11. Sənin xəstənəm

184 21 4
                                    

Hər gözəl günün daha da gözəli olur. Ən pis günün də daha pisi olur.
Bəzən içimizdə yığılan qüssə ürəyimizi partladacaqmış kimi ürəyimizin ritmini dəyişər. Ürəyimiz ağzımızdan çıxacaqmış kimi atar. Nə baş verdiyini anladıqda gec olar. Çünki artıq sevgi adlanan o məşum hiss qəlbimizin qapısını döymədən gəlmiş olar. O kiminin əcəli, kiminin xilasıdır...
    Axşam gec yatmışdı və baxmayaraq ki, bu gün işə getməyəcəkdi, yenə də Aylin səhər tezdən oyanmışdı. Erkən qalxmaq onda bir vərdiş halını almışdı. Uşaqlıqdan səhər erkəndən qalxan Aylin nadir halda 7-dən gec oyanırdı. Telefonu qaldırıb saata baxdı. İsti yataqdan qalxmaq nə qədər çətin olsa da, qalxıb əl-üzünü yumaq üçün vanna otağına keçdi. Bu gün qızlarla görüşüb qızlar günü təşkil etmək istəyirdilər. İldə bir neçə dəfə beləcə qızlarla yığışardılar. Yemək yeyər, rəqs edər, hətta maraqlı oyunlar da oynayırdılar. Çox şən keçən bu “qızlar bayramı”nı hamı səbirsizliklə gözləyirdi. Baxmayraq ki, görüşləri günortadan sonra idi, Aylin qalxıb indidən hazırlaşmaq istəyirdi. Bu gün Gülnarə xala da olmayacaqdı. İki günlük icazə almışdı. Mətbəxə enərək çaydanı su ilə doldurub qazın üstünə qoydu. Çayın qaynamasını gözləyərkən telefonda yazılan mesajlara cavab verirdi. Çay qaynadıqdan sonra çayını dəmlədi və özünə çay süzərək yerini salondakı kresloda aldı. Özünü kreslonun ağuşuna sərələyib telefonda qurdalanmağa davam etdi. İnstaqram hesabına gələn bildirişlərə baxaraq çayını qurtumlayarkən təsadüfən rastına Sara və Səlimin birgə çəkdikləri şəkil çıxdı. Paylaşanın adı Sara Həsənova idi. Şəkli yaxınlaşdıraraq bir daha nəzər saldı. Qısqanmağa heç bir haqqı olmadığı təqdirdə Səlimi qısqanmışdı. Cəld hesabdan çıxdı. Səlimi başqa biri ilə görməyə dözə bilmirdi. Ürəyi partlayırdı. Amma ürəyi dözmədi və yenidən instaqram hesabına girib Saranın hesabında olan digər şəkillərə də baxdı. Tarixə nəzər salanda anladı ki, Aylin və Səlim evləndikdən sonra Sara Səlimlə birgə şəkil paylaşmamışdı. Rastına Səlimin gülümsəyərkən tək çəkdirdiyi şəkli çıxdı. Qeyri-ixtiyarı o da gülümsədi. Sonra yenə Sara ilə olan şəkil çıxdı rastına və üzü yenidən tutqunlaşdı. Daha sonra marağına məğlub olaraq Səlimin hesabını axtardı. Ər-arvad olsalar da, heç bir-birini izləmirdilər. Hətta, Aylin Səlimin instaqram hesabında adının necə olduğunu belə bilmirdi.  Saranın hesabında Səlimin hesabını axtarmağa başladı və buna nail oldu. Hesabda ilk rastına çıxan status fikirlərini əsir aldı. “Sevginin var olduğuna şübhəm yoxdur. O sadəcə bir dəfə gələr və səni ya məhv edər, ya dəli edər”. Bir anlıq Səlim haqqında elə də çox şey bilmədiyini xatırladı. Düzdür, müəyyən şeyləri qaynanası ona demişdi, amma Səlimə elə də bələd deyildi. Onu tanımaq istəsə də, Səlim araya dəmirdən divarlar hörürdü. Buz kimi olan bu dəmirlərə toxunmaq belə olmurdu, nəinki o dəmirləri keçmək. Telefona baxanda Saatın 8-dən keçmiş olması Aylini təəccübləndirdi. “Səlim nə əcəb durmayıb bəs? İşə getmək üçün artıq durmalı idi axı”. Aylin narahat olmağa başladı. Gedib Səlimin otağının qapısını döyməmək üçün özünü güclə saxladı. “Bəlkə, nəsə olub”, - deyə düşündü. Bunu düşünməsi ilə özünü Səlimin otağının qapısının önündə tapması bir neçə dəqiqə çəkdi. “Sadəcə yaxşı olub – olmadığını soruşacaqsan. Cəsarətli ol. Əşi, nə olar, olar”,-deyib qapını döydü. Otaqdan səs gəlmədiyi üçün qapını bir daha döydü.
