12. Su , Aynur və ya ...

146 21 3
                                    

Sağ əlindəki kağızı bükərək ovucuna sıxdı , üzərində oturmağa məcbur olduğu soyuq beton döşəmədə dizlərini büküb özünü bir növ şaxtadan qorumağa çalışdı . Salındığı bu zirzəmidə heç bir pəncərə və açıq qapı olmamasına rəğmən haradansa gələn soyuq hava iliklərinə qədər işləyirdi .
Bir qolu divara birləşdirilmiş zəncirə bərkidildiyindən İlyas digər əliylə ciblərini qarışdırmağa başladı . Amma yox ... Həm öz telefonunu , həm də indi həyatda olmayan Ziyanın telefonunu Torpaq bayaqkı münaqişədə İlyasın əlindən ala bilmişdi . Bu gecə olanlardan sonra bütün gücünü , ümidini itirmiş İlyas isə manyakın zərbələrinə qarşı heç bir mübarizə aparmadan dəhlizin bir küncündə qıvrılıb qalmışdı . Anidən başı yumşaq bir əşyaya toxunmuş , bu əşyanın Rənanın çantası olduğunu anladıqda isə içindəki telefonu gizlincə götürmək ümidilə əlini çantaya atmışdı . Təəssüf ki , əlinə telefon deyil , adi bir kagız parçası keçmişdi ... İndisə Torpağın onu sürüyərək gətirdiyi qaranlıq zirzəmidə oturub zəncirli əlindəki həmin kağızı əzişdirməkdə idi .
Ağlından "Bütün bunlar yuxu olsun ...qorxulu bir yuxu ." keçdi yenidən . "Mən futbolçuların paltar dəyişmə otağındayam və oradaca yuxuya getmişəm ...ya da bəlkə həmin ağ karavanda yatıb qalmışam və bu dəhşətli yuxunu görməkdəyəm . Heç kəs ölməyib ... Özümü niyə aldadıram axı ? O üç cəsədi gözlərimlə gördüm ...Sehri... o sağ idi ...kömək istəyirdi məndən...yuxudan da onun qışqırığına oyanmışdım ... amma yəqin ki , artıq Rənayla Ziya kimi o da öldürülüb ...mən isə burada öz növbəmi gözləyirəm . Niyə tanımadığımız bir qadının arxasınca düşəcək qədər axmaq olduq axı ? "
Anidən zirzəminin dəmir qapısı açıldı , içəri əllərində şamdan və fincan tutmuş bir nəfər daxil oldu . İlyas qara libaslı və kapşonlu adama göz gəzdirdikdə onun boyunu və bədən quruluşunu nəzərə alıb Torpaq olmadığı qənaətinə gəldi .
Taleyi ilə barışmış oğlan " Mən də sənin haqqında düşünürdüm ." deyərək kinayə etdi .
Bunu eşidən kapşonlu hərəkətsiz dayanıb "məhbus"u dinləməyə başladı .
" Günah bizdədir , Alov . Görünüşündən necə biri olduğun bəlli olurdu . Niyə sənə etibar etdik ki ?" davam etdi İlyas .
Bu zaman yoldaşının arxasından zirzəmiyə girən Torpaq qadının İlyasın dediklərini səssizcə dinlədiyini görəndə əsəbləşdi .
" Səni bura niyə göndərmişəm ? Fincandakı suyu içir və get . Onun çıxışını dinləməyə məcbur deyilsən ."
Qadının həyəcanlandığını anladıqda isə sürətlə ona yaxınlaşıb şamdanla fincanı əlindən aldı .
" Özünü lap itirmisən . Çıx , öz işimi özüm həll edərəm ."
Bu qəribə mənzərənin şahidi olan İlyas başına gələcəkləri qəbul etmiş şəkildə " Alov , özündən razılığın hara yoxa çıxdı ? Yarpaq kimi əsirsən ." deyib müdaxilə etdi və gülməyə başladı .
İlyasın davranışı Torpağı özündən çıxardı , getməyə hazırlaşan qadının qolundan tutub saxladı və kapşonu başından çəkdi .
İlyasın gülüşü üzündə dondu ... qorxaraq İlyasa baxan gözlər ona bu gecənin ikinci sarsıntısını yaşatmışdı ...
