☆12★ Qonaq

336 44 9
                                    

Səlimənin ən ehtiyac duyduğu zamanda həyatına daxil olmuşdu Tofiq. Özünü tənha hiss etdiyi zamanda. Sevdiklərini itirdikdən sonra Səlimə, artıq yaşamağa bir maraq görmürdü. Artıq kimin üçün yaşayacaqdı? Nə sevdikləri var idi, nə qohumları, nə də bir doğması. Heç kimsəsiz biri idi artıq. Amma o gün. O gün Səlimə oyandı. Artıq tək olmadığını başa düşdü. Onu sevən tamamən yad birisi çıxmışdı ortaya. Səlimə artıq qəlbində yığıb-saxladığı, istifadə etmədiyi tozlanmış məhəbbətinin üzərindəki ağ örtüyü qaldırmağa qərar vermişdi...

Artıq onu sahiblənəcək biri var idi. Onunla hər şeyini paylaşa bilərdi. Ən əsası da sevgisini. Kimsəsizlərin sevgisi çox böyük və qüvvətli olur. Nə valideynə, nə dosta, ümumiyyətlə böyüyənə qədər heç kimə sevgi bəsləmədiklərindən, kiçik bədənlərindəki böyük ürəkləri sevgi qabarcıqları ilə dolub daşır və onu layiq olan ilk insanla tamamını paylaşırlar. Sevdikləri üçün canlarını belə fəda etməyə hazır olan bu könüllü fədailəri incitmək isə çox asan olur. Kövrək ürəkləri hər an qırılıb çilik-çilik olmağa hazır olan zərif kristallar kimidir. Ona görə də onlarla diqqətli və ehtiyyatlı davranmaq lazımdır. Çünki, həmişə dəyəri çəkisindən yüzlərlə qat çox olur...

Tofiq bütün bunları çox yaxşı bilir və dərk edirdi. O Səliməni incidə bilməzdi. Niyə də incitsin axı?! Heç sevən də sevdiyini incidərmi?!

3 gün idi artıq Tofiq yataqdan qalxa bilmirdi. 4 divar arasında mədəni türmə rejimi altında qalmışdı. Vasif qulluğunda dursa da, o bu halı fürsət bilib istirahət etməkdənsə, bir an öncə ayağa qalxmaq üçün tələsirdi. Artıq 3 gün idi ki, sevdiyini görmürdü. Bəlkə də əvvəlki vaxt olsaydı, birtəhər səbr edə bilərdi. Amma artıq o günki görüşdən sonra bu ayrılıq dözülməz idi. Gecə saat 4-ə yaxınlaşırdı. Tofiq hələ də gözlərini yummamışdı. Gözünə yuxu getmirdi. Vasifin mışıl-mışıl yatmağını gördükcə isə əsəbləşirdi. "Bu uşaq xoşbəxt adamdır da. Hər işi yerindədir. Canı ağrımır, sevdiyi qızla istədiyi vaxt görüşə bilir. Yoxsa mənim kimi..." içində deyindikcə dözə bilməyib çətinliklə əlini uzadıb Vasifin çarpayısını silkələdi.
Diksinərək yuxudan oyanan Vasif nə baş verdiyini başa düşməmişdi:

