"5". Rəngli burulğan

164 21 77
                                    

Bəzən insan özünü o qədər əhəmiyyətsiz hiss edər ki , yaradıcının onu sadəcə bəzək əşyası kimi dünyaya göndərdiyindən zərrə qədər də şübhə duymaz . O ümidsiz insan dünyanı ələ keçirmiş bəşəriyyətin gözünə girmək üçün özünü bir anda axının içinə atar , təqdir edilən şeylərlə maraqlanar , sevilməyənlərdən uzaqlaşar ... Öz həyatını deyil cəmiyyətin ona aşıladığı şablonluqları yaşamağı seçər .
Amma günlərin birində özünü zəif , qorumasız , lazımsız hesab edən həmin insanın qarşısına birisi çıxar . Güclü , qeyri-adi , istədiyinə asanlıqla nail ola biləcək qüvvədə birisi ... və o şəxs gözlənilməz şəkildə  "zəif"dən kömək istəyər , "yardımın olmadan bacarmaram." deyər ...
Özünü milyardlarla insanın arasında dolaşan toz zərrəciyindən də kicik görən "zəif" üçün bütün bunlar kifayət qədər sarsıdıcı olmazmı ?

Ait Nurlanın albomundan cırılmış vərəqi mənə göstərdiyi zaman ağlımdan sürətlə keçib gedən , cavab axtaran düşüncələrdən  biri də bu idi . Arzuladıqlarını bir göz qırpımında , əziyyət çəkmədən alan bu adam Drosiya Paleos barəsində araşdırdığı hər nə idisə başqa yollarla əldə edə bilməzdimi ? Necə ki , kiçik qardaşımın "rəsm əsər"ini götürə bilmişdi ,yuxumun Drosiya haqqındakı məzmununu da məndən soruşmadan öyrənə bilməzdimi ?

Tam olaraq yanımda nə işi vardı ?

Bilmirəm , nə qədər müddət bu vəziyyətdə dayandıq . O , kağızın təsvirə yer verilmiş qismini mənə göstərib nə deyəcəyimi gözləyərkən , mən isə gah kağıza , gah da onun sirli gözlərinə baxarkən zaman sanki tısbağa sürəti ilə hərəkət edirdi .

Aitin varlıgından daha çox digər zamanlarda insanlarla dolub daşan küçənin həmin gün niyə bu qədər tənha olduğuna təəccüblənməyə başlamışdım . Ara-sıra bizə baxan gənc polisdən , ayaqlarıma sürtünüb onsuz da yerində olmayan əsəblərimi tarıma çəkən qara pişikdən başqa ətrafımızda heç bir canlı  yoxdu .

İçimi ürpərdən pişiyə təpik atıb var gücümlə qaça bilərdim amma Aitin yenə qabağımı kəsəcəyinə şübhələndiyimdən aradan çıxa bilməyəcəyimi qəbul etmişdim .

Ait :
- Belə başa düşdüm ki , dilini udmusan . Jalə , ciddiyəm , - deyəcəklərini götür qoy etdiyini düşündüyüm  saniyələrdən sonra - Mənə tabe olmalısan . - söylədi səsindəki əmri açıq-aydın bəlli edərək .

Onunla qarşılaşdığım zamandan bəri  qorxudan titrəməyə başım o qədər qarışmışdı ki , hiddətlənmək kimi bir xüsusiyyətə də sahib olduğumu unutmuşdum . Amma son cümləsi beynimin əsəb mərkəzini zəngli saat misalı oyatdı .

Mən niyə heç bir bağlılığım olmadığı yad birinə tabe olmalıydım ki?

Həyəcanım azaldıqca yerini Aitə hücum etmək istəyinə verirdi . Onun saçlarından dartıb fikrini dağıtdığım müddətdə polisi köməyə çagıra bilərdim ... ya da ən azından sınamış olardım . Bu , çarəsiz dayanmaqdan ki yaxşı idi .

O səbəbdən  Aitin heç bir qeyri-adi gücünün olmadığını özümə təkrar edə-edə önə doğru bir addım atdım .

- Tabe olmuram . - dedim çiyinlərinə toxunan saçlarına əlimin çata biləcəyinə şübhə duyaraq . Gözlərim ani olaraq Aitin arxasından , təxminən 30 metr məsafədən bizi izləyən polisə sataşdı . Çətin vəziyyətdə olduğumu anlamağa başlamışdı , zənnimcə .

- Düşündüyüm qədər də qorxaq deyilmişsən ...Sənin bu cür davranmağının səbəbkarı mənəm . Başına nələr gətirə biləcəyimi dərk etməyin üçün özümü sənə daha yaxşı təqdim etməliydim .

Evə QayıdıramWhere stories live. Discover now