Zərdüşt tək-tənha dağları tərk etdi. Bir ins-cins görünmürdü. Amma meşəyə təzəcə girmişdi ki, qabağında bitki kökləri axtarmaq üçün öz komasını tərk etmiş pirani bir qoca peyda oldu. Qoca Zərdüştü görçək dedi:
–"Bu səyyah mənə tanış gəlir: neçə il öncə o burdan keçib, adı Zərdüştdür, amma çox dəyişib.
O vaxt dağlara gülü gedirdi, indi atəşilə dərələri yandırmaqmı istəyir? Atəşpərəstlərin cəzasından qorxmurmu görən?
Hə, tanıdım Zərdüştü. Üz-gözündən nur tökülür.
Zərdüşt yaman dəyişib. Uşaq idi, kamil insana dönüb: yaxşı bu ölü camaatın yanına getməkdə qəsdin nədir?
Tənhalıq səni dəniz kimi ağuşuna almışdı. İndi də sahilə çıxmaq xəyalına düşmüsən? Səndə heç qorxu deyilən şey yoxdurmu? Təzədən cəsədə dönməkdən qorxmursanmı"?
Zərdüşt cavab verdi: "Mən insanları sevirəm".
– "Bəs mən niyə meşəyə çəkilmişəm, niyə özümdə dəfn olunmuşam? Ona görə deyilmi ki, insanları qədərindən artıq sevirdim?
İndi yalnız allahı sevirəm. İnsanları sevmirəm daha. İnsan mənim nəzərimdə natamam, yarımçıq məxluqdur. İnsana məhəbbət məni axırıma çıxardı".
Zərdüşt cavab verdi: "Mən məhəbbətdən dəm vurmuram axı? İnsanlara bəxşiş verəcəyəm".
"Onlara heç nə vermə, – qoca dilləndi, – bacar nələri var əllərindən al, onlara belə lazımdır. Əgər vermək istəyirsənsə, sədəqə ver onlara, özü də asanlıqla yox, ilan kimi dil çıxarandan, dizin-dizin sürünəndən sonra"!
"Yox, – Zərdüşt onun sözünü kəsdi. – Mən sədəqə paylayacaq qədər miskin deyiləm".
Zərdüştün sözləri qocanı güldürdü: "Gör heç sənin xəzinəni saya salacaqlarmı? Onlar biz qəriblərdən şübhələnir; bizim bir şey verə biləcəyimizə inanmırlar.
Küçələrdə tənha addım səslərimiz onları hürküdür. Elə ki gecə vaxtı bir adamın getdiyini gördülər, ürəklərinə yüz qara-qorxu dolur, öz-özlərinə sual edirlər ki, görəsən bu oğru kimin evini yaracaq?
İnsanlar arasına getmə, qal meşədə! ya da yaxşısı budur heyvanların yanına yollan! Niyə axı mənim kimi olmaq istəmirsən? Ayılarla, quşlarla müsahiblik etməyin nəyi pisdir"?
"Ey pir, sən meşədə nə iş görürsən axı»?
İxtiyar cavabında: "Mən mahnı qoşur, nəğmələr deyir, istəyəndə gülür, istəyəndə ağlayır, allahımı ürəyim istəyincə mədh edirəm, – dedi.
Mən allahı, öz allahımı nəğməmdə, gülüşümdə, göz yaşlarımda yad edirəm. Yaxşı, sənin bəxşişin nə ola belə"?
Bu sözləri eşidən Zərdüşt ehtiramla dedi: "Mən sizə nə verə bilərəm ki? Məni tez başdan eləyin, çıxıb gedim ki, barı heç nəyinizi götürməyim". Beləcə ayrıldılar. Ayrılarkən bu yaşlı-başlı kişilər iki sadədil uşaq kimi gülürdülər.
Elə ki Zərdüşt tək qaldı, öz-özünə söylədi: "Sən bir işə bax! Bu qoca pir meşədə hər şeydən xəbərsiz yaşayır. Hələ indiyəcən bilmir ki, Allah ölmüşdür!»