-Səlim oradasan? Səlim! Girirəm ha!
Aylin qapını açıb otağa daxil oldu. Səlim hələ də mışıl-mışıl yatmaqla məşğul idi. Asta-asta Səlimə tərəf gəlib onun yaxınlığında durdu. Səlimi oyatmaq istəsə də, sonra fikrindən daşındı. “İndi heç onun acı sözlərini eşidəcək halda deyiləm “—deyərək çıxmaq istədi. Bu vaxt ayağı dolaba dəyib səs çıxardığı üçün Səlim astaca gözlərini açdı və çevirildi. Gözlərinin içi qıpqırmızı idi. Səlimin danışmasını gözləmədən özünü müdafiə etməyə çalışdı. Bu sadəcə Səlimin kobud cavabından qorunmaq üçün bir reaksiya idi. Aylin Səlimin ona acıqlanacağını gözləsə də, Səlim öz sakitliyini qorudu:
-Mən səni oyatmaq üçün gəlmişdim.
-Yaxşı etmisən,-deyərək gözlərini yenə də yumdu.
-Səlim yaxşısan? -deyib daha da Səlimin yanına yaxınlaşdı.
Səsi tutqun halda,- yaxşıyam,- dedi.
-İşə getmirsən?
-Yox. Bəlkə, bir azdan gedərəm.
-Niyə ki? – təlaşla soruşdu.
-Heç nə, bir az yuxum gəlir,-üzünü Aylinə tərəf çevirdi.
Aylin əlini Səlimin alnına toxundurdu.
-İlahi, Səlim, sənin qızdırman var ki. Yanırsan sən.
-Yox, yaxşıyam.
-Dayan bir görək. Nə yaxşı?
-Şişirtmə. Doğrudan da...
-Səlim, sənin paltarın da yaş olub. Çox tərləmisən. Dur ayağa, dəyişək əynini, - dedi və dolabı açıb Səlimin pijamalarından çıxarıb çarpayının üstünə qoydu. Sonra Səlimə köynəyini çıxarmağa kömək etdi. Səlim Aylinə heyranlıqla baxarkən Aylin Səlimə körpə uşaq kimi davranırdı. Bu görkəmdə Aylin Səlimə daha doğma görünürdü. Aylin Səlimə köynəyi geyinməsinə kömək etdikdən sonra ayağa qalxdı.
-Uzan indi,-deyərək Səlimin üstünü örtdü,-mən aşağı düşüm, sonra gələcəyəm. Sən durma yerindən,-deyərək barmaq silkələdi və cəld aşağı düşdü.
      Aylin mətbəxə düşüb Səlimə şorba bişirməyə başladı.  Sevdiyi kişiyə yemək hazırlamaq onun xoşuna gəlmişdi. Yemək hazır olduqdan sonra Səlim üçün qaba çəkdi və sevinclə Səlimin otağına tərəf yönəldi. Qapını döymədən açıb içəri girəndə Səlim gözlərini yummuşdu. Qapının səsinə gözlərini açdı.
-Dur bu supu ye, Səlim,-deyərək sinini Səlimin önünə yerləşdirdi.
