Zərdüşt gün günorta yerinə çatanacan yatdı. Ayılanda meşəyə, sükuta və təəcüblə öz içərisinə baxdı. Sonra o dənizçi gəmidən yeni quru görən kimi, qəfildən sıçrayıb ayağa qalxdı və sevindi, çünki ona yeni bir həqiqət əyan olmuşdu. Qəlbinə xitabən dedi:
"Elə bil içimdə ay doğdu, anladım ki, mənə məsləkdaşlar lazımdır, kor-koranə iradəmə tabe olan ölü canlar, ruhsuz cəsədlər yox. Mənə elə məsləkdaşlar gərəkdir ki, şüurla mənə qoşulsun, mənimlə oddan-alovdan keçməyə hazır olsun.
Elə bil içim nurlandı. Mən üzümü bütün xalqa deyil, öz məsləkdaşlarıma tutmalı, sözümü tək onlara deməliyəm. Zərdüşt bütöv bir sürünün çobanı və keşikçi iti ola bilməz.
Bu sürüdən özümə lazım olanları seçib götürəcəyəm – mən bunun üçün gəlmişəm. Bu xalq və sürü qəzəblənəcək: Zərdüşt çobanlar arasında quldur adı qazanmaq istəyir. Mən onlara çoban deyirəm, onlarsa özlərini xeyirxah və mömin sanırlar:
Mən onlara çoban deyirəm, amma onlar özləri özlərinə dindar adı qoyublar.
Sən bu xeyirxah möminlərə bir bax! Gör ən çox nifrət etdikləri kimdir? O kəs ki, onların dəyərlər toplumunu dağıdır, qanunlarını pozur. Lakin, bu dağıdan – əsl yaradıcıdır.
Sən bütün dinlərin dindarlarına bax. Gör ən çox zəhlələri kimdən gedir? O kəsdən ki, onların dəyərlər toplumunu dağıdır, qanunlarını pozur. Lakin, bu dağıdan – əsl yaradıcıdır.
Yaradıcı insan məsləkdaş axtarır. O ölü canlar, başsız kütlə və inananları axtarmır. Yaradıcı insan özü kimi yaradanları axtarır, yeni kitablarda yeni dəyərləri bəyan edənləri axtarır.
Yaradıcı insan məsləkdaş axtarır, bir də onunla bahəm məhsul biçinçilərı, yığanları axtarır. Axı əkdikləri başa gəlib, məhsulu yığıma hazırdır. Amma yüzlərlə sarağı əskikdir, o da qeyzindən sünbülləri yolub-tökür. Yaradıcı insan məsləkdaş axtarır, orağını itiləməyi bacaranları axtarır. Dağıdan və hər şeyə nifrət edən adlandıracaqlar onları, düşmən deyəcəklər. Amma onlar məhsulu yığıb, bayram edəcəklər.
Yaradan axtarır Zərdüşt özünə, o, onunla bahəm məhsulu yığıb bayram edənlər sorağındadır: sürülərlə, çobanlarla, ölülərlə nə yarada bilər ki, o!
Sənsə, mənim ilk məsləkdaşım əlvida! Səni ağac oyuğunda yaxşı basdırdım, qurd-quşdan daldaladım.
Daha vədə tamamdır, səndən ayrılıram. Dan üzü yeni bir həqiqət əyan oldu mənə.
Nə çoban olmalıyam, nə mürdəşir. Bir daha üzümü xalqa tutub danışmaq istəmirəm; ölüyə də son kərə sözümü deyirəm.
Yaradana, məhsul yığana, bayram edənə qoşulmaq istəyirəm; onlara göy qurşağını və fövqəlinsana aparan bütün pillələri göstərmək istəyirəm.
Nəğməmi tənhalara və cüt-cüt tənha olanlara oxuyacağam; hələ eşidilməmişi dinləməyə qulağı olanların qəlbini səadətimlə limhəlim dolduracağam.
Məqsədimə can atıram, öz yolumu gedirəm; lənglərin, astagəllərin üstündən atılacağam.
Qoy mənim addımlarım onların qürubu olsun!