5

52 8 1
                                    

Zərdüşt bu sözləri demişdi ki, gözü camaata sataşdı. Elə bil nitqi kəsildi. Öz-özünə: "Bunlar ki, gülürlər, – dedi, – məni anlamadılar, tək bircə kəlməni belə anlamadılar. Yəni doğrudanmı bu adamlar təkcə qamçının dilini başa düşür?! Doğrudanmı mən təbil kimi və ya tövbə vaizi kimi güruldamalıyam? Bəlkə onlar yalnız kəkələyən adama inana bilərlər?

– Sanki nəyəsə güvənirlər. Onları ayrıca özündən razı edən nə ola bilər axı? Onlar bunu mədəniyyət adlandırırlar, məhz bu onları malotarandan fərqləndirir.

Buna görə onlar özləri haqqında "nifrət" sözünü eşitmək xoşlamırlar. Nə olar, eləsə mən onların qüruruna müraciət etməliyəm.

Mən onlara ən rəzil məxluqdan, sonuncu insandan danışacam".

Və Zərdüşt xalqa belə dedi: Qarşımıza məqsəd qoymağın vaxtı gəlib. Ali ümidimizin ağacını əkmək vaxtı gəlib. Hələ ki, torpağımızın gücü qalıb. Amma nə vaxtsa bu güc tükənəcək və burada bir dənə də olsun uca boylu ağac bitə bilməyəcək.

Heyhat! Bir azdan insan həsrət oxunu insanların başının üstündən ata bilməyəcək, onun yayın kirişi daha gərginliyə dözəmməyəcək.

Sizə deyirəm, qəlbinizdə xaos daşıyın ki, rəqs edən ulduz doğa biləsiniz. Sizə deyirəm ki, qəlbinizdə o xaos hələ ki var.

Heyhat! Bir azdan insan ulduz doğa bilməyəcək. Ən murdar insanın zamanəsi gəlir, bu insan artıq öz-özünə nifrət edə bilməyəcək.

Baxın, mən sizə sonuncu insanı göstərirəm.

Sonuncu insan "Sevgi nə deməkdir? Yaratmaq, can atmaq nə deməkdir? Ulduz nədir? – deyib gözlərini döyəcək.

Yer üzü özü də xırdalıb, sonuncu insan orada at oynadir və toxunduğu hər şey də özü kimi cılızlaşır.

Onun nəsli həşərat kimi yenilməzdir – sonuncu insan hamıdan çox yaşayır.

Sonuncu insanlar "bəxtəvərliyin yolunu tapmışıq" deyib gözlərini döyərlər.

Soyuq ölkələri tərk ediblər – onlara isti lazımdır. Qonşularını çox sevirlər, onlara sığınırlar – onlara isti lazımdır. Yatağa düşmək və ya bədgüman olmaq onlarda günah sayılır, çünki onlar ehtiyatla yeriyirlər, – adam və ya daş ancaq axmaq adamın ayağına ilişər. Zəhər də versən içərlər, təki bir az da bərk uyusunlar. Ölümün də asanına qaçırlar, zəhərin miqdarını azca artır, canını həmişəlik qurtar. Hələ ki, iş-güc dalınca da gedirlər, başlarını nə iləsə qatmalıdırlar axı. Amma nəbadə iş əyləncə həddini keçə.

Nə varlı, nə kasıb olacaq: hərəsi bir cür baş ağrısıdır. Nə ağalıq eşqinə düşən olacaq, nə də qulluq göstərmək istəyən: hərəsi bir cür baş ağrısıdır.

Başsız sürü! Bərabərçilik istəyirlər, hamı bərabərdir. Başqa cür düşünürsənsə, öz əl-ayağınla get otur dəlixanada.

Onlardan ən ağıllıları: "Əvvəl bütün dünya dəlixana idi», – deyib gözlərini döyərlər.

Ağlımız da var, dünyadan xəbərimiz də, odur ki, kef çəkib doyunca gülmək olar. Onlar hələ de bir-birlərinin xətrinə dəyir, amma kin saxlamırlar – kin mədəni poza bilər.

Onların gündüzlər üçün öz əyləncələri, gecələr üçün öz əyləncələri var; ən əsası isə can sağlığıdır.

Sonuncu insanlar "bəxtəvərliyin yolunu tapmışıq" deyib gözlərini döyərlər.

Bu yerdə Zərdüştüm "Müqəddimə" adlandırılan birinci nitqi başa çatır, çünki bu ara camaatın qaraqışqırığı və gülümsəməsi Zərdüştü susmağa vadar etdi. Qara-güruh: "O sonuncu insanları bəri elə, Zərdüşt! ya da bizim özümüzü sonuncu insanlara çevir və biz sənə fövqəlinsanı peşkəş eləyirik!", – deyə boğazını yırtırdı. Kefləri ala dağda idi. Şadlıqdan yerə-göyə sığmırdılar. Zərdüşt isə ürəyində: "Onlar məni anlamır, mənim fikirlərim onlara çatmır" – deyə inlədi.

Gör necə illərdi dağlarda yaşayıram, müsahibim göllər, ağaclar olub: indi isə elə bil ki, çobanlarla danışıram. Ruhumun sıcağı, qəlbimin odu dağı-daşı yandırar, amma bunlar ruhumu soyuq bilib sözümü dəhşətli zarafat sandılar. Üzümə baxıb gülürlər və gülərək nifrət edirlər. Gülüşlərinin buzu duyulur.


FRİDRİX NİTSŞEZƏRDÜŞT BELƏ DEDİHikayelerin yaşadığı yer. Şimdi keşfedin