"14" Oyunçu yoxsa tamaşaçı ?

156 20 44
                                    

Hər şey bir andaca baş vermişdi . Aitin tibb bacılarına "Axmaqların dünyası" haqqında sözlər üyüdüb tökməsi , qadınlardan birinin bunu özlərinə ünvanlanmış təhqir sayıb Aitə sillə atması , mənim bu mənzərə qarşısında  açılmış ağzımı ovucumla qapamağım , Aitin hiddətlə parıldayan gözlərinin ona zərbə endirən qadına zillənməsi ...- bütün bunlar sanki hər hansısa bir filmdən kəsilmiş fragmentin yavaşladılmış versiyası kimi bütün detalları ilə gözümün önündə axıb getdi .

Ait qadından heyfini çıxmaq üçün hərəkətə kecsəydi həmin gün həmin xəstəxana dəhlizində bu mənzərəni izləyən insanların ömür boyu unuda bilməyəcəyi hadisələr baş verə bilərdi . Odur ki , Ait qadını dünyaya gəlməsinə peşman etmədən mən  buna mane olmalıydım amma edəcəyim şey haqqında ən xırda bir fikrim də yoxdu .

- Bunu hansı cəsarətlə etdiniz ?- Ait bir neçə addım geri çəkilib qəzəbli baxışlarını tibb bacısının üzərində cəmlədi . Əvvəlcə istədim ki , bir qəhrəman ədasıyla Aitə doğru qaçıb qarşısında dayanım və qollarımı tam açaraq tibb bacısını qoruyum . Amma  bu cür qəzəbləndiyi zamanlarda Aitin qarşısını kəssəm hirsini mənim üzərinə tökə biləcəyini təxmin etdiyimdən yerimdən tərpənmədim .

- Dəliyə bax . Ağlının necə işlədiyi elə geyim keçimindən bəlli olur . - Tibb bacısı cəsarətlə dilləndi . Düşündüm ki , qadın rəsmi şəkildə öz müsibətinə imza atmaqdadır .

Şöbəyə , daha doğrusu , xəstələrin yerləşdirildiyi palatalara həmin xəstələrə ən yaxın olanların buraxılması kimi bir qayda olsa da işçi heyəti bu qaydaya elə də əhəmiyyət verməzdilər . Hətta bəzi hallarda , dəhlizdə gəzişən xəstə yaxınlarının əlindən rahatlıq tapmaq olmurdu . Xüsusilə , bu yaxınlar gənc oğlanlar idisə , onların bəzilərinin  işi-gücü gənc tibb bacılarına və ya təcrübə keçən həkim qızlara baxmaq , bəzən söz atmaq olurdu . Onu demək istəyirəm ki , bu cür halların baş verdiyi bir yerə Aitin buraxılmamasının tək səbəbi vardı : Anormal geyimi . Tibb bacılarının onu dövrəyə alıb , qovmaq istəməsinə də elə bu səbəb olmuşdu . Etiraf etmək lazımdır ki , Aitə haqsızlıq edilmişdi amma bir az da keçsə Ait bu haqsızlığın heyfini artıqlamasıyla çıxacaqdı .

Ait ona sillə atan , ardınca da geyiminə görə dəli adlandıran qadına  cavab verəcəkdi ki , məni gördü . Bundan istifadə edib məzlum bir görünüş aldım , baxışlarımla insafa gəlib xəstəxananı tərk etməsini istədim .

Zənnimcə Ait ondan nə istədiyimi asanlıqla anlamışdı . Baxışlarını üzümdən çəkib sonuncu dəfə qadına qəzəblə baxdı, qapıya doğru çevrildi . Çıxışa doğru sürətlə addımlayarkən yüksək səslə danışmağa başladı .

- Xəstəxanada işin bitən kimi binanın arxasına gəl . Səni orada gözləyəcəyəm .

Bu cümlələri havaya söyləmişdi amma mən ünvanın özüm olduğundan əmindim .

Qapıdan çıxdı və görünməz oldu .

*

40 dəqiqə keçmiş olsa da Aitin  buraxdığı təsir itməmişdi . Bunu yenidən tibb bacılarının otağına daxil olduğum zaman anladım .

İki tibb bacısı masanın arxasında oturub  nahar edirdi . Cəmilə , Xədicə və Aytac isə masadan bir az aralıdakı stullarda əyləşmişdilər . Xədicə telefonundakı hansısa maraqlı bir şeyi Aytaca göstərirdi . Cəmilə isə öz dünyasında idi : Kiminləsə mesajlaşırdı .

Qızlara yaxınlaşıb Aytacın stulunun yanındakı stula qoyduğum su şüşəsini boğazıma dikdim . Susuzluğumu yatırdıqdan sonra otaqdakı söhbətlərə  diqqət kəsilmək üçün qüvvə toplamışdım .

Evə QayıdıramWhere stories live. Discover now