-Niyə əziyyət çəkirdin, Aylin,-deyərək pərt baxışlarını Aylinə çevirdi.
-Yox. Nə danışırsan? Nə əziyyət? Cəld yeməyini ye. Gülnarə xala kimi bişirə bilməsəm də, pis deyil,-dedi və gülümsədi.
-Sən bişirdin???- həqiqi təəccüblə Aylinə baxdı.
-Hə. İki gün olan deyil Gülnarə xala. Ona görə də mən hazırladım, - dedi və Səlimin şorbanı yeməsini gözlədi.
-Zəhərlənmərəm, görəsən, -deyərək Səlim saxta qorxu ilə Aylinə baxdı.
-Sağ ol da. Mən əziyyət çəkib sənin üçün yemək bişirim. Sən isə bəyənmə. Yemə onda, - deyib boşqabı Səlimin önündən çəkəndə Səlim Aylinin əlindəki boşqabı saxladı. Bu an əllərinin təması ilə baxışları qarşılaşdı.
-Zarafat edirəm. Görüm, necə bişirirsən? Mənə özəl bişirmisən, necə də olmasa. Əziyyət çəkmisən,– deyərək əlini Aylinin əlindən çəkdi.
-Yaxşı, ye. Dua et ki, xəstəsən. Yoxsa məni ələ saldığın üçün başına oyun açardım.
Aylin səbirsizliklə Səlimin onun yeməyinə verəcəyi qiyməti gözləyirdi. Səlim gülümsəyərək yeməyin dadına baxdı və üzündə xoş bir məmnuniyyət yarandı.
-Hm. Doğrudan da, dadı gözəldir.
Aylin gülümsəyərək :
-Doğrudan, deyirsən? – dedi.
-Hə, çox ləzzətlidir, - dedi və yeməyini iştahı olmasa da, Aylinin sevincinə səbəb olmaq üçün  yeyib bitirdi.
-Çox sağ ol, həkim xanım,-deyərək Aylinə gülümsədi. Aylin hər dəfə Səlim ona gülümsəyəndə bu təbəssümün içində itib batırdı. Nəsə deməyə çətinlik çəkirdi. Ürəyinin ritmini dəyişən bu kişi  hər dəfə ona gülümsəyəndə ona özü də bilmədən dünyaları bəxş edirdi. Bir ömür sadəcə beləcə Aylin üçün gülümsəsə, ona bəs idi.
-Nuş olsun.

Aylin qabı da alıb çıxanda Səlim məmnuniyyət dolu baxışları ilə Aylini müşayiət edirdi. Baxışları bir-birindən qopmaq istəməsə də, ağılları “O sənə aid deyil. Qabağına dön” deyə əmr edirdi.
-Uzan, dincəl sən. Mən gəlirəm,-deyərək otaqdan çıxdı. Mətbəxə keçib nanə ilə almanı qaynatdıqdan sonra içində limon da sıxıb birbaşa Səlimin otağına çıxdı. Qapını döyüb, Səlimin icazəsini alıb içəri daxil oldu . Səlim uzanmışdı.
-Səlim qalx, bunu iç, hələlik. Sonra sənə dərman da verəcəyəm.
-Bu nədir ki?-deyib stəkanı Aylindən aldı.
-İç , bilərsən,-deyib hökmlə baxdı.
Səlim ondan bir qurtum alan kimi üzünü turşutdu.
-Aylin, bu çox turşdur, -deyərək fincanı yerə qoydu.
-Olsun. İçməlisən. Bəyzadəmizin xoşuna gəlsə də, gəlməsə də, məcburdur. Çox faydalıdır, - fincanı məcbur Səlimin əlinə dürtüşdürdü.
-Axı mən turş sevmirəm.
-Özünü soyuğa vermədən öncə düşünəydin. Allah bilir, dünən harada soyuğa vermisən özünü ,-deyərək sınayıcı baxışlarını Səlimin simasında dolandırdı.
-Sahildə gəzdim bir az.
-Nə məcbur idi axı o çiskində sahildə dolaşırdın.
