11. Cənab və rəfiqə.

793 180 21
                                    

Qaranlıq otaq. Küçədə çöl itlərinin hürüşməsi və qurtarmaq bilməyən maşınların səsi gəlirdi. Dəhlizdən isə hansısa qızcığazın qışqırıq səsi bəlkə də bütün binaya yayılırdı. "Yəqin adamlarımdan biri əyləncə üçün yenə qız tapıb gətirib" deyə düşündü Voskres. İşi olmasa idi, o da qoşulardı onlara. Xəyalında həmin o qızcığazı, onunla nə etdiklərini düşünüb dodağında adamı ürpəşdirən bir gülümsəmə yarandı. O, həmişəki kimi öz dərili kreslosunda oturaraq gözünü pəncərəyə dikmişdi. Birdən qapıdan cırıltılı səs gəldi və içəriyə adam daxil oldu. Voskres üzünü çevirmədən:

- Əyləş, təzə xəbərlər haqda danış.

- İşlər düşündüyümüzdən də yaxşı gedir. O, çox tez aldandı,- sözünə ara verərək öskürdü və sözünə yenə başladı,- Amma bir problem var ki, onu da tezliklə həll edəcəyik.

- Nə problemdi o? - Voskres üzünü birdən ona tərəf çevirdi. O, Voskresin üzünü görmüşdü, amma hər görəndə yenə ürəyinə qorxu düşürdü. Bu dəfə də yerində dik atıldı, amma tez də özünə gəldi. Voskres bir əlində cib bıçağı tutaraq onu əlində fırladırdı. O da qeyri - ixtiyari gözünü bıçağa zilləmişdi.

- Oğlan.. problem oğlandadır. Adamlarımın dediyinə görə o, qıza lazım olduğundan daha çox yaxın olub. Bu gün danışacam onunla və hər şeyi izah edəcəm. O, əsas məqsədimizi bilmir, bilsə, dərhal özünü yığışdırar.

- Niyə buna belə əminsən? O, hər şeyi polisə ya qıza açıb danışa bilər,- biraz ara verib birdən səsini ucaldaraq,- Niyə belə əminsən axı? - Hirsindən bıçağı divara atdı. Bıçaq düz onun qulağının yanından keçmiş və qulağının qırağını qanatmışdı.

- Cənab, onu mən uşaqlıqdan himayə etmişəm. Düzdü, işimin əsas xassələrini bilməsə da, o, mənə hər zaman kömək edib, uşaqcasına inanıb. Danışsa...

- Onu da, kimə danışdığını da tikə-tikə doğratdıracam. Buna əmin ol sən. Oğlandan da gözünü çəkmə.

- Baş üstə, cənab, baş üstə,- O, durub təzim edib getmək istəsə də, qaranlıqda parlayan üzüklərlə dolu əl onu saxlatdı.

- Bəs o biri noldu? Müdiri deyirəm. Qulağıma çatıb ki, o, əvvəlki hadisələrlə maraqlanır, hətta arxivə belə çatıb. Siz bəs korsunuz, görmürsünüz?

- Heç narahat olmayın, cənab. Polislərlə işlərimizi tam qaydaya salandan sonra onun da işinə baxacayıq,- ilk dəfə idi ki, onun da dodağında gülüş yarandı.

- Niyə belə uzadırsınız? - Voskres əli ilə masasına yumruq vurdu və masanın üstündəki çox şey yerə düşdü. Hətta qarşındakı adam da yerində dik atıldı.

- Xahiş edirəm, cənab, sakitləşin. Bilirsiniz ki, polislərlə iş çətindir. Onları keçən hadisədə da zorla razı salmışdıq. Amma düzələcək, cənab, narahat olmayın,- O, qorxsa da, səsi titrəmir, səsində bir əminlik vardı.

- Yaxşı, sən deyən olsun. Tezliklə o şirkəti də ələ keçirəcəm və təkcə Moskva deyil, Bakı da əlimə keçəcək,- siqar yandırıb ağzına qoydu və otaq bütün tüstüyə döndü. Sonra onun hələ də getmədiyini görüb qışqırdı, - Sən də nə durub baxırsan, axmaq, dur, cəhənnəm ol burdan!

Adam göz qırpımında otaqdan çıxdı. İnsanların ondan qorxması, hər dediyini etməsi, ona padşah kimi təzim etmələri ona ləzzət verirdi. Voskres hər şeyin həllində pul və qorxunu görürdü. Hörmət isə onun üçün tanınmaz bir məfhum idi.

***

Dəhliz bomboş və sakitlik idi. Bu sakitliyi bircə Səmanın dikdaban ayaqqabısının səsi pozurdu. Səma dəhlizdə gəzərək Xədicənin otağını axtarırdı. Xədicə Səmaya onun Səmadan bir mərtəbə yuxarı, yəni 4cü mərtəbədə olduğunu desə də, hansı otaqda yerləşdiyini deməmişdi. Səma da məcbur olaraq dəhlizdəki hər otağın qapısını açaraq onu axtarırdı. "Mən niyə katibədən soruşmadım ki?" sualını özünə verib dayandı. "Çünki orada Fərhad var idi və sən onunla çox utancaq olduğundan qarşılaşmaq istəmədin." Dərhal da öz sualına özü cavab verdi. Düzdü, dünən Fərhadla çox gözəl gün keçirmişdi, onu daha yaxından tanımışdı. Amma bu lənətə gəlmiş utanclıq hissi ona Fərhadla görüşməyə imkan vermirdi.

