Qızım... Çox qəribədir, aylar öncəsinə qədər heç tanımırdı məni. Necə bir anda ailəmin ölümünə səbəb olduqdan sonra qarşıma keçib "qızım" deyə müraciət etmişdi mənə?!
Artıq həqiqətən dayana bilmirdim. Hər zaman güclü olmuşdum, yada olmağa çalışmışdım. Hər kəs "çox sakitsən" deyərdi, ancaq heç kəs görməzdi içimdə gedən savaşları. Paramparça olmuşdum sanki. Heç bir parçam birlikdə deyildi, heç bir parçamın dayağı yox idi.
Yazardan:
Həmin an sanki Səmanın fəryadına dayandı zaman. Son dəfə orda gördü atasını, anasını, qardaşını Səma.
Saatlarla həryanı qan olmuş cəsədlərlə danışdı, sanki həyatdaymış kimi suallar verdi onlara...
12 dekabr, 2022-ci il
Saat 03:47 ...
-Həkim, xəstə oyanır...
-Ayaz, qızımız oyanır... Səma oyanır...Ailəsi sevincli idi Səmanın... Çünki yeddi ay sonra ilk dəfə gözlərini açdı Səma...
Qəza keçirmişdi, avtomobil qəzası. Komaya düşməsinə səbəb olacaq qədər ciddi bir qəza idi bu. Ara-ara ağladığına şahid oldu ailəsi, ara-ara qorxu dolu nəfəs alış - verişlərinə... Əllərini tərpədirdi bəzən, ancaq heç açmırdı gözlərini. yeddi ay ərzində "sadəcə yatdı" deyirdilər ona... Ancaq bilmirdilər bu yeddi ayda, o ailəsini itirmiş, tapdıqdan sonra isə gözləri önündə onların ölümünə şahid olmuşdu...
Gözlərimi səs-küylü bir o qədər də aydın bir otaqda açmışdım... Anam, atam, qardaşım... Hamısı yanımda idi... Harada olduğumu, başıma nələr gəldiyini anlamağım bir az zaman aldı. Bir neçə dəqiqə sonra isə artıq hər şeyi xatırlayırdım. Mənim ailəm öldürülmüşdü, onların cəsədlərilə danışırdım ən son... Bəs necə ola bilərdi? Necə indi hamısı qarşımda ola bilərdi?
Sonra həkim içəri girdi. Atamla danışmağa başladı. Təxminən yarım saat danışdıqdan sonra, başıma heç xatırlamadığım hadisələrin gəldiyini öyrəndim. Məgər mən avtomobil qəzası keçiribmişəm və o qəzaya görə həyatımın yeddi ayını "yataraq" keçirmişəm... Həkimin izahından anladığım bu idi...
Ancaq mən yatmamışdım... Bu necə ola bilərdi?! Yaşadığım hər şeyin həqiqət olduğuna əmin idim. Yox... Yuxu ola bilməzdi... Bütün yaşadıqlarıma, çəkdiyim bütün əziyyətlərə "sadəcə bi yuxu" deyilə bilməzdi....
Tək istədiyim hər şeyi, yaşadığım hər şeyi onlara demək idi. Ancaq necə inandıracaqdım? Bütün bunları həqiqətən də yaşadığıma kim inanacaq, kim dəstəkləyəcəkdi məni?
Çox düşündüm, saatlarla dayanmadan gözümün önünə gətirdim yaşadığım hər dəqiqəni. Eyni qorxuları bir daha da hiss etdim içimdə. Onda daha da əmin oldum yaşadığım hər bir şeyin həqiqət olduğuna.
İlk günlər sanki dilim tutulmuşdu. Heçnə deyə, dərdimə çarə tapa bilmirdim. Həkimlərdə anlamırdı səbəbini. "Yeddi ay yatsa belə, danışmalı idi..."deyirdilər. Bəlkə də yaşadıqlarımın nəticəsi idi hamısı...
Bir neçə həftə sonra danışmağa başladım. Çox tərəddüt etdim "Görəsən danışım?" deyə özümə dəfələrlə sual verdim. Ancaq danışmasam heç bir suala cavab tapmayacaqdım axı?! Sonunda qərar verdim.
Anamı, atamı otağa çağırdım. Başdan sona hər şeyi onlara danışdım. "Qara geyimli şəxs"in həyatımızı alt-üst edişi,anamın, atamın ölümü... Çox qəribə gəlir elə deyil?Anama və atama "siz ölmüşdünüz..." deyə müraciət etmək...
Diqqətlə dinlədilər məni. Ancaq atamın baxışları "Sən yaxşı deyilsən..." deyirdi... Anam isə sanki qızının ağlını itirməsinə şahid olmuş, onun əlindən gedişini izləyirdi.
Çox kəsdilər sözümü. "Yox olmaz elə şey.", "Yuxu görmüsən, uzun vaxtdır yatırsan, təsirində qalmısan" dedilər...
Amma Aylinin adını eşidəndə sanki nə isə bilirmiş kimi baxdı anam atama... Mən danışmağa davam edir, onlar isə məni "yola verirdilər". Tək istədikləri söhbəti bitirməyim idi sanki. Ancaq mən dayanmadım. İlk dəfə cəsarətlənib, danışmışdım. Geri çəkilə bilməzdim...
Saatlarla danışdıqdan sonra sıra son cümləni deməyə gəldi...
-Ana, sonra yanıma gəldi, "Qızım məni bağışla..." dedi və özünü öldürdü, - dedim.
Anam heçnə demədi... Sonra atama baxdım. Həyatımboyu görmədiyim qədər böyük bir qorxu gördüm atamın gözlərində.
Dəfələrlə çağırdım onları. Heç biri heç bir kəlmə belə demədi... Sonra otaqdan çıxdılar...
Dediyim heç bir cümləni ciddiyə almamışdılar... Yeddi aydır yaşadığım "həyat"ın sonunu gətirən bir cümlə niyə bu qədər önəmli olmuşdu?!