-Fikrim qarışıq idi. Gəzməyə ehtiyacım var idi.
-Mənimlə bölüşə bilərsən fikirlərini. Mən səni dinləyərəm.
Səlim sadəcə Aylinə baxaraq gülümsədi. Axı onun düşündüyü elə Aylin idi. Onunla bunu necə bölüşsün? Gözünü Aylindən çəkib əlindəkindən bir qurtum alıb üzünü haldan -hala saldı:
-Aylin, içə bilmirəm axı.
-Səlim, elə bil uşaqsan. Tez elə, onu iç, - sözünü elə hökmlə demişdi ki, Səlim az daha onu birnəfəsə içdi. İçərkən üzünün aldığı şəkil  Aylinin üzünü güldürmüşdü.
-Afərin, mister turşumuş sifət.
-Mister qaraqabaq harda qaldı? İndi turşumuş sifət oldum,-deyib güldü və stəkanı Aylinə verdi,-məmnun qaldınız, sinyora ?
-Hələ ki, hə. İndi isə uzan və yat. Mən isə aptekə gedirəm. Qalxma yerindən. Eşitdin?-dedi və qaşlarını çatıb Səlimə baxdı. Barmağını qaldırıb silkələdi.
-Yaxşı, xanım.
-Afərin.
Aylin çıxandan sonra Səlim uzandı.
Aylin isə bayıra çıxan kimi telefonuna gələn zəngə cavab verdi.
-Nigarım, salam.
-Aylin, canım, necəsən?
       Səlim yatmaq istəsə də, susuzluq güc gəldiyi üçün aşağı düşürdü.
-Mən yaxşıyam. Amma Səlim yaxşı deyil, xəstələnib. Ürəyim gəlmədi onu bu cür qoyub gəlməyə. Bu dəfə mənsiz idarə edin.
-Aylin, mən də gedə bilən deyiləm. Bu gün Əli gəlir.
-Doğrudan? Onda sən bu gün, yəqin ki, onunlasan.
-Hə, bir azdan onu qarşılamaq üçün hava limanına gedəcəyəm. Mən gərək hazırlaşım, əzizim. Mən də sənə gələ bilməyəcəyimi demək üçün zəng etmişdim elə.
-Oldu ,canım. Mən qızlara qrupda yazıb ikimizin də gələ bilməyəcəyimizi deyərəm.
-Oldu, Aylinim. Hələlik. İmkan olsa ,axşam danışarıq.
-Yaxşı, Canım mənim, hələlik.
Telefonla danışığını bitirib geri çevriləndə Səlimi arxasında görüb diksindi:
-Ah, Səlim... Bu arxadan səssiz gəlmələr səndə bir vərdiş halını alıb deyəsən. Ürəyim düşdü.
-Bağışla, qorxutmaq istəmədim. Sən də hər şeydən qorxursan.
-Nə edim. Səni yuxarıda bilirdim axı. Sən isə ruh kimi arxamda dolaşırsan. Doğrudan, sən niyə yatmırsan? Niyə buradasan?- üzünə əsəbi görünüş verdi.
-Susadım. Ona görə düşdüm.
-Mən sənə ilıq su hazırlamışam. Elə onu gətirəcəkdim,-deyərək mətbəxdən suyu götürüb Səlimə gətirdi.
-Hər şeyi də düşünürsünüz , həkim xanım,-deyə mənalı baxışlarını Aylinin üzündə gəzdirdi.
-Sən mənim xəstəmsən axı.
-Sən haradan bilirsən?-dedi və dediyinin mənasını yeni dərk etdi. Aylinin dediyini yanlış anlamışdı.
-Necə ki haradan bilirəm? Xəstəsən də.
-Sən məni boşla. Nə danışdığımı da bilmirəm. Mən sənin xəstənəm. Orası düzdür,-dedi. Xəstə sözünü xüsusi əda ilə işlətdi. Amma Aylin bunun fərqinə varmadı.
-Mən gedim, sənə dərman alım. Sənin qızdırman var. Tərslikdən evdə hər dərman var. Qızdırma dərmanı yoxdur.