- Sema? Mən burdayam, sən niyə o otağın qabağında dayanmısan? - Xədicə öz kabinetinin qabağında dayanıb gülərək Səmaya baxırdı.

- Ay Xədicə, otağın hansı mərtəbədə yerləşdiyini deyəndə otağın nömrəsini də deyərlər də. Bayaqdan hər otağa girib səni axtarıram.

- Canım, unutmuşam. Bağışla. Sən gəl, keç içəri.

Səma gülümsəyib Xədicənin otağına keçdi və dərhal da rəfiqələr qucaqlaşdılar. Səma oturandan sonra Xədicə otağın kənarında yerləşən qəhvə hazırlayandan özünə və Səmaya qəhvə hazırladı. "Ürəyin nə istəyir? " deyə soruşmamışdı, çünki hər iki rəfiqə qəhvəni çox sevirdi. Qəhvələri masanın üstünə qoyub Səmaya, onun üzünə və saçlarına diqqətlə göz gəzdirdi və gözləri saçlarında zillənib qaldı. Səma da sualedici nəzərlərlə ona baxırdı. Ah çəkib dərhal ayağa qalxaraq Səmaya yaxınlaşdı və saçlarına əl gəzdirdi.

- Dəli, nə etmisən sən? O gözəl, uzun saçların hanı? Niyə kəsmisən axı? Heyif o saçlardan, çox heyif.

Səma gülərək uşaqlıqdan Səmanın saçlarının heyranı olan Xədicəyə baxıb:

- Əzizim, elə təşvişlə ah çəkdin ki, dedim indi nə olub. Saçdır da, yenə uzanacaq. Dəyişiklik olsun, dedim.

- Amma yenə də heyif oldu o ipək saçlar. Hər nə isə. Sən özün necəsən? Sevgili filan varmı?

- Var idi, sonra cəhənnəm olub getdi.

- Aa noldu ki? Danış görüm? Sən ayrıldın ya o? Adı nə idi? Yaraşıqlı idi? Neçə ay sevgili oldunuz ki? Neçə yaşı...?

Səma gülərək əli ilə rəfiqəsinə işarə edib dayanmasını xahiş etdi. Neçə ildən sonra Xədicə ilə belə qız söhbətləri etməkdən ötrü çox darıxdığını elə indi anlamışdı.

- Başı batmışın adı Cəmil idi. 2 ay sadəcə tanış ya dost kimi olmuşduq. O zaman mənimlə qayğı ilə rəftar edirdi. Amma sevgili olandan sonra isə tamamilə dəyişdi. Əvvəlki Cəmil yox idi. Qısaca məni öz rəfiqəmlə aldatmışdı və mən də ayrıldım. Düzü, qəti pis olmuram. Stresdə deyiləm gördüyün kimi.

- Ay sağol, canım. Stres gərəksiz bir şeydir. O, sənə heç layiq deyil, getsin o ifritənin yanına. Sənə layiqli biri, məsələn, şirkətimizdəki Fərhaddır. Onunla aran necədir? Öz də heç nəyi gizlətmə məndən, çünki özüm görmüşdüm sənə sevgi ilə necə baxdığını, sənlə danışığını.

Səma bunları eşidəndə içdiyi qəhvə boğazında qaldı. Bir neçə dəfə öskürüb özünə gələndən sonra dedi:

- Fərhadın mənə qarşı hislərini bilməsəm də, hə, ondan xoşum gəlir. Yaxşı, zarafatcıl, mehriban, həm də yaraşıqlıdır. Vəssalam. Amma ciddi bir şey yoxdur, çünki Cəmildən sonra sevgi məsələsində ehtiyat edirəm.

- Yaxşı, Sema, tərssən sən, bilirəm ki, boynuna almayacaqsan. Amma toyunuz olanda mənə dəvətnamə verməyi unutma ha.

- Xədicə! Qurtar!

- Qurtardım, qurtardım.

Hər ikisi gülürdülər, amma birdən Səmanın gözü masanın üstündə çərçivədə əks olunan şəklə sataşdı. Şəkildə Xədicə və polis formasında olan qardaşı İsgəndər əks olunmuşdu.

Qeyd: "Qanuni oğru"lar haqda bilən varsa, yəqin ki, Voskres adlı rus oğrusu haqda da eşidib. Amma mənim hekayəmdə həmin adı öz obrazım üçün istifadə etmişəm. Yəni bildiyiniz o oğru deyil))
Baxış sayları da get-gedə artır. Buna görə hər birinizə dərin təşəkkürümü bildirirəm. Amma həqiqətən bəyənirsinizsə, ★ bu işarəni qoymağı unutmayın:)

Sənə İnanıramDonde viven las historias. Descúbrelo ahora