Hələ ibtidai sinif şagirdi olduğum zamanlarda yaşadığım adi bir xatirə canlanır gözümdə . Ailəmlə birlikdə kənddəki qohumlarımızın evinə qonaq getmişdik . Bayırda külək əsməsə və bir yarpaq belə tərpənməsə də buludlu səma bizi yaxın zamanda olacaq hava şəraitindən xəbərdar edirdi . Bir neçə saat sonra zənnimizin doğru olduğunu anlamışdıq . Buludlar üzərlərindəki yüklərdən yavaş-yavaş qurtulmağa başlayarkən göy gurultusu həmin zəif hissedilməz damcılarla yer kürəsinə qonaq gəlirdi . Bu gurultu mənə haralardasa uzaqlarda , səmanın dərinliklərində xalça çırpan əzəmətli , gözəgörünməz birisinin olduğu təsəvvürünü yaratmışdı . O , "təmizlik" işləriylə məşğul olduqca biz insanlar bunu təbiət hadisəsi kimi görürdük , sanki .
İndiki məndən hər cəhətdən xeyli fərqlənən balaca Jalə qəfildən əllərini səmaya doğru açmış və qışqırmışdı :
- Göy , gurulda ! Əmr edirəm ki , göy guruldasın .Belə bir şeyi niyə və hansı məqsədlə etdiyimi xatırlamıram amma yadımdadır ki , hər göy gurultusu mənim bu əmrlərimlə üst-üstə düşürdü . Bu hal məni o qədər əyləndirmişdi ki , göy gurultusu kəsilib yenidən günəşin şəfəqləri görünməyə başlayanda əhvalım korlanmışdı .
O vaxtlar göy gurultusundan demək olar ki , qorxmazdım . Hər gün gördüyüm , dünyanı bir örtük kimi örtən , Günəşimin yaşadığı , Ayımın gecələdiyi səmadan mənə nə ziyan gələ bilərdi ki ? O zamanlar belə düşünərdim ...
...amma böyüdüm . Düşüncələrim , inanclarım dəyişdi , kiçildi . Yalnızca uşaqlara məxsus olan sehrli dünyam gerçəklilərlə işgal olundu . Artıq mənim də dünyam istənilən yetkin şəxsin sıxıcı dünyasıyla əvəz olunmuşdu . Xəyali dünyamı öldürmüş , real dünyaya ayaq basmışdım . Böyüdükcə uşaqlıq cəsarətim itmiş , mənə aşılanan fikirləri mənimsəyərək ehtiyatlı birinə çevrilmişdim . Artıq ildırım çaxdığı günlərdə açıq havada sərbəst dolaşmaq istəyimi də itirmişdim .
17 ya 18 yaşım olanda keçmiş "möcüzəli" dünyamdan bir qırıntı qalıbmı deyə ildırımlı günlərin birində pəncərə qarşısına keçib bu dəfə pıçıltıyla söyləmişdim :
- Əmr edirəm ki , indi göy guruldasın . İldırım çaxsın .
Fəqət bu dəfə buludlar sözümə baxmamışdı . Əmrim cavabsız qalmış , yalnızca bir dəqiqə sonra növbəti göy gurultusu eşidilmişdi . Yəqin ki , həmin an hansısa uşaq göyə əmrlər yağdırırmış .Səma böyüklərin sözünə baxmırdı . Artıq məni dinləmirdi .
*
Uşaqlığını xatırladıqca bu qənaətə gəlirəm : Azyaşlı olduğum zamanlarda daha cəsur idim, indi isə bundan əsər-əlamət qalmayıb . Uşaqkən gözübağlı inanardım amma indi çox şeydən şübhə edirəm .
Elələri də var ki , illər əvvəl təkcə yaşaya bildiyinə görə həyatı sevərdi , indi isə üzündəki qırışlara , boyuna , görünüşünə , tənhalığına , insanların xəyanətinə ,qəddarlığına və biganəliyinə görə həyata nifrət edə bilər . Uşaqkən həyatı sevərdi , indi isə sevdiyini düşünür .Göy gurultusu haqqındakı önəmsiz xatirəmi yada salmağıma İçəri Şəhərdə Voiteayla qarşılaşdığım anın böyük təsiri oldu . Uşaqlığımdan gələn həmin andan sonra ilk dəfə həmin gün- Voitea məni qucaqladığı zaman özümü həmin illərdəki kimi güclü və əhəmiyyətli hiss etmişdim . Mənə yad olan bir qadın üçün önəm daşıyırdım , üzünü heç vaxt görmədiyim Drosiyanın sağ olduğunu onun yaxınına bildirmişdim ... və o - Voitea mənim "Əsas qız" olduğumu söyləmişdi . Açıqlamasının nə olduğunu bilməsəm də məni xoşbəxt hiss etdirmişdi .
- Əsas qız ? Mənə niyə "Əsas qız" deyirsiniz ? - soruşdum ,- Yoxsa Evangelinanın öncəgörməsində mənim haqqımda da danışılır.
- Yox , Kahin Evangelina bu haqda heç nə söyləməyib . Amma əminəm ki , o , söyləməyə ehtiyac duymadığı o qədər şey bilir ki . Hər pəriyə xas olmayan gələcəyi görə bilmə qabiliyyəti olan biridir o .
ESTÁS LEYENDO
Evə Qayıdıram
Fantasía[Hekayə müvəqqəti olaraq yarıda saxlanılıb .] " Həmin yay həyatım 360 dərəcə dəyişdi ." deyə bilməzdim . Çünki 360 dərəcə dövr etmiş olsaydım yenə başladığım yerə qayıtmış olardım . Amma mənim həyatımda elə köklü dəyişim baş vermişdi ki , istəsəm də...