-Dərmana ehtiyac yoxdur. Mən yaxşıyam.
-Səlim, inadının yeri yoxdur. Görürəm ki, yaxşı deyilsən.
-Sən harasa gedəcəkdin, hə? Mənə görə qalma.
-Səlim, bədir, danışdın. Sən nə qədər danışırsan? Deyəsən, xəstə olanda boşboğaz olursan axı. Get uzan yat, - dedi və üst geyimini geyinib çölə çıxdı. Qapıdan çıxarkən barmaq silkələyərək :
-Mən qayıdanda səni yatağında yatan görüm,-dedi.
-Baş üstə,-deyib Səlim əlini əskərlər kimi başına yaxınlaşdırdı.
Qapıdan çıxan anda ağlına maşınının olmadığı gəldi və geri çevrildi.
-Səlim, mənim maşınım təmirdədir. Tural maraqlanmalı idi. Amma ondan xəbər çıxmayıb hələ. Səninkini götürsəm, olar?-deyərək sevimli bir ifadə verdi üzünə..
-Hə, əlbəttə,olar. Mənim maşınım səni gəzdirməkdən fərəh hissi duyar,-dedi və yazı masasının üstündə duran açarları Aylinə verdi.
-Oldu. Sən get, yat. Tez qayıdacağam. Halsız vəziyyətdə gəzmə,-deyərək qapıdan çıxdı. Aylin çıxdıqdan sonra Səlimin üzündə təbəssüm dolaşdı. Aylinin öz işini qoyub Səlimin yanında qalması onun xoşuna gəlmişdi. "Məni bu vəziyyətdə qoyub getməyə ürəyi gəlmirmiş,- deyib özünü divana sərələdi, - sonra əllərini başının altına qoyaraq gözlərini tavana zillədi,- sənin o ürəyinə qurban."
Aylin aptekdən dərmanları alıb çıxarkən maşına minərkən kimsə onun adını çağırdı. Çevriləndə qarşısında  Saranı görüb özünü itirdi. Kimi olsa da, burada Saranı görməyi gözləmirdi.
-Sara????
-Niyə təəccüblənirsən?-deyərək daha da yaxına gəldi və Səlimin maşınını göstərərək ,-nədir ,indi də maşını ələ keçirmisən?-dedi.
-Nə danışırsan sən, Sara? Dəli olmusan?
-Səlimi öz tərəfinə çəkmisən, hə? Onu əlimdən almaqda məqsədin nədir?  Pul deyəsən sənin üçün hər şeydir.
-Kəs səsini...-deyib Aylin Saraya səsini yüksəltdi. Sonra ətrafa baxdı, diqqət çəkməmək üçün asta səslə,- nə danışdığına fikir ver. Mənim kiminsə pulunda gözüm yoxdur,-dedi.
-Səlimdən əl çək, Aylin. Yoxsa heç yaxşı şeylər olmaz ,-deyərək əsəbi baxışlarını Aylinə zillədi.
-Sən məni təhdid edirsən?-deyərək əsəbi şəkildə gülümsədi,-Sara, deyəsən, oradan baxanda mən çox üzüyola və axmaq görünürəm. Amma məni tanımırsan. Həddini bil. Mən heç kimi heç kimin əlindən almamışam. Amma özünü belə aparsan, həyatında Səlim deyə biri qalmayacaq. Çünki əlindən alaram...-son cümləni Saranın qulağına tərəf əyilib pıçıldadı və özündən əmin şəkildə maşına minib oradan uzaqlaşdı. Əsəbindən dodaqaltı deyindi.
-Bunun mənə dediyinə bir bax. Puluna görə evlənmişəmmiş. Axmaqdır, nədir bu?
    Dilindən çıxan “Səlimi səndən alaram” sözünə görə özünü o ki var, danladı. Axı belə sözü necə dedi? Sara onun damarına basmasaydı, belə bir söz deməzdi.
Aylin dərmanları alıb gələndə Səlim yatırdı. Əlini astaca onun alnına vurdu. Hərarəti olduqca yüksək idi.

