☆1★ Sonun Başlanğıcı

1.2K 89 33
                                    

"Atam öləndən sonra qarşıma çıxan tək yaxşı insan sən oldun. Amma kaş... Kaş ki, mən o qəzada ölərdim.."

Pəncərənin kənarına söykənib üzgün baxışlarla çölə baxırdı. Gördüyü haqqsızlıq, ədalətsizlik, şərəfsizlik... Baxdıqca gördüyü hər bir epizod ürəyinə ox kimi sancılıb, yandırıb yaxırdı. Həyatı bir kino lenti kimi gözlərinin önündə köhnə pəncərənin çatlamış şüşələrində əks olunurdu. Sanki film izləyirmiş kimi diqqətlə baxır, mavi gözlərinə bulanıq çalar salan göz yaşları isə yanağından süzülüb damla-damla döşəməyə düşürdü.

Havanın bürkülüyü, arxa tərəfdəki pəncərədən heyrətlə içəri boylanan günəş şüaları, sağ tərəfdəki balaca dolabın üzərində olan ağ dibçəkdəki susuzluqdan quruyan və istidən yarpaqları büzülən ləçəksiz orxideya gülünə baxmayaraq onun bədənini üşütmə tutmuşdu.
Əynindəki nazik, qara rəngli, uzunqol köynəyinin qollarını ovuclarına qədər çəkərək yanağını qıcıqlandıran göz yaşlarını sildi, dərin bir ah çəkib əllərini köksündə birləşdirərək yenə o həyat dramını seyr etməyə başladı Zavallı.

Hər yeni epizod, hər yeni kadr sanki onun buza dönmüş ürəyini parça - parça edirdi. İçindən ani titrəmə keçir, gözlərini möhkəmcə yumur, yumduqca gözlərindəki yaş sanki fürsətmiş kimi göz qapaqlarının arasından süzülərək yanağına doğru axırdı.
Ağlamaqdan gözləri mavi bəbəklərinə qədər qızarmışdı. Nə səs, nə pıçıltı, nə hönkürtü, nə də hıçqırıq. Heç nə. Sadəcə ağlayırdı...

Paralanmışdı Zavallının yumruq boyda ürəyi. Cəmi 23 yaşı vardı. Amma ömrünün 14-cü baharı onun yaşadığı sonuncu sevinc mənbəyi "son baharı" idi. Sanki Zavallı üçün ondan sonra çiçək açmadı. Gördüyü son bahar bütün arzularının, ümidlərinin, duyğularının və xoşbəxtliyinin sonu oldu. Ondan sonra bahar olmadı...

Hər şeyin səbəbkarı o gün idi. 14-cü ad günü. Atasının öldüyü, özünün ağır yaralandığı o lənətə gəlmiş avtomobil qəzası. O gündən sonra Zavallının həyatı 180 dərəcə dəyişdi. O gün Zavallının sonu oldu. Bütün arzuları, ümidləri, xəyalları məhv olmuşdu. O gündən sonra bir arzu qalmışdı: -Kaş mən o qəzada ölərdim...

Özünü günahkar sanırdı. Bəlkə də, bütün bu olanlar onun uzun müddət ürəyində olan arzusunun reallaşması üçün atılan addımın nəticəsi idi. Əgər o arzusunu həyata keçirmək istəməsəydi, gəzməyə getməsəydi bəlkə də bütün bunlar baş verməzdi.
Səbəb hər nə də olsa olan artıq olmuşdu. Yaşanmışları yaşanmamış kimi göstərib yaşamağa davam edə bilməzdi. Yaşanmamalıydı! Olmamalıydı! Amma artıq gec idi. Çox gec...

Artıq o mənzərələrə baxa bilmirdi. Saatlardır bir nöqtəyə baxıb ağlamaqdan göz yaşları da usanmışdı. Yuya bilmirdi Zavallının ruhundakı silinməz ləkələri. Əksinə, göz yaşları onun kirlənmiş ruhuna ağ ləkələr salırdı.

Nə edəcəyini bilmirdi. Çırpınmaq, hayqırmaq, bağırmaq istəyirdi. Bacarmırdı. Taqəti qalmamışdı. Artıq taleyinin ona hazırladığı böyük sürprizin fəsadları ilə barışmışdı. Ən böyük çarəsizlik, ümidlərin ölməsidir. Ən böyük acizlik isə çarəsizlik. O, illər öncə bütün ümidlərini dəfn etmişdi gerçəkləşməyəcək arzular məzarlığında...

Bütün bu sükutu sadəcə olaraq bir söz poza bildi. Saatlarca sakit, səssiz həyatını izləyən birinin sükutunu pozan bir söz. Zavallının xırıltılı, titrək, ürkək nəfəsi ilə islanmış dodaqlarının ahəngindən yaranan söz - Yavər! Bununla Zavallının üz ifadəsi dəyişdi. Bədəni titrəməyə başladı. Əllərini üzünə tutub qışqıraraq geri çəkildi pəncərədən.
-Yox! Yox! Eləmə!...

Sanki o pəncərədən baxanda həyatının hansısa qaranlıq nüansını görmüşdü və bu onu daha çox incidirdi. Gözlərini yumdu. Dizi üstə çöküb daha hönkürtü ilə ağlamağa başladı.

Hər saniyə yaşamağa həvəsi ölən, üzündən kədər izləri əksik olmayan bu 23 yaşlı qadının adı Aynurdur. Əslində onun baxdığı pəncərədən sadəcə 1 metr qarşıdakı binanın divarı görünürdü. Başqa heç nə. Bəs nə idi onu belə incidən?

Bütün bu incidici ağrıların arasında Aynurun ürəyini tez-tez döyündürən və həyatda saxlamağı bacaran biri gəldi ağlına. Tək xoşbəxtliyi. Bir anlıq özünü topladı. Ayağa qalxmağa çalışdı. Bütün bədəni ağrılarla sancılsa da birtəhər gücünü toplayıb ayağa qalxdı. Pəncərəyə tərəf çətinliklə bir neçə addım ata bildi və oradakı telefonunu götürdü. Göz yaşını sildi. Gözlərinin dərinliyində parıltı yaranmışdı. Azacıq səbəbsiz gülümsəmə ilə incə barmaqları əssə də telefonun ekranında bu yazını yaza bildi. -"Qəhrəmanım"...

ZAVALLI   Hikayelerin yaşadığı yer. Şimdi keşfedin