- Ə di nə olub? Niyə imkan vermirsən yataq? Nəsə lazımdırsa, lap əgər ona görə oyatmısansa cəhənnəmə. Belə də adam oyadarlar yuxudan? Qanacağın, mərifətin olsun.
-Kəs görək. Mənim gözümə yuxu getmir. Ancaq sən xoruldayırsan. Budur sənin dostluğun? (Gülür). Mən yatmıramsa sən də yatmayacaqsan.
-Sənə yatma deyən oldu? Yat da ay bəxtəvər. Nədir sənin dərdin? Yenə də Səliməni fikirləşirsən?
-Vasif...
-Hə
-Səhər açılan kimi gedərsən uşaq evinə. Həmişə mən çıxdığım hasarın üstünə çıxarsan. Əminəm ki, Səlimə oralarda olacaq. Məndən nigarandır yəqin. Yolumu gözləyir bəlkə də. Onu görsən, həmin o arxa qapıdan çıxart gətir bura. Daha səbrim çatmır. Darıxıram... Çox darıxıram...
-Sənin başın xarab olub? O uşaq evindən adam qaçırtmaq olar? Müdirə var e orada, Roza. Başımıza oyun açar ay Tofiq. Ağlını başına yığ...
-Qorxma, heç kəs hiss eləməyəcək Səlimənin yoxluğunu. 1-2 saatdan sonra qayıdıb gedəcək onsuz da...
-Sən mənim başımı bəlaya salacaqsan. Gör, milisə verdirə bilirsənmi məni?

Vasif tərəddüdlə də olsa razılaşmışdı. Ən azından sevdiyindən kənarda qalmağın nə olduğu çox gözəl bilirdi. Bir zamanlar Rəhimə ilə arasındakı buzdan divarları Tofiq əritmişdi. Buna görə özünü Tofiqin qarşısında borclu hiss edirdi. Dostluqları, yaxın yoldaşlıqları bir kənara, amma bu işdə o əlindən gələni etməyə məcbur idi.

Gün doğana qədər Tofiq yata bilmədi. Bütün gecə Səlimənin xəyalı ilə dərdləşdi. O qədər sevincək idi ki, gündüz sevdiyi qızı görə biləcəkdi.

Saat 7-yə qalmış Vasifi yuxudan oyatdı. Heç gözlərini belə ovuşdurmağa imkan vermədən, ac susuz göndərdi uşaq evinə. Özü də 3 gündən sonra ilk dəfə ayağa qalxmağa çalışdı. Məcbur idi. Çünki yaşadıqları bu otaq müharibədən sonrakı döyüş meydanını xatırladırdı. Ortalıq bərbad vəziyyətdə idi. Bu otağı səliqəyə salmaq isə çox təəssüf ki, Tofiqin üzərinə düşürdü.

Tofiq ayağını dizdən büküb, yerdən bir az aralı vəziyyətdə tullana-tullana sağa-sola gedirdi. Otağın pəncərələrini açıb havasını dəyişdi. Masanın üzərindəki qab-qacağı, çay stəkanlarını yığışdırıb üzərini dəsmalla sildi.  Ortalıqda paltarlar var idi. Onları qatlamağa səbri çatmadı, büküb bürmələyib dolaba doldurdu. Çətinliklə də olsa qapısını bağladı dolabın. Çarpayıları yığışdırdı. Qaldı döşəməni süpürmək. Amma süpürgə gözə dəymirdi....

Vasif deyinə-deyinə gəlib uşaq evinə çatdı. Hasarın üstünə çıxıb ətrafa boylandı. Amma ətrafda heç kim gözə dəymirdi.  Saat 8 olardı. Artıq dərslərin başlamağına az qalmışdı. Ona görə də yeməkxanadan tədris binasına doğru axın var idi. Səhər yeməyini yeyib dərsə tələsən kimsəsizlərin içində axtarmırdı Vasif Səliməni. Çünki, Səlimənin ötən il 10-cu sinfi bitirdiyini bilirdi. Tək çarə qalmışdı, gözləmək. Amma Vasif bunun üçün yetəri qədər səbrli biri deyildi.

"Nə olar, olar"-deyib hasardan içəri tullandı... Ətrafda heç kim gözə dəymirdi...