***

Nigar və Əli Universitet vaxtından tanış idilər. Əlinin atası imkanlı kişi idi. Əli də “atasının hesabına adam olanlar” dan idi. Nigar Universitetin ikinci kursunda olanda Əli onun dalınca düşüb eşqini elan edirdi. Nigar istəmir, Əlini rədd edirdi. Əli isə nəinki əl çəkirdi, əksinə daha da yapışqan olurdu. Nigarın qəlbini ələ almaq üçün çox səy göstərmişdi. Nəhayət, bir gün gəldi və Əli Nigarın qəlbinin açarını almağı bacardı və ora daxil oldu. Artıq onlar sevgili idilər. Əli ilk öncələr Nigarla tez-tez gəzməyə çıxırdı. Bir neçə dəfə öz evinə də dəvət etmişdi. Amma Nigar bunu qətiyyətlə rədd etmişdi. Tənhalıq tapan kimi Əli Nigarı öpməyə cəhd göstərir və Nigarın etiraz etməsi onların arasında soyuq yellər əsməsinə səbəb olurdu. “Sən lap nuh əyyamından qalmasan”, - Əli Nigara deyirdi. “Onsuz da, evlənəcəyik də. O vaxta kimi səbirli ol da. Belə düzgün deyil axı”,-deyib Nigar əsəbiləşirdi. Son dəfə də mübahisə etdikdən sonra Əli İngiltərəyə getmişdi. Bəhanəsi də iş olmuşdu. Uzun müddət orada qalmışdı. Arada bir neçə günlük gəlir və yenidən qayıdırdı . Nigar indi  də Əlini qarşılamaq üçün gəlmişdi. Hava limanında Nigarı görəcək Əli onu sevinclə qucaqladı.
-Məni qarşılayacağını deməmişdin axı.
-Sürpriz eləmək istədim, - dedi və gülümsədi.
-Əla sürpriz oldu.
Əli Nigarın alnından öpdü. Sonra bir az şəhəri gəzdikdən sonra yemək yemək üçün bir restorana gəldilər. İçəri girib masada oturduqdan sonra Nigarın gözü yan masada oturan Samirə sataşdı. Özünü o yerə qoymadı və üzünü çevirdi. Samir hələ Nigarı görmürdü. Qarşısında oturan bir nəfər ilə hərarətlə söhbət edirdi. Əliyə zəng gəlməyi ilə masadan qalxdı. Əli masadan qalxanda yenə də Nigarın baxışları yan masaya zilləndi. Söhbət əsnasında sola baxan Samir Nigarı gördü. Üzündə qeyri- ixtiyarı təbəssüm oyandı. Oturduğu yerdən qalxıb Nigara yaxınlaşdı. Nigar ürəyində :”Bircə bura gəlməsin”, - deyirdi. Və budur, Samir sevinclə Nigara yaxınlaşdı.
-Salam, Nigar xanım,-sevincindən ağzı az daha qulaqlarına çatırdı. Yenidən bir-birinə xanım və bəy deyə xitab etməyə başlamışdılar.
-Salam, Samir bəy,-Nigar narahat oldu. Əlinin gəlib Samiri görməsini istəmirdi. Yanlış anlaya bilərdi axı.
-Sən nə əcəb buradasan?
Nigar ağzını açmaq istəyəndə Əlinin səsini eşitdi. Samir onu tanımışdı. Bilirdi ki, Nigarın sevgilisidir.
-Sizə nuş olsun Nigar xanım, - deyib ayaqyolu tərəfə getdi.
O gedəndən sonra Əli onun arxasından baxıb :
-Sən onu haradan tanıyırsan?-dedi.
-Aylinin yoldaşının dostudur. Onun təşkil etdiyi şənlikdə olmuşam. Oradan tanıyıram. Yadında deyil ki, sən də onu görmüşdün.
-Hə, yadıma düşdü. İndi nə istəyirdi bəs?-dedi kobudluqla.
-Heç nə, sadəcə salam verdi.
