Kömür qarası saçlar

27 0 0
                                    

Sözün əsl mənasında səhər alışmış olduğumuz zəngli saatın səsi bəzən qorxunc bir musiqiyə çevrilə bilir və yuxudan dəhşət içində oyanmağına, hətta qaçaraq otaqdan çıxmağına belə. Bugün də günlərdən səhərləri yatmağı çox sevən birinin 6-da otaqdan qaçış günü idi. Oyanmışdı və əlini yenə də buz kəsirdi. Otaqdan qaçaraq çıxıb, küçə qapısını açdı. Arxadan oyaq ailə üzvlərindən kiminsə nəsə dediyini eşitmişdi, amma bunu ayırd edəcək qədər tam dinləməmişdi. Səhərlər erkən oyansan əgər, bədənin sənə naz edəcək və sən onun özünə gəlib isinməsi üçün ya nəyəsə bürünəcək, ya da jaket geyinəcəksən. Hilara bunu unutmuşdu, bəli bədənini, hər şeydən daha çox sevdiyi bədənini. Sirkadian ritmi, bədən temperaturu, hypothalamus və s. indi onun maraq dairəsindən kənar idi. Tək düşündüyü, onu gecə yatmağa qoymayan və səhər oyadan o məktubları tapmaq idi.
Köhnə poçt qutusunun içində bir saralmış və köhnə kitab kimi qoxan məktub var idi. Əlinə alıb dərhal evə qaçdı, qapını örtərkən isə arxasında kiminsə olub olmadığını, küçədə kiminsə onu izləyib izləmədiyini bəlkə üç dəfə yoxladı. Qapını örtüb rahat nəfəs alacaqdı ki içəridən gələn səs onu çox möhkəm ürpərtdi:
-Hilara?
Yerindəcə buz kimi donub qalmışdı. 30 saniyəlik də olsa, anasının səsini tanıya bilməmişdi. Sonra bir az rahatlayıb məktubu gizlətməyə cəhd etdi. Yavaşca üzünü çevirdi. Yuxulu gözlərini hələ də ovuşduran anası təəccüb içində Hilaranın nəyi gizlətdiyini və niyə belə davrandığını anlamağa çalışırdı.
-Hilara? Cavab verəcəksən?
-Ma, sə,sə,sən niyə belə tez?
-Niyə belə əsirsən? Hilara qorxmağa başlayıram.!
-Heç, sadəcə qorxulu yuxu gördüm, yəni bir neçə dəfə. Həə, bir neçə dəfə təkrarlanıb və bu məni neçə müddətdir rahat buraxmır, bayıra çıxıb hava almaq istədim. Bəlkə yuxunun təsirindən çıxa bilərəm deyə.
Anasının nə deyəcəyini dinləmədən dərhal otağa doğru sürətlə addımladı, çünki bundan sonra nəsə uydura biləcək qədər potensialının olmadığı çox yaxşı bilirdi. Anası onu rahat buraxmayacaq kimi arxasından gəlirdi:
-Hava almaq 2 dəqiqə çəkir? Arxanda nəyi gizlətmişdin?
Yolda fikrini dərhal dəyişib, vanna otağına döndü və arxadan qapını kilidlədi. Anası qapını döyməklə məşğul ikən məktubu və suyu eyni anda açdı ki, səs yaranmasın.
-Ma bilirsən ki, soyuğa dözmürəm, həm bayıra çıxanda fərqinə vardım ki, qorxudan çox pis tərləmişəm, üstəlik üstümə heç nə də götürməmişəm. İsti bir duş alıb yenidən özümə gəlib təkrar gedəcəm, narahat olma.
-Arxanda nə gizlətmişdin bəs?
-Dünən gələrkən yerə düşüb, mənim notlarımdan biri idi. Qeydlərim yəni
-Hansı qeydlər? Nə gizlədirsən?! Düzgün danış!
-Özümdə deyiləm, yuxularım zatən məni key edib, bu qədər sual verib cinayətkarmışam kimi davranmağını sevmirəm! İcazənlə duş alacam.
Anasının səsi uzaqlaşana oxşayırdı. Budur məktub. Ürpərdici kağız, heç də xoşbəxtlik qoxmayan məktub. Sevgilidən xəbər vermirdi. Uzun müddətdir yol gözləyən birinə şad xəbər də vermirdi. Bu daha çox hələ texnologiyalar inkişaf etməzdən öncə övladını gözləyən anaya ölüm xəbəri verən məktub idi. Bu daha çox yarına ayrılıq, ya da başqa biri ilə toyunun dəvətnaməsi kimi idi. Hüzn qoxurdu, kədər, qəm...

