şeylərin heç vaxt məqsədi olmur. Lakin hiss də, ağıl da səni inandırmaq istəyir ki, hər şeyin məqsədi məhz onlardır: gör, necə lovğadır onlar.
Hiss və ağıl olsa-olsa alət və oyuncaqdır: onların arxasında "Öz"lük durur. "Öz"lük hissin gözləri ilə axtarır, ruhun qulaqları çilə dinləyir.
"Öz"lük daim dinləyir, axtarır: o müqayisə edir, məcbur edir, qarət edir, dağıdır.
Ağalıq edir, hətta "Ego"ya də sahiblənib o. Fikirlərinin, hislərinin arxasında qardaş, qüdrətli bir sahib, naməlum bir müdrik dayanır – adına "Öz"lük deyirlər. O sənin bədənində yaşayır, sənin bədənin məhz odur.
Bədənindəki ağıl ali idrakındakından qat-qat çoxdur. Və kim bilir, bu ali idrakı sənin bədənin nəyə sərf edəcək?
Sənin "Öz"ün "Ego"sına və onun məğrur sıçrayışlarına gülür. "Fikrin bu sıçrayışları, uçuşları nəyimə gərəkdir? – öz-özünə deyir. – "Bunlar ki məqsədimə çatmağa dolaşıq bir yoldur".
O deyir: "Ego"nu haqq yoluna dartan kəndir mənəm; "Ego"nun anlayışlarını formalaşdıran mənəm.
"Öz"lük "Ego"ya deyir: "Burada ağrı duy" ! O da əzabdan qovrulur, fikirləşir necə eləsin bu ağrıdan qurtulsun, – və məhz buna görə o, düşünməlidir.
"Öz"lük "Ego"ya deyir: "Burada həzz duy"! Onun şadlığının hüdudu olmur, fikirləşir, necə eləsin bu şadlığın ömrünü uzatsın, – və məhz buna görə o, düşünməlidir.
Sözüm bədənə nifrət edənlərədir. Onların nifrətlərin səbəbi isə hörmətləridir. Hörməti, nifrəti, dəyəri, iradəni nə yaratdı?
Bu hörməti və nifrəti yaradan "Öz"lük yaratdı, həzz və iztirabı o icad etdi. Yaradan bədən ruhu özünə iradə aləti kimi yaratdı.
Axmaqlıq və nifrətinizlə belə siz, bədən düşmənləri, öz "Öz"lüyünüzə xidmət edirsiniz. Budur deyirəm: sizin "Öz"ünüz özü ölüb qurtarmaq, həyatdan üz çevirmək istəyir.
Hər şeydən artıq istədiyi bir şeyi etməyə – öz fövqündə yaratmağa – daha taqəti qalmayıb.
Ən ümdə istəyi, həyatdan tək gözləməsi budur.
Lakin daha gecdir – bu üzdən sizin "Öz"ünüz məhv olmaq istəyir, badən düşmənləri.
Sizin "Öz"ünüz məhv olmaq istəyir, çünki, siz bədənin düşməni oldunuz! Çünki sizdə daha öz fövqünüzdə yaratmaq iqtidarı qalmayıb.