-Hə. Heç xoşuma gəlmədi mənim o oğlan.
-Niyə ki? Pis adam deyil.
-Bu haqda danışmayaq, məncə. Görünüşü ilk başdan adama güvən vermir. Mən belələrini yaxşı tanıyıram,-dedi
Nigar isə özlüyündə Samirin heç də pis insan olmadığı qənaətində idi.
Bir az daha oturub danışdıqdan sonra Əlinin başqa bir işi olduğu üçün Nigar evə gəldi. “Ah, Samir. Bəllidir ki, məni sevir. Necə də yanlış adama aşiq oldun”, - deyərək özünü divana atdı və ah çəkdi.

***

Aylin bütün gününü Səlimə qulluq edərək keçirdi. Səlimə dərman verdikdən sonra  vəziyyəti yaxşılaşırdı. İndi də yatırdı. Artıq gecə idi. Aylin yatmadan öncə Səlimi yoxlamağa gəldi. Hərarətinə baxdı. Hərarəti yox idi. Bir müddət Səlimə baxdı. Yadına Sara ilə olan danışığı düşdü. Əsəbiləşdi. Dediyi sözün Səlimə çatmasını istəmirdi. Amma Sara birdən Aylinin sözlərini bəzəyib Səlimə çatdırsa, onda necə? Bunları düşünərək otaqdan səssizcə çıxdı. Gecə də bir neçə dəfə gəlib Səlimi yoxladı. Səhər qapını döyüb içəri girəndə artıq Səlim yerindən qalxmış, geyinmişdi. Aylin çay gətirdiyi sinini qoyub:
-Səlim, sən nə edirsən?-dedi.
-İşə gedirəm, - təəccüblə cavab verdi.
-Nə?! Dəli olmusan?! Hələ tam sağalmamısan. Bu gün də dincəl. Sabah gedərsən,-deyib Səlimin kostyumunu çıxarmağa çalışdı.
-Mən yaxşıyam, Aylin.
-Səlim, sən, doğrudan da, uşaq kimisən,-mahiyyətinə varmadan,-evlənəcəyin qadının kefi var ki sənin kimi uşaqla,-dedi və nə dediyinin fərqinə vararaq utandı. Yanaqları qızardı. Bir -birinə baxdılar.
-Sənin onda kefin var ki mənimlə,- sevgi və heyranlıq saçan baxışlarını Aylinin gözlərinə zillədi.
-Nə?- Aylin özünü itirib nə deyəcəyini bilmədi.
-Lap elə pis ər olaram?
-Mən elə demək istəmirdim. Sən çox yaxşı ər olacaqsan,-dedi sevgi dolu baxışlarla.
Gözlərini çəkib saçını qulağının arxasına keçirərək:
-Nə isə. Mən aşağı düşürəm. Sən dincəl. Yaxşılaş, ondan sonra gedərsən işə. İş qaçmır ,-dedi və otaqdan çıxdı.
Qapını örtüb özünü danladı:
-Ah, Aylin. Ağzına gələni dedin,- başını bulayaraq aşağı düşdü.
Səlim artıq yatmaqdan sıxıldığı üçün aşağı düşüb bir az televizora baxmaq qərarına gəldi. Aylin mətbəxdə idi. Yenə də nəsə bişirirdi. Səlim xəstələnəndən lap şef aşpaz olmuşdu. Səlim gəlib divanda oturdu. Televizoru yandıranda səsinə Aylin gəldi :
-Aa, Səlim, niyə durdun? Niyə istirahət etmirsən?
-Sıxılıram yatmaqdan. Bir az televizora baxmaq istəyirəm. Televizora baxmaq da istirahət etməkdir də.
-Hə, yaxşı, otur, bax.
-Nə iş görürsən? Gəl birlikdə baxaq, - deyə təklif etdi.
-Doğrudan?
-Hə, yaxşı olar. Maraqlı bir film seçib baxaq. Bəlkə, komediyaya baxaq.
-Hə, olar. Gözlə, onda, mən indi gəlirəm. Əlimdə iş var. Bitirib gəlirəm.
