Fuad Dadaşov - Kür çayı

111 10 6
                                    


Bəzi mahnılar var ki, sadəcə bir sözü bəs edər. Sanki bütün hüceyrələrinə dolar və bütün varlığını ən kökündən sirkələyər. Yaxşı mənada, və ya pis mənada. Xoş təbəssümlü, və ya ən dərin hüznlü.

Bəzi mahnılar da var ki, hər sözü, hər cümləsi sənə başqa bir hekayələr qurdurar. Bax qulaqlıqlı oğlana belə mahnılar, musiqilər lazımdır. Lazımdır ki, uzun-uzun xəyallar qursun. Dərin bir boşluğa girib oranı doldursun. Öz istədiyi kimi, arzu etdiyi kimi. Önəmli olan nədir? Etmək istədiyini etmək. Düşünmək istədiyini düşünmək.

Biz mahnıları dinlədikcə zamanla ora öz hisslərimizi doldururuq. O mahnıyla birgə xəyalar qurur, xəyalları ora yerləşdiririk. Hər mahnının öz xəyal, hiss yerləşdirmə qabiliyyəti, məhdudiyyəti var. Beş il öncə dinlədiyin bir mahnını xatırla. Həm də dəfələrlə, sevərək dinlədiyin mahnı. Hər dinlədiyində xəyallar qurduğun, zaman keçdikcə unutduğun mahnını xatırla. İllər sonra o mahnı təkrar dinləndikdə həmin hissləri xatırladır. Səhv xatırlamıramsa, hansısa bir romanda da bu haqda məlumat var idi ki, müvəqqəti yaddaş pozulması yaşayan insanlara keçmişdə sevərək dinlədiyi mahnıları qulaq asdırmaq müsbət nəticə verir. İllər sonra dinlədiyimiz o musiqidə eyni hislləri təkrar xatırlayırıq.

Bəzən mahnılar dolub daşır tez bir zamanda hisslərlə. Yoruluruq. Bezirik kimi gəlir bizə, amma sadəcə o mahnının hiss tutumu dolmuş olur. Yeni mahnıya keçmək lazım olur. Onu unutmaq, dinləməmək.

Əslində, üçüncü bir forma da var bu musiqilərdə. Öz sözləriylə sənə xəyallar qurduran. Bəli, bir heakyəsi vardır, sən xəyal qurmursan artıq, o hekayəni canlandırıb hissləri yaşamağa başlayırsan. Bu gün də son iki yazıda rap istifadə etdiyim üçün, fərqli bir janırı yoxlamaq istədim və sözünü etdiyim üçüncü növ bir musiqi var idi içinə hisslər doldurulmamış, saədəc hekayəsi olan, onu sizə təqdim edəcəm.

Yazının adından da məlumdur hansı mahnıdan söz gedir. "Kür çayı". Kür çayının özü mənə çox əzizdir, səbəbi sahilində doğulub-yaşamağım. Amma bu mahnı ayrı bir dad qatır çayıma.

"Dizə qədər quma bataraq,
Marsın kraterləri arasında
Yol ölçürəm.
"

Bir səhralıqdayam sanki, gediş yolu olmalı bir yerlərdə. Qumluğun içində qaçıram sanki, xilas olmaq ümidiylə. Hardayam mən? Bura haradır? Mən səhra adamıyam, nə qədər səhra görməsəm də. Mən qumun adamıyam, torpaqdan uzaqda. Amma deyəsən bura mənə başqa bir yeri xatırladır. Marsı. Bəli, kraterləri. Marsdayam sanki. Qaçıram o yana, baxıram bu yana. İtirmişəm özümü. İzlərimi. Getməli olduqlarımı, çatmalı olduqlarımı. Hardan başlamışdım? Deyəsən tən ortasındayam həyatın. Deyəsən tən ortasındayam səhranın.

Bir neçə dəfə eyni yolu gedib-gələnə "yol ölçürsən?" deyə sual edərdik həmişə. Bir təkrarlıq olmalıydı ki məcazımızı işldədək. Bəlkə həyat da elə bu təkrarlardan ibarətdir. Bir dairədir, bir səhradır. Hətta daha böyük. Marsdır həyat. Tən ortasındayıq. Nə qədər gediriksə də bitmir. Təkrar-təkrar sonlar başlanğıclara dönür. Dəfələrlə eyni hisslər, dəfələrlə eyni sözlər, eyni hadisələr. Bəs bu eynilikdə dövr edən biz? Biz kimik? Biz nəyik?