Hərə öz işi ilə məşğul idi. Çünki, o gün sıradan adi bir gün idi. Amma Səlimə üçün yox. Səlimənin 3 gün idi ki, gözü yollarda qalmışdı. Aşiq olduğu insanı görə bilmirdi. Üstəlik yaralanmasında da özünü günahkar bilib, vicdan əzabı çəkirdi. Gözü elə hey o hasarda idi. Son bir neçə ayda orada birisini görürdü. Alışmışdı sanki. Amma artıq o hasarın ətrafında kimsəni görməyəndə qəribsəyirdi. Üstəlik oradakı insanın onu sevən birisinin olması və gəliş səbəbinin özü olması hələ də yuxu kimi gəlirdi Səliməyə. Çünki, buna hazır deyildi. Hazır olmaması bir tərəfə, inana bilmirdi. Özünü ömür boyu tənha və kimsəsiz qalacağına inandırmışdı. Tofiqin ortaya çıxması isə hər şeyi dəyişdirdi. Sevildiyini hiss etmək əvəz edilməz duyğudur....

Səlimə səhər yeməyini yeyəndən sonra yeməkxanadan çıxmamışdı. Pəncərənin kənarında oturub, isti çayından qurtum ala-ala uźaqdakı hasara baxıb Tofiqi düşünürdü. 3 gün öncəni. O baxışları, durğunluğu, sözləri, toxunuşları... Birdən hasarın üzərində kimsə göründü. Sağa-sola boylanıb içəri tullananda Səlimə də yerindən qalxdı. Mümkün qədər heç kimin gözünə görünmədən o tərəfə qaçmağa başladı. Çünki, gələn hər kim idisə, onun üçün gəlmişdi.

Bir az həyəcanlı, bir az da qorxulu addımlarla qısa zamanda həmin yerə çatanda, Səlimə Vasifi orada görüb çox sevindi...

-Vasif?!
-Səlimə,  nə yaxşı özün gəldin. Məni də bayaqdan dərd almışdı ki, səni necə tapacam.
-Tofiqdən nə xəbər var? Necədir? -yarı bükülü vəziyyətdə, əlləri ilə dizlərini tutaraq təngənəfəs halda güclə dilləndi Səlimə...
-Tofiq yaxşıdır, narahat olma. Ayağını gipsə qoymuşuq. Ayağı sağalacaq. Amma deyəsən yıxılanda başını harasa vurub. (Gülür.) Ağlı çıxıb başından. Mənə deyir ki, get Səliməni qaçırt gətir bura, yataqxanaya. Mən dedim e, dedim ki, olmaz. Amma mənə qu...

Səlimə Vasifin sözünü boğazında qoyub "Gedək!" deyəndə Vasifin gözləri bərəlmişdi. "Nə? Necə?" deyə sual verəndə Səlimə artıq arxa qapıya doğru yol almışdı... Vasif "Allah mənə səbr ver! Bunların ikisi də bir ağıldadır. Biri dəli, o biri zır dəli.. Ay Səlimə məni də gözlə..."-deyib Səlimənin arxasınca qaçmağa başlamışdı...

Yol boyu heç nə danışmadılar. Vasif elə hey yeyin addımlarla Səliməyə çatmağa çalışırdı. Amma çatdıqca yenidən geridə qalırdı. Dediyi yeganə söz "qabaqdan sağa dön, o 4 mərtəbəli binadır." olmuşdu. Yataqxananın girişinə çatanda Səlimə dayanıb Vasifi gözlədi. Vasif artıq son addımlarını çətinliklə atırdı.

-Ay qız, sizi hər gün idman elətdirirlər orada? Bir az yavaş gedə bilmirdin?! Ayaqlarım qırıldı.
-Heç nə olmaz. Gəl qalxaq..
-Yox, mən sizə mane olmayım. 3-cü mərtəbə, soldan 2-ci otaq, 312 nömrə.

Səlimə pilləkənləri 2-2 3-3 qalxıb üçüncü mərtəbəyə çatdı. Koridora keçib, 312 nömrəli otağın qapısına yaxınlaşdı. Bütün cəsarətini toplayıb...

ZAVALLI   Where stories live. Discover now