Taleyin, qismətin bilinməzliyinə təslim etməyək gələcəyimizi. Bu hekayədə, yaşaya bilmədiklərini kağıza həkk edən yazar da, sevinci də, göz yaşını da doyunca dadan qəhrəmanlar da biz olaq. Arada bir dırnaq içində yazılaq, arada altından xətt çəkilən o ən vurucu kəlimə olaq. Mürəkkəb olsun əllərimiz; bərk-bərk tutunaraq bir-birimizdən süzülək sətirlərə. Nöqtələrin ucuna quyruq bağlayaq ki, bitməsin cümlələrimiz. Suallarımıza cavab axtarmayaq, ən möhtəşəm cavab olaq ağlımızda qalan suallara. Əlimi isidən əlini, birdə sol yanımdakı boşluğu dolduran varlığını hiss edim hər yeni sətirdə.
Mövzu kədərdən açılsa doyunca ağlamağı da bacaraq, sevgidən söhbət düşəndə əfsanə olmağı da. Mürəkkəbimiz tükənənə, vərəqlər dolub daşana qədər sona çatmayaq. Əgər bir son olacaqsa, bizə ən yaraşanı yazaq. Biz deyirəm, səninlə nə gözəl yaraşarıq xoşbəxt sonluğa..