Yarı kövrəlmiş şəkildə məktubun içinə baxırdı, burnunun ucu göynəyirdi və boğazı yığılmışdı. Məktubun içində isə daha dəhşətli detal onu gözləyirdi. Qara kəsik saçlar... Zil qara saçlar...Və bir də kağız. Fəqət Hilara kağızı oxumaq əvəzinə məktubu əlindən salıb qorxu içində bir neçə dəqiqə divara sıxılıb qaldı. Sonra əlini dəlirmişcəsinə qaynar suyun altına salıb dəfələrlə sabunladı.
-Bu kimin saçı idi? Bu manyak hardan çıxıb? O, məndən nə istəyir? Polisə xəbər etməliyəm. Dərhal. Dərhal polisə zəng etməliyəm. ( qapıya doğru addımlayıb dayandı) Evdəkiləri necə qoruyacam? Kimisə öldürüb görəsən? Polisə desəm ya dediyini etsə necə? Keçən dəfə də saçlardan danışırdı.
Bu suallar beynində dönərkən iyrənsə də, məktubu yerdən alıb, çirkli paltarlar olan qutunun üzərinə qoydu. İçindəki digər kağız parçasını çıxarıb oxumağa başladı...

.... Gözəlim, daha da maraqlı olmağa başlayır hə?
Mən sözlərimi həmişə tuturam.....Bilmirsən yoxsa?
2001/2/40 İtaliya

Bu rəqəmlər nəyə işarət edirdi? Nə idi axı bu lənətə gəlmiş tarix. Bir günə işarət idisə də əgər, qırx nə idi?
İtaliyə ilə nə əlaqəsi var.... Hilara vərəqi çevirdi.

" Balaca Hilara və onun sevimli məkanı"
"gizlənmə Hilara, çıx ordan"
" Ayağının altında qalan o torpaq sənə deyir?"
"Tik-tok, tik-tok vaxtın gedir"

"Ah, unudurdum...Bir də, Gözəlim... Bu gecə dərmanları içməyi unutma...."

Bu mesajdan sonra sadəcə donub qaldı. Demək ki, o, bu məktubu səhər götürəcəyini bilirdi. Dərmanı içmədiyini də. Demək ki, o gecə onu izləmişdi. Qaçaraq vanna otağından çıxıb yataq otağına girdi. Pəncərələri yoxladı, pərdələri çəkdi. Bütün bunları kiminsə izlədiyinin fərqinə varanda çox gec idi. Arxaya qorxaraq çevrildi. Qapının tam ortasında dayanmışdı. Anası gözünü zilləyib qızına baxırdı.
-M,m,ma?
Addımlar yavaş-yavaş yaxınlaşdıqca, Hilara nəsə uydurmağa çalışırdı. Yerə, sağa sola baxırdı. Anası tam qarşısında dayanıb, onu möhkəmcə qucaqladı. Hilaranın gözləri isə yatağın üstünə tələsərək atdığı məktubda qalmışdı.
-Səni, mənim balaca, qorxaq və kövrək qızımı bu qədər təlaşa salan nədirsə, səni bu qədər incidən nədirsə, bunu məndən gizlətmə. Sənin əzab çəkməyinə dözə bilmərəm, gözümün önündə bu qədər qorxu ilə ora-bura qaçmağın mənim qəlbimi nə qədər ağrıdır bilirsən?? Səni itirməkdən qorxuram, həm də çox.

Səsində həm təlaş, həm də kövrəklik vardı. Səsi əsmək istəyirdi ki, son anda bunun qarşısını aldı. Və yenidən özünü toparlayıb:
- Çayı dəmlədim, həm indi sevdiyin pankekləri də düzəldirəm. Özünə gəl, mələyim. Səni gözləyəcəm.

Son anda alnına qondurduğu o öpüş o qədər ruhlandırıcı və cəsarətverici idi ki, sanki o an Hilara hər şeyi qarşısına ala bilərdi.

Məktublardakı fısıltıHikayelerin yaşadığı yer. Şimdi keşfedin