Bu dəfə Torpaq güldü və " İlyas , tanış ol , bu Sudur ... Ya da sənin Rənan . " deyə qışqırdı .
" Rəna ? "
Torpaq qızın qolunu sıxaraq " Dostum , yerində olsam adının Rəna olduğuna bu qədər əmin olmazdım . Hə ? Onları aldadıb buraya necə gətirməyindən danışmaq istəmirsən , əzizim ?" soruşdu .
İlyasın baxışlarından yayınmaq üçün gözünü döşəməyə zilləmiş qız Torpağın sualını cavabsız qoydu .
" Amma mələk kimi məsum görünür . Düzü ömrümdə heç mələk görməmişəm amma görsəydim ,yəqin ki , Suya bənzədərdim . Aldanmamaq mümkün deyil ." davam etdi Torpaq . Bu cümlələrdən sonra Su qolunu cəkib Torpağın əlindən qurtardı və qaçaraq zirzəmini tərk etdi .
İlyas yenidən Torpaqla tək qaldı . Torpaq oğlanın keçirdiyi sarsıntını hələ də dəf etməməsindən istifadə edərək ona yaxınlaşdı və fincanı oğlanın dodaqlarına yaxınlaşdırdı . Nə baş verdiyini anlamayan İlyasın gözünün önündən bəzi görüntülər axıb getməkdə idi ... Əvvəlcə Rənanı meşə kənarından tapdıqları anı xatırladı ... Çantası yanında , torpağın üzərində idi ... Daha sonra çarpayının kənarında oturub huşsuz vəziyyətdə yatan Rənanı izləməsi ... Qızın məsum siması və gözlərinin altına yayılmış qara ləkə ...
Bu ləkənin yayılmış makyaja aid olduğunu sanması keçdi ağlından ... Amma ləkə Alov və Torpagın gözlərinin altındakı qara xəttin pozulmuş forması idi sadəcə ... bunu az əvvəl Rənada xəttin bərpa olunmuş şəklini gördükdən sonra anlamışdı İlyas .
" O idi ...əvvəldən Rəna idi ... bizi evə gedəcəyi adı ilə aldadıb buraya gətirən... Alovla əlbir işləyirdi... bəs niyə onu görəndə qorxmuşdu ? Torpaqdan da qorxurdu . Bu onun baxışlarından bəlli idi ...məntiqsizlik var ... Rəna yoldan karavanın keçəcəyini necə bilib o palçığa uzanmışdı ?... bəlkə gecə ərzində yoldan maşın keçməyəcəkdi ? Ya da sürücülər yolun qıragına yıxılmış qızı görməyəcəkdi ... onda belə çıxır ki , Rəna şüurlu şəkildə şaxtada gecəni palçıga uzanaraq keçirməyə razı idi ? Yox , bu işdə məntiqsizlik var ..."
Dolaşıq düşüncələrindən ayrılanda Torpağın da getmiş olduğunu gördü İlyas . Bu manyak ona nəsə içirmişdi amma artıq heç nə İlyasın vecinə deyildi . Bu gecə öldürüləcəyini qəbul etmişdi ...
Əlindəki kağızı yenidən buruşdurmağa başlayanda karavanda baş verən hadisəni xatırladı ...' Rəna oyanır və cəld çantasının içinə göz gəzdirir . Bu zaman qız çantadan çıxardığı vərəqə yazılan qeydi oxuyur və həyəcanlanır...'
"Bu həmin vərəqdir . " düşündü İlyas . Sərbəst əliylə vərəqi hamarlaşdırıb gözünə yaxınlaşdırdı . Torpağın gedərkən bir neçə metr aralıdakı taxta yeşiyin üzərində unutduğu şamın zəif işığında yazılanları oxumağa başladı .
< Bir gün ərzində geri qayıtmasan Zülmətin qara siyahısına düşəcəksən , Aynur . O zaman hara gedirsənsə get , harada olursansa ol səni tapıb ona təslim edəcəyəm . İki il əvvəl sən ərini Zülmətə təslim etdiyin kimi ... Ümid edək ki , bu qeydi bir gün keçməzdən öncə oxuya bilmisən . Hər iki halda tezliklə görüşənədək .>

Sondan SonraHikayelerin yaşadığı yer. Şimdi keşfedin