-Yaxşı, Sən işini gör. Mən də film seçim.
Aylin mətbəxdəki bulaşıq qabları yuduqdan sonra yemək üçün çərəzlərdən bir qaba doldurdu. Sonra dükandan aldığı meyvə şirəsini və iki stəkan götürüb siniyə qoydu. Daha sonra salona daxil olub əlindəkiləri stola qoydu və yerini Səlimin yanında rahatladı.
-Çərəzimiz də hazır imiş. Əla. Mən də film seçdim,-deyib pultu götürdü,-Otur. Başladıram.
İkisi də divanda əyləşib filmi izləməyə başladılar.
-A, bu ki hind filmidir,-Aylin sevincək dedi.
-Sən sevmirsən ki hind filmlərini? Mən sevərsən deyə qoydum, - guya Aylinin səsindəki sevinci eşitməmişdi.
-Yox, çox sevirəm hind filmlərini. Özü də Şahrux Xanın kinosudur,- dedi Aylin və divanda yerini daha da rahat edərək, ayaqlarını bardaş quraraq oturdu. Film boyu ikisi də bəs deyincəyə qədər güldülər. Telefonlarına gələn zəngləri belə səssizə aldılar, açmadılar. Filmin təsirimi idi, yoxsa başqa bir şeymi idi onlara bunu etdirən? Hər şeydən uzaqlaşıb sadəcə bu anın dadını çıxarmaq istəyirdilər. Sadəcə həmin anın.
Filmin sonunda yekəpər bir gədə baş roldakı cılız oğlanı sevgilisinin gözləri önündə  yaxşıca əzişdirdi. Sevgililəri ayırmağa çalışan bu zalım qüvvələrə qarğış yağdıran Aylin ağlamağa başlayanda Səlim Aylinin ağladığını görüb  bəsdir deyincəyə qədər güldü.
-Sən də yaman sulu göz imişsən ki,-deyərək Səlim  qabağında olan çərəzlərdən birini Aylinə atdı.
-Nə edirsən? İmkan ver baxım,-Aylin gülməli bir əsəbi tonla Səlimə çəmkirdi.
Səlim dinc dayanmır, yenə ona çərəz atırdı. Bir, iki və bir neçə dənə atanda artıq Səlim  Aylinin fikrini dağıtmağa nail olmuşdu. Aylin də onu çərəz yağışına tutmağa başladı. Çərəzlər bitəndə yastıqçalarla savaş başladı. Səlim yastıq ilə qüvvətli zərbə endirməyə hazırlaşanda müvazinətini itirdi. Aylin də zərbədən yayınmağa çalışanda arxaya doğru aşdı və anidən Səlimdən yapışmağa çalışanda Səlim də onun üstünə aşdı. İkisi də nə olduğunun fərqinə varmadan isti nəfəslərini sürətlə alıb verəndə gözlərini də bir-birindən çəkə bilmirdilər. Gözlər bir-birinə daha da yaxınlaşanda ürəklərinin döyüntüsü daha da sürətlənirdi. Gözlər bir-birini ovsunlayıb daha da yaxınlaşmaq istəyirdi. Dodaqları bu cazibəyə dayana bilməyib özlərini bir – birinə təslim etmək istəyirdi. Onlar isə bu vəziyyətdən heç narazı deyildilər. Sadəcə bu ana özlərini təslim edib bir-birinin dodaqlarına ehtirasla sarılmaq istəyirdilər.

Qoy ürəyin ürəyimdə döyünsün.
Qoy sevgin də ürəyimdə böyüsün
Dodaqların dodağıma toxunsun.
Ruhumuz da  bir- birinə qovuşsun.(Afət Dəniz)
_____
    11-ci hissənin sonuna da gəldik.  Oxuyan dostlardan xahiş edirəm, vote edib rəy yazasınız. Düşüncələriniz mənim üçün çox qiymətlidir ❤️

Qarşılıqsız sevgiHikayelerin yaşadığı yer. Şimdi keşfedin