İki məsələ var. Birincisi, biz eyni bizik. Bizik. Mənliyimiz var, yolumuz var, məqsədimiz var. Hərəkətdəyik, gedirik. Herman Hessenin "Siddiharta"-sındakı çayıq biz. Eyni bir çaydı. Daima burdan axır. 

İkincisi, biz hər dəfə, təkrar-təkrar ordan keçdikcə, fərqli biri oluruq. Düşüncələrimiz dəyişir, bildiklərimiz dəyişir, hətat ən kiçik hüceyrələrimizə qədər biz dəyişirik. Yaxınlaşdır mikraskopu bax çaya, hər dəfə fərqli su damlaları keçir burdan, hər dəfə fərqli. Eyni çay deyildir bu, fərqlidir, başqadır, özgədir, yenisidir.


"Qamışları yara-yara.
Gedirəm Aya doğru.
Nə qamışlıq qurtarır.
Nə də mənim Ay iştahım
"

Bir də çox böyük gedişlər vardır, dövrələr vardır. Bu bütünlükdə bizim həyatımızı əhatə edir. Bu səfər hədəf daha böyükdür, çıxmışıq səhradan, qamışlığa girmişik, gedirik. Gündüzün səhrasına inat getmişik, indi də gecənin qaranlığına inad gedirik. Biz getdikcə yol azalmaqdansa artır sanki, yaxınlaşdıqca uzaqlaşır. Bəli, yaxınlaşdıqca uzaqlaşır. Göyə bax, buludlara, ya da elə Aya. Nə qədər tullana bilərsən tullan, nə qədər yüksəkliyə tullansan bir o qədər uzaqlaşacaq Ay səndən.

Bir də bunun tərsini deyim, hətta bina evində yaşayırsınızsa siz özünüz də bunu yoxalyın. Yaxınlaşdıqca uzaqlaşır. Tərsini düşünün bir, uzaqlaşdıqca yaxınlaşır. Qarşı binaya baxıram pəncərədən. Bütün evlərin pəncərəsini görürəm. Yaxınam, və bütün uzaqlıqları görürəm. Yavaş-yavaş geri gedirəm. Uzaqlaşıram. Mən uzaqlaşdıqca, sanki bina mənə yaxınlaşır. Ən sonunda gördüyüm bilirsiz nə olur? Mən gedə biləcəyim ən uzaqdayam, və sadəcə qarşı binadan bir pəncərəni görürəm, ən yaxındaymış kimi. Uzaqlaşdıqca yaxınlığı görürük.

Mən Aya gedirəm. Bir gün çatacam. İnanıram. Bir gün Aya çatacam və ordakı Tanrıçanı tapacam. Ay Tanrıçasını. Tanrıçamı.

Səhra deyəndə əslində yarımsəhra nəzərdə tutduğumu fərz edin. Ordanda qamışlığa çıxmışdıq. Və bir gün qamışlıq da qurtarır. Və biz artıq çayın sahilindəyik. Bundan sonrası daha gözəldir. Bundan sonrası nəqarətdir. Amma o nəqarətin kiçik bir xüsusiyyəti var digər sözlərdən. Kiçik bir hiss tutumu var. Dinləyin və doldurun hisslərinizlə həmin nəqarəti. Hətta bütün kədərinizi oraya yükləyin. Dəfələrlə dinləyin. Həmin nəqarət dolana qədər. Siz kədərdən qurtulana qədər. Sonra silin yaddaşınızdan bu mahnını, birdə xatırlamayın həmin hissləri. Sağ qalın, salamat qalın, sağlıcaqla qalın.

"Kaş Kür çayı daşaydı,
Kaş Kür çayı daşaydı. 
Ürəyimi aparaydı kaş...

Kaş Kür çayı daşaydı,
Kaş Kür çayı daşaydı. 
Dərdlərimi aparaydı kaş..."

Qulaqlıqlı OğlanDonde viven las historias. Descúbrelo ahora