NÜBÜVVƏT

34 0 0
                                    

NÜBÜVVƏT

Müqəddəs İslam dinində "NÜBÜVVƏT" anlayışı

  Allah-Təala insanları düz yola - dünya və axirət səadətinə qovuşduran yola yönəltməkdən ötrü peyğəmbərlər göndərmişdir. Birinci peyğəmbər Həzrət Adəm (ə) və axırıncı peyğəmbər Həzrət Məhəmməddir (s).

Quranda "NÜBÜVVƏT"

  Fatir surəsinin 24-cü ayəsində buyurulur:
  "Həqiqətən Biz səni haqla göndərdik ki, müjdə verəsən və qorxudasan. Elə bir ümmət olmayıb ki, onun içində qorxudan bir bələdçi (peyğəmbər) olmasın."
  Bəqərə surəsinin 136-cı ayəsində isə buyurulur:
  "Deyin: Biz Allaha və bizim peyğəmbərə nazil olan kitaba və (keçmiş peyğəmbərlərə, o cümlədən) İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladlarına, Musaya və İsaya göndərilən kitablara və bütün peyğəmbərlərin Rəbbi tərəfindən gətirdiklərinə iman gətirmişik. Biz heç bir peyğəmbər arasında fərq qoymuruq və biz Allaha təslimik."


Hədislərdə "NÜBÜVVƏT"

  Həzrət Əli (ə) buyurub:
  "Beləliklə, Allah öz peyğəmbərlərini seçdi və onları bir-birinin ardınca göndərdi ki, fitri əhd-peymanı onlardan tələb etsin, unudulmuş nemətləri onların yadına salsın, təbliğ ilə onlarla söhbət aparsın və onların ağıl xəzinələrini işə salsın." (Nəhcul-bəlağə, xütbə: 1, s. 33.)
  Yenə də Həzrət Əli (ə) buyurub:
  "Bir peyğəmbər öz peyğəmbərliyini başa çatdırdıqdan və dünyasını dəyişdikdən sonra başqa bir peyğəmbər Allahın dinini bəyan etmək üçün göndərilirdi. Beləcə, Mütəal Allahın kəraməti Məhəmmədə (səlləllahu ələyhi və alih) şamil oldu." (Nəhcul-bəlağə, xütbə: 93, s. 279.)


Nübüvvət barədə qısa şərh

  Qeyd etdik ki, Mütəal Allah insanları düz yola yönəltmək üçün bələdçilər göndərmişdir.
  Nübüvvət, İslam dininin təməl əqidələrindəndir və hər bir müsəlman buna etiqad bəsləməlidir. Sadə məntiq də insana düz yolu göstərən etibarlı bələdçinin olmasının zəruriliyini qəbul edir.
  Əminliklə deyə bilərik ki, insanları cəhalət və azğınlıqdan nicat verib onları əbədi səadətə qovuşduran yola yönəldən bələdçilərin göndərilməsi Allahın bizə qarşı lütfkarlığı və bizə bəxş etdiyi ən böyük nemətlərdəndir. Çünki əgər peyğəmbərlər göndərilməsəydi, insanlar bütpərəstlik və xurafat, ədavət və müharibə, ayrıseçkilik və zülm, əsarət və işkəncələr bataqlığında qərq olar, heç vaxt doğru yolu tanımaz və tapmazdılar.
  Peyğəmbərlər Allahın bəxş etdiyi nemətləri insanlara xatırladıb onların yatmış fitrətlərini oyatmaqla, camaatla söhbətlər aparıb İlahi əmrləri təbliğ etməklə onları qadir və rəhman Allahın ibadətinə yönəltmişlər.

İlahi peyğəmbərlərə etiqad

  Allah-Təala bəşərin xaliqi (yaradanı) olduğu üçün öz məxluqunun ehtiyaclarını hamıdan yaxşı bilir. Bilir ki, əgər kamilliyə və səadətə aparan yolu - "şəriət"i bəşərə tanıtdırmasa, bəşər düz yolu tapmaz. Bu səbəbdən də elə insanların öz arasından ləyaqətli bəndələri seçərək peyğəmbər - elçi və bələdçi göndərmişdir. Biz müsəlmanlar, Allah tərəfindən göndərilən bütün peyğəmbərlərin haqq olduğunu qəbul edirik. Lakin sonuncu din İslam dinidir və Mütəal Allah buyurub:
  "Allah dərgahında din, əlbəttə, İslamdır..." (Ali-İmran, ayə: 19.)
  Bu ayəyə istinadən, İslam dini gəldikdən sonra artıq qeyri dinlər, şəriətlər Allah tərəfindən qəbul olunmur və bütün insanlar ümum-bəşər din olan İslama tapınmalıdırlar.
  İslam dini on dörd əsr öncə sonuncu peyğəmbər Həzrət Məhəmməd (s) vasitəsilə nazil edildi. Qırx yaşında peyğəmbər seçilən Həzrət Məhəmməd (s) 23 il ərzində bu dinin göstərişlərini insanlara çatdırdı.

Hər Müsəlman bilməlidirHikayelerin yaşadığı yer. Şimdi keşfedin