Hər şey 6-sı baş verdi, "not" sözü işlədilmiş bir cümlə. İki-üç gün sonra yüklənmiş bir musiqi tətbiqetməsi vasitəsiylə niyəsi bilinmədən azərbaycan dilində olan mahnılar dinləyə bilmək mümkün olduğu yada düşməsi. Axtarışdan H.O.S.T., ardınca 14 ay öncəyə aid yazının yada düşməsi. Axtarıb tapdım. O mahnını da tapdım. Qulaqlıqları taxdım. Təkrar düyməsi basılı qaldı.
21-ci il üçün, sentyabrına qədər bir niyətin reallaşma ehtimalı.. 14 ay sonrası üçün. Bir ovuc qum necə də süzülür barmaqlar arasından. Can sağlığı, uzun ömür. 14 ay öncə 21-in avqustuna çox böyük inam var idi. Həm də çox.
Mahnılar iki cür olur, dinlədiklərim. Ya başa düşdüyüm dildə olur, sözləri üçün, ya da başa düşmədiyin dildə olur - ritmi, musiqisi üçün. Uzun, çox uzun müddət idi ki, azərbaycan dilində mahnıya qulaq asmırdım. Bəlkə də bəhanə oldu, köhnə yazıları xatırladıq. Baxdıq. Necə də həvəsli idim həmin vaxtı. 14 ay sonra yenidən yazmaq. Daha doğrusu yenidən dinləmək. Məncə elə belə də lazımdı.
Tən ortadayam. 14 ay öncəyə qayıdaq. 14 ay sonranı gözləyək..
"Gözləyərəm
Gözləyərəm"Biraz yuxulu, biraz oyaq. Uzaq deyil. Tez çatmağı gözləmək də mənasız. Bir iki saatlıq bir yol. Şüurlu şəkildə şüursuzluq üçün taxılmış qulaqlıq, başlamış mahnı. Bir neçə müddət sonrası üçün.
"Sonuncu qum dənəsi düşmədən yerə
Xəyala gedən yolda,
Gələcəyi üçün insan
keçmişini körpüdən atır"Üfür ovucundakı tozları. Çox icazə verirsən tozlanması üçün. Dərindən nəfəs al və başla. Üfür. Hər dənəciyin ovucundan necə uçub getdiyini bir-bir izlə. Sanki bir yalvarış bu simvolik hərəkətlər. Gec-gec yada düşür. Güc lazım olanda, çarəsiz qalanda. Ya da təmiz başqa bir məsələ. Gizlən-qaç oynamırıq ki burda. Bəzən qəbul, bəzən etiraz. Dərindən nəfəs alaraq. Ehmalca. Bəlkə bu səfər olacaq? Ya da ən azından bir addım daha yaxınlaşacaq? Hər qum dənəsi bir ümid, sonuncudan qorx.
Mövzu bilinir. Sözlər xüsusi seçilmir əlbətdə. Örtülü bazar da dostluğu pozdu. Qaldı az. Az çoxdan çoxdu. İllər əvvəl inanılmış, bir inanca çevrilmiş. İllər demişkən. İllər keçmişdə qalıb? Bəs "Gələcək" nədir? Neçə gün, neçə il? 1 almaq üçün 1 verməlisən. Nə verdiyin məlum, nə alacağın bəs?
Özünü buraxıb musiqiyə, nə düşünəcəyini belə unudursan. Hər dəfə fərqli hisslər yaşadır.
"Bəlkə də dəyişəcək pasportumun rəngi,
Doğum yeri qalır eyni,
necə ki gözlərimin rəngi"Qarışıq bir formada, qarışıq mövzu şəklində. İlk cümləni, sonda tamamlayırsan. Sadəcə özün oxuyub anlayırsan. Dəfələrlə. Bir mahnını 3 dəqiqə, ya sonsuzluq edən sadəcə "replay" düyməsinin basılıb basılmamasıdır. 0 yoxsa 1? Arada tək çəkilib bir qırağa, "özünü ifadə etməyə çalışmağa" çabalayırsan. Niyəsini bilmədən. Nə qədər qaçmağa çalışsan da, bütün çaylar eyni gölə axır. Bəlkə də elə fitrətində budu. Seçimi çoxdan etmisən. Etmisən? Bəlkə ediblər? Beyninə soxulmuş fikrin neçəsi sənindi ki? Sorğulamağa başlayanda sorğulamağın özünü sorğulayırsan. Bəlkə də aldadıldıq. Aldadıldıq..
Helyum doldurulmuş bir şar olub uçub getmək, çox uzaqlarda bir yerdə partlamaq lazımdı bəlkə də.
Getmək. Gedə bilmək. Getmək istəmək. Gedə bilməmək. Getməyə hazırlaşmaq. Getmək üçün yol axtarmaq. İçində "get" olan bütün sonsuz sözlər...
"Bir gün ölkədən qaçmaq idi arzum"
Bəs sənin arzun nə idi? Nədir? Nə olacaq? Arzulamaqdan yorulanda itirəcəksən, yoxsa hərəkətə keçəndə qazanacaqsan? Nə axtarırsan? Harda tapacaqsan. Bəlkə tapdın?
Görəsən çox qarışıq idi hər şey, yoxsa özün qəstlə qarışıdırırsan. Bilinməsin əsas məqsəd, bəlkə 50 dənə hədəf uyduraq? Yollarını azdıraq. Kimə lazımdı ki bu küçə hara çıxır, ya da bu ayaqlar hara gedir? Necə gizlənib, necə qaçıb qurtulasan? Necə minimumluğun maksimumunda qalasan? 1 azdı, 3 çoxdu, oyunun qaydası. Tutub əlindən, sadəcə qaçasan.
Və sonuncu qum dənəsi düşür yerə.
YOU ARE READING
Qulaqlıqlı Oğlan
FanfictionBu əslində bir hekayə deyil, bu xəyallar əlamində səyahət, sərin bir küləklə uçuşan sözlər, qaranlığın içində gizlənən notlardır. Bu sadəcə bəzi mahnıları dinləyərkən keçirilən hisslərdir. Bu sadəcə uydurmadır. Reallıqla çirklənməmiş uydurma.