Ekdikisini gecə yarısı yuxudan yataq otağının bayırından gələn pıçıltı səsləri oyatdı . Bir əlini qarnına , digər əlini isə çarpayıya dayayıb oturaq vəziyyət aldıqdan sonra həmin səslərin kimlərdən qaynaqlandığını dəqiqləşdirmək üçün diqqətini topladı və açıq- aydın duyduğu səslərdən birinin sarayın əsas kahininə məxsus olduğunu asanlıqla anladı. Qoca Sofos təcili kral İshislə danışmaq istədiyini vurğulayır , qapının önünü kəsmiş iki mühafizəçi isə kişinin cəhdlərinə hər vəchlə mane olub kralın yuxuda olduğunu , onu bu cür oyatmağın yaxşı nəticələrə yol açmayacağını söyləyirdilər . Ayağını bir addım da geriyə atmayan Sofosun isə geri çəkilmək niyyəti yox idi .
- Kralı oyatmalısınız . O təhlükədədir . Kral İshis təhlükədədir . Niyə anlamırsınız ?
Kahinin son cümlələrindən vəziyyətin həqiqətən də ciddi olduğunu dərk edən Ekdikisi narahat halda çarpayının sol hissəsində üzünü pəncərəyə doğru çevirib xoruldayan ərinə baxdı .
Üç il idi , evlənmişdilər . Triloxoranın dörd bir guşəsindən , eləcə də mərhum kral Vasiliasın "dostluq" əlaqələri qurduğu bir neçə qonşu məmləkətdən təşrif buyurmuş əsilzadələrin sarayın nəhəng salonunda , baş şəhər Liberosanın sadə əhalisinin isə şəhər meydanında qeyd etdiyi təmtəraqlı toy mərasimi ilə Ekdikisi şahzadə İshisin xanımına , ölkənin gələcək kraliçasına çevrilmişdi .
Atadan oğula miras qalmış yüzlərlə qızıl mədəni olan zadəgan ailədə doğulan , anasından belə çox sevdiyi gənc dayəsinin nağıllarıyla böyüyən Ekdikisi həmin nağıllardakı çəhrayı sonluqları heç sevməzdi . O sonluqlar ki , pəriləri qısqandıracaq gözəlliyə məxsus olan bir qız həmişə əsli-nəsli yüksəklərdə , bütün gününü sarayda keçirən harınlamış şahzadələrə aşiq olur və ... bu iki nəfər ömürləri boyunca ürək bulandıran xoşbəxtliklə həyatlarını taclandırırlar .
Ekdikisini də həmişə bu sonluqdan nəsibini alacağı gün qorxutmuşdu . Lakin parlaq qızılı saçlarının , qüsursuz zərafətinin arxasında tam bir üsyançı gizlətmiş qız taleyin oyunundan qaça bilməmişdi . Qorxduğu şey aşiq olmaq qismi çıxdaş edilməklə başına gəlmiş , onu ölkənin əsas adamının davamçısının arvadı mövqeyinə gətirib çıxarmışdı .İri gövdəsi , qarabəniz üzü , hiddətli gözləri olan İshis onunla heç bir bənzərliyi paylaşmırdı . Ekdikisi yaxınını , sevdiyi bir şeyi itirmədiyi müddətcə sakitliyini qorumağı bacarırdı . İshis isə ən adi şeylərdən qəzəblənib qarşısına çıxanı məhv etmə potensialına malikdi ... Ekdikisi sevindiyi zaman hönkürərək ağlaya bilərdi . İshisin isə kədərdən belə ağladığını görən olmamışdı ...
Aralarındakı bütün bu fərqliliklərə baxmayaraq , Ekdikisi illər keçdikcə İshisə bağlanmış , ona "yaxın adam" simasını yaraşdırmışdı . Aralarında o xəyali sevgi bağlarından bir zərrə də olmaya bilərdi amma bu onların bir-birinin yanında olub həyatlarını birləşdirməyəcəyi anlamına gəlməmişdi . Bir-neçə ay sonra doğulacaq körpələri isə bu həyatların bir-birindən qopmayacağına Ekdikisini o qədər əmin etmişdi ki ...
Sofos kralın təhlükədə olduğunu üçüncü dəfə söyləyəndə qadının barmaqları İshisin çiyinlərinə toxundu . Kraliça yaxşı bilirdi ki , ərinin onsuz da oyaq olan əsəbləri onu yuxudan ayırdığı üçün başına xeyli xoşagəlməz işlər aça bilər . Ən yaxşı halda İshis ona acıqlanıb əlinə keçən ilk əşyanı pəncərədən çölə sovuracaqdı . Xoşbəxtlikdən Ekdikisinin hamilə olduğunu , ona bir övlad verəcəyini öyrəndikdən sonra İshis qadının boğazından yapışmaq xüsusiyyətini tərgitmişdi . Kraliça bu kobud davranışın uşaq doğulduqdan sonra yenidən davam etdiriləcəyindən də qorxurdu zaman-zaman ...
YOU ARE READING
Evə Qayıdıram
Fantasy[Hekayə müvəqqəti olaraq yarıda saxlanılıb .] " Həmin yay həyatım 360 dərəcə dəyişdi ." deyə bilməzdim . Çünki 360 dərəcə dövr etmiş olsaydım yenə başladığım yerə qayıtmış olardım . Amma mənim həyatımda elə köklü dəyişim baş vermişdi ki , istəsəm də...