2.Səyahət karavanı

393 30 17
                                    

Bir futbolcunu məğlub olmuş komandasından daha çox yalnız bir şey məyus edə bilər : komandası məğlub olarkən özünün matçda iştirak etməməsi və yoldaşlarına kömək edə bilməməsi . Bu səbəbdən İlyas bu gün əsəblərini heç cür cilovlaya bilmirdi . Soyuq qış günündə tamaşaçı kütləsinə həsrət qalan stadionun yarısaralmış otlarla örtülmüş meydançasında 3:0 hesabıyla məğlub olan komandasını kənardan hövsələsiz şəkildə izləməklə kifayətlənməli olmuşdu . Baş məşqçi son əvəzləmə haqqından da istifadə edib İlyasdan dəfələrlə təcrübəsiz bir oyunçunu sırf öz oğlu olduğu üçün oyuna daxil edəndə keçirdiyi təəccüb İlyası oturduğu skamyadan qalxmağa məcbur etdi . Məşqçinin ona baxdığını görəndə əllərini yana açıb üzündə " bu nə demək idi ?" ifadəsi yaratdı . Qoca məşqçi isə kinayəli şəkildə qaşının birini qaldırıb çiynini çəkdikdən sonra diqqətini yenidən meydançadakı futbolçularına verdi .
Baş məşqçinin bu saymazyana hərəkəti İlyası daha da əsəbləşdirdi və etiraz əlaməti olaraq özü kimi oyundan kənarda qalan digər yoldaşlarının yanından sürətlə uzaqlaşdı və stadionun paltar dəyişmə otağına doğru addımladı.
Yarıqaranlıq dəhlizdən keçib içərisində heç kəsin olmadığı otağa daxil olar olmaz əyilib botlarının bağını açdı və hərəsini bir tərəfə fırlatdıqdan sonra bədənini üzərinə komandalarının emblemi vurulmuş mavi kurtkadan azad etdi . Kiminsə onu eşidə bilmə ehtimalını vecinə almadan var gücü ilə " Axmaq qoca !" qışqırıb otaq boyunca var gəl etməyə başladı .
Hər şeydən çox nifrət etdiyi məşqçisi mövsüm ərzində cəmi üç dəfə matçda iştirak etmə haqqı vermişdi İlyasa . Bu oyunlarda İlyas sadəcə əvəzedici kimi oyunun bitməsinə 15-20 dəqiqə qalmış müddətdə oynama şansı qazanmış və özündə hiss etdiyi potensialı sərgiləyə bilməmişdi . Bu günkü oyunda da əsas heyətdə olmadığını bildiyindən adının heç olmasa sonradan oyuna daxil olacaqlar arasında yer almasını ümid etmişdi amma "axmaq qoca" adlandırdığı məşqçi mövsümün son matçında belə ona şans verməməyi üstün tutmuşdu .
Otaqda gəzinərkən bu işin belə davam etməməli olduğunu , bu komandada qaldıqca futbolçu kimi formalaşmayacağını anlamağa başlamışdı ... və artıq bir qərar vermə zamanı gəlib çatmışdı . Ya bu komandada qalaraq ömrünü çürüdəcəkdi , ya da bir neçə gün əvvəl ona təklif göndərən aşağı liga komandasına razılıq verib əsas heyətin tərkibində oyunlarda iştirak edəcəkdi . Son seçim ona daha cəlbedici görünsə də bəzi tərəddüdləri vardı . Məsələn , öz komandasından da zəif bir komandada çıxış etmək ona uğur qazandıracaqdımı ? Bir neçə dəqiqəlik götür qoydan sonra son nəticəyə gəlib çatdı . O bu lənətəgəlmiş məşqçidən və onun komandasından qurtulmalı , yeni bir komandada yeni bir kariyeraya addım atmalıydı . Kim bilir , bəlkə də yeni komandasında ulduzu parlayacaq , daha güclü klublara transfer olma şansı qazanacaqdı . Hər şeyi zamanın öhdəsinə buraxmaq lazım idi ...
Bu ümidverici düşüncəylə şkaflardan birinə yaxınlaşıb iri siyirtməni çəkdi və tünd qəhvəyi rəngli idman çantasını çıxardı . Çantanın ön cibinə qoyduğu telefonunu götürüb təklifi göndərən komandanın transfer menecerinin telefon rəhbərinə yenicə qeyd etdiyi nömrəsini yığdı .
" Alo , buyurun ?"
" Bağışlayın , İlyas Nağıdır sizi narahat edən .Qış transfer pəncərəsində sizin kluba keçməyimlə bağlı maraqlandığınızı bildirdilər mənə ."
" Aha , doğrudur . Klubunuzla danışıqlar aparılır . Təbii ki , sizin razılığınız da önəmlidir . Səhv etmirəmsə müqavilənizin müddəti hələ ki , bitməyib ."
" Bəli , bitməyib . "
" Bu halda siz klubunuzla qarşılıqlı razılaşma yolu ilə müqavilənizi ləgv etməli olacaqsınız . Gələn həftələrdə klub nümayəndələriylə görüş təşkil edib bu keçidi rəsmiləşdirməyi planlaşdırırıq ."
" Çox gözəl . Amma İbrahim bəy , mənim sizdən kiçik bir xahişim olacaq ."
" Buyurun ."
" Bilirsiniz ki ,mən həyatım boyu paytaxtda yaşamışam . Kariyeram da burada başlayıb . Sizin təklifiniz məni cəlb etsə də klubun qərargahının Qəbələdə olması və sizin şərtinizə əsasən futbolçularınızın məhz orada yaşamalı olması məni narahat edir."

