Çox yaxşı xatırlayıram o günü. Oktyabr ayının ilk günləri idi. Təzəcə yağış yağmışdı. Hava nəmli və tutqun idi. Günlərin, bəlkə də ayların yorğunluğu var idi üstümdə. Son günlərdə boğazımdakı qəhər daha bir böyümüşdü elə bil. Toxunsalar ağlayacaq haldaydım, qısacası. Bir gecə yarısı ondan gələn mesaj səsinə oyanmışdım. Aylar sonra eyni hisslərlə, eyni sevgiylə mənə qayıdan bir adamdan bəhs edirəm sizə. O adam ki, nə etsəm də ona o böyük sevgisinin qarşılığında verəcək bir şey tapmamışdım. O adam ki, mən gedərkən 'Nə vaxt dönməyi düşünsən, mən burdayam. Çəkinmə, gəl..' demişdi mənə. O gecə yenə bir il əvvələ qayıtmışdıq onunla. Anlamışdım ki, zaman heç nəyi əksiltməyib. Onun sevgisi zərrə qədər azalmayıb. Gülərək xatırlamışdıq keçənləri. Mən zarafatlarla, o biraz ümidlə. 'Bir bilsən' demişdi. 'Bir bilsən, səni necə çox istəyirəm..' Bilməmişdim mən. Onun dəyərini bilməmişdim. İçində olduğum bir qəlbi qırdığımdan yəqin ki, parçaları mənə də batmışdı. Yaralı idim, amma, onun qədər yox. Çox səhv etmişdim. Dəfələrlə incitmişdim onu, bilərək. Qürurunu sındırmışdım. Ona layiq olduğu qiyməti verə bilməmişdim mən. Bir neçə gün belə davam etmişdi, amma, yenə ona boş yerə ümid verdiyimi hiss edirdim. Onu özümdən birdəfəlik uzaqlaşdırmağın tək yolu var idi. Mənə nifrət edəcəkdi. Elə də oldu. Ona həyatımda başqası olduğunu dedim. Çox xoşbəxt olduğumu, onun mənə istədiyim şeyləri verə biləcəyini dedim. Yalan dedim.. Amma, yenə də bir ümid gecəyarısı pəncərəmin qabağında gördüm onu. Sadəcə uzaqdan da olsa səni görüm demişdi. Ona daha alınmayacağını dedim. Gedirəm dedim. 'Get'dedi. 'İnşallah, o da sevər səni, mənim qədər' dedi. Sonra getdi. Sadəcə tək bir sözündən sonra udqunmaq üçün bir neçə saniyə gözlədim. 'Dəyməzmişsən'dedi. 'Sən mənim sevgimə dəyməzmişsən..'
04.10.2016