Damla, anam, bu o idi. Axı o Arzunu haradan tanıyırdı? Axı nə üçün Arzuyla görüşürdü?
Yenə, yenə və yenə. Suallar, cavabı olmayan onlarla, bəlkə də, yüzlərlə sual beynimdə sanki savaş varmışcasına məni boğurdu. Heç birinin cavabı yox idi və artdıqca artırdılar.
Nəfəs ala bilmirdim artıq, boğulurdum. Sonra tanış əllər toxundu mənə, çənəmdən tutub üzümü özünə doğru çevirdi. Göz-gözə gəldim, qardaşımla - Dənizlə.
Qışqırmaq, səsimi eşitdirmək istəyirdim. Həmin an sanki zaman dayanmışdı, orada sadəcə mən və o vardı, kənardan heç kim keçmir, sanki keçənlər də bizi görmürdü. Ağzımı açıb danışmaq, gördüklərimi, olanları bir-bir ona demək istədim, amma qolumu sıxan əlləri buna izin vermədi, danışsam çəkdiyim ağrının bəlkə qat-qat ağırını yaşadacaqmış kimi baxırdı mənə.
Səsimi çıxarmadım, "qardaşımdı, mənə nə edə bilər axı?" deyə düşündüm, mən bilməzdim yanılacağımı.
Qolumu əsla buraxmadı, maşının qapısını açıb, sərt bir şəkildə maşının arxa oturacağına itələyib qapını bağladı. Özü sükan arxasına keçdikdən sonra isə qapıları kilidlədi.
Yolboyu sanki dilim tutulmuşdu. Heç nə demədən səsimi belə çıxarmadan sadəcə maşının içindəki güzgüdən qardaşıma baxır,onun baxışlarından nəyisə anlamağa çalışırdım. Gözlərində sadəcə nifrət var idi. Başqa heç bir duyğu onun qarşısına keçə bilməzdi.
Qardaşımın nifrətdən alışıb-yanan gözlərinə baxmaqdan yola, hara getdiyimizə heç fikir verməmişdim. Yalnız maşın dayananda ətrafa boylandım.
Öz evimizə gəlmişdik. Qardaşım gecə çıxdığımı anlamışdı, ondan idi bütün əsəbi, bəs nə üçün anamın orada olmasını heç yadırğamadı? Bəlkə də heç anamı görməmişdi?
Eyni əsəblə qolumu sıx-sıx tutub məni maşından çıxardı. Hirslə qapını bağlayıb, sanki sürütləyirmiş kimi məni evin qapısına kimi apardı, qapını açıb, hirslə evin içinə itələdi.Və bunların heç biri vecimə deyildi, çünki evə girəndə ilk gözümə görünən anam oldu. Axı necə ola bilərdi? O Arzunun yanında idi. Bu qədər qısa müddətdə, bizdən əvvəl evdə olması, axı nə qədər normal idi?
Sonra gözlərim anamın gözlərində ilişib qaldı. Vecsizlik vardı gözlərində, nifrətlə qarışmışdı. Çox dərinə ensən təəssüf hissi də özünü biruzə verirdi. İlk dəfə idi onun baxışlarının altında yatan məna məni bu qədər narahat edirdi.
Sonra atam əlimdən tutub ayağa qaldırdı məni. Özü ilə otağıma apardı, yatağımın bir küncündə oturdu, əli ilə mənim də oturmağımı işarə elədi.
Bu dəfə o dərin baxışlar atamda idi, peşmanlıq və təəssüf. Sonra telefonumu istədi məndən, əlimdən aldı və ayağa qalxdı. Otağın qapısından açarı çıxardı, gözlərimin içinə baxıb sadəcə bir cümlə dedi:
-Hər şey düzələcək.
Sonra qapını bağladı və kilidlədi. Çox səsləndim, "ata eləmə" deyə, ancaq nə səsimi eşitdi, nə də geri dönüb otağımın qapısını açdı.
![](https://img.wattpad.com/cover/325553975-288-k808498.jpg)