Oxuduğum universitet və ev arasında 1 saata yaxın məsafə var idi. Son vaxtlar getdiyim hər yerdə, məktəbə gedərkən belə kimsə tərəfindən izlənirdim. Neçə dəfə polis tərəfindən axtarışa çıxarılsa da, ona aid heç bir iz tapılmırdı. Nömrəsi bəlli idi, ancaq yenə də bir nəticə vermirdi.
Bunu kim, nə üçün edirdi? Hələ ki heç bir fikrim yox idi. Mindiyim avtobuslara mənimlə minmirdi, mən avtobusa minəndə o çoxdan arxa oturacaqlardan birində özünə yer ayırmış, əyləşmiş olurdu.
Hər dəfə onunla eyni yerlərə təkcə getmək təhlükəli idi, bilirəm. Ancaq heç səsini belə eşitmədiyim, həmişə başdan aşağı qara geyimli olan, qara eynəyini gözündən çıxarmayan bu şəxsi görmək istəyirdim.
Bəzən evə gec gəlirdim, əsasən, bu vaxtlar üzə çıxırdı. Keçdiyim dar, ara küçələrdən mənimlə keçirdi. Aramızda ən çox 10 addım məsafə olurdu. Evimin yerləşdiyi son küçəyə dönəndə yox olurdu...
Aradan 2 həftə keçmişdi. Həmin gün axşam saatlarında evə qayıdırdım. Ancaq bu dəfə fərqli olan bir şey var idi: ayaq səsləri gəlmirdi, həftələrdir məni izləyən həmin o şəxs yox idi...
Bir gün, iki gün, üç gün...
Artıq tamamilə inanmışdım onun getdiyinə və bir daha da dönməyəcəyinə... Amma yanılmışdım...