PRoMete - İlluziya

91 12 4
                                    

"Dolub qəmli sətirlərlə kitablar,
Bilinmir ki indi sevincdən kim ağlar".

Notlar əgər dönüb olsaydı sözlər gücü artardı görən, yoxsa tam tərsi olardı? Yorğun olardı gözlərim sözləri görməkdən, bəlkə belə yaxşıdı. Qulaqlarımda ağrı var, gözlərimin kədəri. Gözlərim sözləri görüb, sözlər notların zəif görünüşü. İndi açıb bir kitab vərəqləmək niyətində olsam, görəsən neçənci səhifəsində səni ağlayarkən taparam?

Ağlamaq demişkən, bəs sən sonuncu dəfə nə zaman ağladın? Bəs mən? Yox mən yaxşıyam. 8 ildi sözümün üzərində dururam. O da bir yerdə qırılacaq. Və çox sərt. Ən incə yerindən. Digər bütün səbəblər kimi.

"Daxmalardan qaçanlarıq biz,
Şəhərlərdə çox qələbəlik, qalmır iz".

Mən, mən deyiləm möhtəşəm binaların sakinlərindən biri. Kiçik bir ev. Pəncərəndən görünən qonşu hasarı. Ucuz evlərdə zəngin dünyalara sahib insanlar yaşayar. Bəlkədə. Heç rastlamadım özümdə helə birinə. Heç daxmamda yoxdu mənim. Köçüb getmişəm bir şəhərə, izlərin içində itim deyə. Ən gözəl görünməzlik ən solğun rənginlə görünməkdir bəlkə. İtmək, çoxluğun içində.

Mən bir çoxluğam. Sənsə boşluq. O qədər böyük obrazlarım var ki, bəlkə sən də bircəliyinlə paxıllığımı çəkərsən birdən, yardımda istəyə bilərsən. Bağışla. Mənim çoxluğum sənin təkliyini doldura biləcək qədər deyil. Bağışla.

Başqasının iziylə deyiblər, görünməzlər gedər. Ən gözəli də bu deyilmi elə. Başqalarının fikirləri. Başqalarının sözləri. Başqalarının düşüncələri. Qərarları. Seçimləri. Arzuları. Hekayələri. Hətta, başqalarının həyatları. Kopyalayıb işlədərək görünməzliyi bacara bilərik. Başqalaşa bilərik. Və gizlənmək istədiyimiz isə bəlkə elə özümüzük. Özümüzdən qaçırıq. Biz kimik? Neçə kimliyə sahibik?

"Bir gün özümü itirsəm kim anlar ki?".

Mən. Heç özüm anlaya bilərəmmi ki itirmişəm? İtirmişəm. Tapa bilmirəm. Öncə bölmüşəm, iki yerə, sora qarışdırmışam, hansı mənəm, mən hansıyam?

Əvvəlcə bir ədəd mən vardım. Mən. Sonra ikisini özüm yaratdım. Bütün həyatımı ikisi arasında bölüşdürdüm. Ədalətli şəkildə. Bərabərcə. Mənə heç pay qalmadı. Mən orada görünməz qaldım. Öz dünyamda özümdən uzaq qaldım. Tən ortada boşluqda qaldım.

"Qonaq edə bilməyəcəm səni dünyama,
Xoş gəlmisən dar daxmama".

Özümün artıq qonaq olduğu bir dünyada necə qonaq edim ki səni. Mən özüm başqalarının fikirlərində qalıram. Bir-iki mahnı açıram, üç-beş kəlməlik cümlələr yazıram. Bu da mənim daxmam. Xoş gəldin. Bu gün günlərdən ikincidir. Bəlkə elə bu haqda bir-iki məsələnidə danışım sənə.

"Qələmi vərəqə dahada sıx,
Tətiyi gicgahda düşün
Artsın cəsarət, vur!
İçinə qonan qarğaları uzaqlara,
Çox uzaqlara uçur".

"Yalquzaq" əsərində Herman Hesse çox yaxşı vurğulayırdı. Öncə bir obrazı var idi insan obrazı. Və o obraz öz içində həmçinin ikincisini kəşf etmişdi, yalquzaq. İki fərqli mənliyə sahib idi artıq 1 obraz. Bilirsiz, bu belə qala bilməzdi. Biz dərinə getməyə çox həvəsliyik. O da həmçinin getdi. Getdi və gördü ki, iki mənlikdən ibarət deyil. Onlarda özlüyündə bölünür. Bölünüb. Çoxluğa. Saysız mənliklərə. Bir obrazın içindəki milyonlarca mənliyə.

İndi bildin niyə sənin təkliyini doldura bilməz çoxluğum? Çünki sən, sən təksən! Birsən. 1. Mən, bəs mən? Mən o çoxluğun içində itib qalmış biriyəm. Sıfır tam neçə yüz mində bir. O qədər kiçiyəm ki, o qədər acizəm ki, rəqəmlərlə ifadə etsək görünməz qalaram. Yox olaram. Olmuşam. Olmuşuq. Biz olmuşuq. Sadəcə sən xilas olmusan. Və biz sənidə parçalamaq istəyirik. Səni də məhv etmək istəyirik. Səni də ilk öncə iki üzlü, sonrada yüzlərlə üzlü birinə çevirmək istəyirik. Səni də özümüz kimi etmək istəyirik. Qaç. Qaç bizdən. Qurtul. Qurtul!

"Həyat mənə üçbucaqlarını hədiyyə edir.
Qarğalarsa qanad çaldı, qorxub səsdən".

Getmək zamanıdır. Gedirik də. Hər kəs gedir. Bir hərəkət var. Bir yerə gedirik. Harasa bir yerə. Bilirsən hara getdiyini? Oyan. Sürüdən ayrılan qoyunu qurd qapar. Amma sən qoyun deyilsən. Sürüyə qatılan qoyundu. Sürü qoyun sürüsüdü. Sən qurtul. Ayıl və ayrıl. Oyan. Tək qal. Özün qal. Özün kimi qal. Sağlıcaqla qal.

"Və nəqarət".

Qulaqlıqlı OğlanWo Geschichten leben. Entdecke jetzt