"Sizi başa düşürəm , İlyas . Amma diqqətinizə çatırım ki , biz oyunçularımızın rahatlığına önəm veririk və sizin də bütün istəklərinizi təmin edəcəyimizə söz veririk ."
Bu cavabdan az da olsa rahatlıq tapan İlyas " Mənim də xahişim bu haqda olacaq . Mümkünsə klubunuza transfer olmazdan əvvəl Qəbələdə mənə təklif edəcəyiniz həyat şəraitiylə tanış olmaq istərdim . " dedi.
Bir neçə saniyəlik səssizlikdən sonra klub meneceri davam etdi .
" Əlbəttə , sizə bir təklifim var . Sabah səhər saat 7də qəragahımıza gəlin . Sizi şəraitimizlə tanış edim. Amma qeyd etdiyim zamanda gəlməyə çalışın ,cünki sonra işlərimizlə bağlı klubun rəsmiləri ölkəni tərk etməli olacaq və mən ya da başqa biri sizə bələdçilik edə bilməyəcəyik ."
Bu telefon söhbəti İlyasın narahatlıq hisslərini aradan qaldırmışdı amma yenə də Qəbələyə gedərək klubla tanış olmağın gərəkli olduğunu düşünürdü . Saata baxdıqda stadionda davam etməkdə olan oyunun tam 10 dəqiqə sonra bitəcəyini hesabladı . Bir möcüzənin baş vermədiyini və komandasının böyük hesab fərqi ilə məğlub olduğunu düşünərək formasını dəyişib gündəlik geyimini geyindi . Məşqçisi və yoldaşlarıyla qarşılaşmamaq üçün oyun bitmədən çantasını götürüb otağı tərk etdi və stadionun əsas çıxışına dogru getməyə başladı . Düzdür , məşqçisi oyun sonrası müzakirədə İlyası tapmadığı zaman çox əsəbləşəcəkdi amma daha bu gənc futbolçunu narahat etmirdi . O artıq ona dəyər verəcək başqa bir klubla razılaşmanın ərəfəsindəydi .
Atasından qalma "Mercedes" markalı qara rəngli maşını park etdiyi meydança stadionun düz arxasındaydı . İçəri daxil olub maşını işə salanda gözləri qarşısındakı şkalaya sataşdı .
" Ola bilməz ." deyərək əllərini çarəsizcə rula çırpıb bir neçə saniyə gözlədi . Maşında yanacaq tükənmişdi və bir neçə saat əvvəl maşını idarə edərkən bu xırdalığa niyə diqqət yetirmədiyini anlaya bilmirdi .
Havanın qaralmış olması İlyasda yenidən saata baxma istəyi oyatdı . Saatın 20:34 olduğunu görəndə isə vaxt itirmədən maşından düşdü . Park edilmiş maşınların gözətçisinə yaxınlaşıb "Mercedes"in iki günlük yer haqqını əvvəlcədən ödədi və " Buralarda taksi dayanacağı varmı ?" sualına gözətçidən "yox" cavabını aldıqdan sonra maşınların sürətlə hərəkət etməkdə olduğu yolun kənarına gəlib çatdı . Bu qaranlıqda yol kənarında bu cür məzlumca gözləmək ona axmaqlıq kimi gəlirdi ama başqa çarəsi də yoxdu . Bir taksiyə minib evə getməli , bir neçə saat yuxusunu aldıqdan sonra isə başqa bir taksiylə Qəbələyə yola düşməli idi .
Artıq 15 dəqiqə idi gözləyirdi . Önündən bir dənə də olsun boş taksinin keçməməsi onun bütün ümidlərini suya salıb çox da yaxın olmadığı məslək yoldaşına zəng etməsinə və kömək istəməsinə məcbur edirdi ki , yanında iri bir avtomobilin dayandığını hiss etdi . Telefonunu yenidən cibinə qoyub qarşısında dayanan avtomobili nəzərdən keçirdi . Bu onun Bakıda heç vaxt rast gəlmədiyi, insanı macəralara sürükləyəcək görüntüsü olan ağ rəngli səyahət karavanı idi ...

Sondan SonraDonde viven las historias. Descúbrelo ahora